Şrift:
Qarabağ bölgəsində yeni arxeoloji abidələr aşkar edilib
15.07.2019 [10:24] - Gündəm, DAVAMın yazıları
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qarabağ neolit-eneolit ekspedisiyası" 2019-cu il çöl-tədqiqat planına əsasən may - iyun aylarında, Aran Qarabağ ərazisində arxeoloji tədqiqat işləri aparmışdır. 2019-cü ildə arxeoloji kəşfiyyat işləri əsasən Bərdə və Füzuli rayonları ərazisində gerçəkləşmiş, Ağdam rayonu ərazisində yerləşən bir çox abidədə isə monitorinq işləri aparılmış, onların mühafizə vəziyyəti yoxlanılmışdır. Sultanbud meşəsi bütünlüklə arxeoloji kəşfiyyata cəlb olunmuş, müxtəlif dövrlərə aid arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilmişdir.

Xaçınçay-Tərtərçay vadisində aşkar edilmiş neolit dövrü abidələrində arxeoloji kəşfiyyat qazıntılarının aparılması bu il də davam etdirilmişdir. Belə ki, bu tədqiqat mövsümündə 3 saylı Əmirli neolit dövrü yaşayış məskənində arxeoloji qazıntı işləri aparılmışdır.

"Qarabağ neolit-eneolit ekspedisiyası"nın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Xəqani Alməmmədovun bildirdiyinə görə, qazıntılar nəticəsində 3 saylı Əmirli abidəsində neolit dövrünə aid mədəni təbəqənin qalınlığının təxminən 2 m olduğu müəyyənləşdirildi. Memarlıq nümunələri dairəvi və oval plan quruluşa malik, samansız çiy kərpiclə inşa edilmiş yarımqazma və yerüstü tikililərdir.

Abidədə multidisiplinar tədqiqatların aparılmasına da başlanılmışdır. Qədim yaşayış məskəninin mövcud olduğu dövrdə baş vermiş iqlim dəyişkənliyi və bu prosesin insanların həyat tərzinə necə təsir etdiyi haqqında dəqiq ümumiləşdirmələr aparmaq üçün müxtəlif dərinliklərdən torpaq nümunələri götürülmüşdür. Həmin nümunələr əsasında AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya və Geologiya və Geofizika İnstitutlarının müvafiq laboratoriyalarında paleonoloji analizlər aparılacaqdır.

3 saylı Əmirli yaşayış yerinin mövcud olduğu xronoloji çərçivənin müəyyənləşdirilməsi istiqamətində də tədqiqatlar aparılır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) kiçik elmi işçisi, "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun üzvü Aybəniz Əhədova qazıntılarda iştirak edərək nümunələr götürmüş və nümunələrin götürüldüyü nöqtələrdə radiasiya fonunu ölçmüşdür. Qeyd edək ki, götürülmüş nümunələrin Termolüminessensiya və Elektron Paramaqnit Rezonans metodlarının tətbiqilə müvafiq analizlər aparılaraq onların şərti yaşları təyin olunacaqdır.

3 saylı Əmirli yaşayış yeri Qarabağ düzənliyinin şimal hissəsində yerləşir və onun tədqiqatı ümumilikdə, Qarabağ düzənliyində neolit mədəniyyətinin təşəkkülü, bu mədəniyyətin yayılma istiqamətləri və mərhələləri, Qarabağ neolitinin xronoloji çərçivəsinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

“AMEA Rəyasət Heyətinin Qarabağın işğaldan azad edilmiş ərazilərində arxeoloji tədqiqat işlərinin aparılması haqqında 11 iyun 2014–cü il tarixli 12/1 saylı qərarına əsasən, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş ərazilərində də arxeoloji kəşfiyyat işləri aparılmışdır. Qeyd etmək istərdik ki, qeydiyyata alınmış abidələrin əksəriyyəti müharibə səbəbindən böyük dağıntılara məruz qalmışdır. Aparılan kəşfiyyat işləri nəticəsində onlarla müxtəlif dövrlərə aid arxeoloji, tarixi-memarlıq abidəsi qeydiyyata alınaraq xəritələşdirilmişdir. Ekspedisiya tərəfindən aşkar edilmiş neolit dövrünə aid Horadiz yaşayış yeri ekspedisiyanın əsas tədqiqat obyekti olaraq seçilmiş, onun ərazisində topoqrafik ölçmə işləri aparılmışdır. Növbəti tədqiqat mövsümündə burada geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması planlaşdırılır. Horadiz yaşayış yeri Qarabağ bölgəsində qeydiyyata alınmış, coğrafi baxımdan bizə məlum olan ən cənub neolit dövrü abidəsidir” – deyə X.Alməmmədov bildirmişdir.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed