Şrift:
ABŞ-da yaşayan azərbaycanlı və türk iş adamlarının görüşü olub
11.07.2019 [10:16] - Diaspor
ABŞ-Azərbaycan Ticarət Palatası, Türkiyə Respublikası və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliklərinin birgə təşkilatçılığı ilə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən mənzil-qərargahında ABŞ-da yaşayan azərbaycanlı və türk iş adamlarının görüşü keçirilib.

Görüşün keçirilməsinin əsas məqsədi ABŞ-da yaşayan iki icmanın biznes nümayəndələrinin qarşılıqlı əlaqələrinin təşviq edilməsi və gələcək birgə layihələr üçün zəminin yaradılması olub.

Tədbirdə paytaxt Vaşinqtonda, Virciniya və Merilənd ştatlarında, Nyu-York və Çikaqo şəhərlərində fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Görüşdə çıxış edən palatanın icraçı direktoru Natiq Baxışov bu kimi tədbirlərin iki icmanın biznes nümayəndələrinin bir araya gəlmələri üçün önəmli olduğunu vurğulayıb.

Türkiyə səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Mustafa Koca bu tədbirin davamlı şəkildə keçirilməsinin əhəmiyyətindən danışıb. O, iki icma nümayəndələrinin bir araya gələrək daha böyük layihələrə imza ata biləcəyini söyləyib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Orxan Zeynalov türk və azərbaycanlı iş adamlarının bu kimi görüşlərinin gələcək əməkdaşlıqlar üçün güclü əsas yaratdığını bildirib.

Gələcəkdə iki icmanın biznes nümayəndələri arasında ünsiyyəti və birgə fəaliyyəti təşviq edən belə görüşlərin mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.



Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 759 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed