Şrift:
Multikulturalizmin Azərbaycan modeli
16.07.2019 [12:25] - Mədəniyyət, DAVAMın yazıları
Multikulturalizm Azərbaycanda həyat tərzidir. Tarixin bütün zamanlarında ölkəmizdə dini, irqi, milli və ümumiyyətlə, hər hansı bir ayrı-seçkilik olmamışdır. Azərbaycandakı milli və dini dözümlülük bizim tarixi ənənələrimizə əsaslanır və cəmiyyətimizin tələbidir. Azərbaycan təmsil etdiyi türk sivilizasiyasının tərkib hissəsi olaraq özünəməxsus dəyərlərə söykənir. Bütün tarixi dövrlər ərzində kəsilməyən dövlətçilik ənənəsi, adət-ənənələrin cəmiyyətdə yüksək mənəvi keyfiyyət kimi hakim mövqeyi, dini baxışda monoteist əqidə, ailə dəyərləri, digər sivilizasiya daşıyıcılarına münasibətdə tolerantlıq və birgə yaşama vərdişləri bizim həyat prinsiplərimizin əsasında dayanır.
Qeyd olunan mənəvi dəyərlərin hansı rol oynadığına aydınlıq gətirmək üçün əvvəlcə dini inancın cəmiyyətimizdə yerinə nəzər salmaq istərdik. Hazırda Azərbaycan və ümumilikdə türk sivilizasiyası əsasən islam mədəniyyətinin əhatə dairəsindədir. İslam bir fəlsəfə, din, həyat tərzi olaraq türkün ruhuna yaxındır və onunla əksər hallarda harmoniya təşkil edir. Bununla belə, dini dünyagörüşümüzdə monoteizm yalnız islamla əlaqədar deyildir. Yəni, türk sivilizasiya təmsilçiləri üçün xarakterik olan təkallahlılıq islamdan əvvəl də mövcud olmuşdur.
Qloballaşma prosesi sərhədsiz dünyada bəşəri ideyaların, universal normaların qəbul olunmasını nəzərdə tutur. Bunun üçün, fərqli mədəniyyətlər və dəyərlər arasında harmoniyanın olması mühüm şərtdir. Bu isə müxtəlif mədəniyyətlərin qarşılıqlı bəhrələnməsi və dəyərlərin təması sayəsində baş verə bilər. Yalnız tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, müxtəlif xalqları birləşdirən dəyərlər sisteminin formalaşmasına səbəb olur. Bu gün belə harmoniyanı tənzimləyə bilməyən Avropa multikulturalizmin məğlubiyyətə uğradığını qəbul və bəyan edir.
Multikulturalizm bəşəriyyətə təbiətən xas olan bir fikir, düşüncə formasıdır. Mistik əqidəyə görə, bütün insanları bir olan Allah yaradıb, hamımız Adəm atadan və Həvva anadan törənmişik. İnsanların dinlərə, irqlərə, millətlərə ayrılması sonrakı dövrün məhsuludur. Dünyanın dörd səma kitabından sonuncusu - ən kamili olan “Quran”da bütün əvvəlki dinlərə və peyğəmbərlərə dərin ehtiram ifadə olunur. Eləcə də Yaxın Şərq, türk və Azərbaycan mütəfəkkirlərinin bədii və fəlsəfi əsərlərində Həzərəti Musanı, Həzrəti İsanın şərəfinə ən ali fikirlər söylənilir. Azərbaycan multikulturazlminin ideya-fəlsəfi qaynaqlarından biri də “Quran”dır.
Azərbaycan multikulturalizmi öz mənşəyini dünyanın ən qədim düşüncə abidəsi olan türk mifindən və azərbaycanlı peyğəmbər Zərdüştün “Avesta” abidəsindən alır. Milli sərvətlərin və mənəvi dəyərlərin insan amili ilə tarixi müstəvidə əlaqələndirilməsi vətəndaş cəmiyyətinin həm də dunya sivilizasiyaları ilə təmasların qurulmasına təminat yaratdı. Monoteist əqidə, ailə dəyərləri, digər sivilizasiya daşıyıcılarına münasibətdə tolerantlıq və birgə yaşama vərdişləri bizim həyat prinsiplərimizin əsasında dayanır. Sivilizasiya müstəvisində bizim cəmiyyətimiz üçün əsas səciyyəvi cəhətlərdən biri də müxtəlif azlıqlara dözümlü yanaşmadır. Azərbaycan üçün milli-etnik assimilyasiya etmək heç zaman xarakterik olmamışdır.
Türkün tanrısı İslamdan əvvəl yaranmışdı və tək Allahın obrazı idi. Türk təfəkkürünün gücü təbiətə bağlılığında idi. Çünki, Allahın ən böyük əsəri, onun qüdrətinin ifadəsi olan təbiət azadlığın, ilkin demokratizimin yuvası idi. Türkün böyüklüyünü göstərən əlamətlərdən biri də öz cəmiyyətində başqa millətlərə asudə yaşamaq üçün rahat yer verməsi idi. Türklər insanı hansısa millətin, hansısa dinin, irqin nümayəndəsi kimi yox, təbiətin bərabərhüquqlu üzvü kimi qəbul edirdilər. Bu bütün türk fütuhatlarına xas doğal bir xüsusiyyət idi. Başqa millətlər dünyada heç bir xalqın içərisində türklərin içərisində olduğu qədər rahat və təhlükəsiz yaşamayıblar. Bu – gün də tarixdə türk əsri olan XXI yüzillikdə də belədir. Türk azadlıqsevərliyinin, türk əxlaqının və türk demokratiziminin ənənəsindən və təbiətindən gəlir. Türklərin tarixi təcrübəsi Azərbaycan multikulturazlminin tarixi konteksti kimi hərtərəfli öyrənilməlidir.
Butün dünyanı sarmış qloballaşma prosesinə, Azərbaycan Sovet İmperiyasının totalitar ideoloji başlanğıcından xilas olmuş yeni-müstəqil dövlət kimi daxil oldu. Qısa tarixi müddət ərzində vüsətli iqtisadi-siyasi inkişaf keçirən ölkəmiz həm təbii sərvətlərindən, həm də yeni texnologiyalardan səmərəli istifadə edərək, dünyada baş verən qlobal proseslərdə önəmli yer tutmağa nail oldu. Milli sərvətlərin və mənəvi dəyərlərin insan amili ilə tarixi müstəvidə əlaqələndirilməsi vətəndaş cəmiyyətinin həm də dunya sivilizasiyaları ilə təmasların qurulmasına təminat yaratdı.
Başqa xalqlara, dinlərə, təriqətlərə dözümlülük türk-Azərbaycan mənəviyyatının ən gözəl və ən qiymətli cəhəti idi. Türklər hətta fəth etdiyi ölkələrdə də başqa dindən olan əhalini incitməmişlər. Məhsəti Gəncəvi “Nə tamam kafirik, nə tam müsəlman” deyə əslində dinə loyal münasibət bəsləyir. Şərqin böyük filosof şairi Ə. Xaqaninin anası müsəlmanlığı qəbul etmiş xristian (nestorian) idi, damarlarında xristian qanı axırdı. Eləcə də Azərbaycan Səfəvilər dövlətinin banisi Ş.İ. Xətainin nənəsi Ağqoyunlu hökmdarı Uzun Həsənin arvadı Aləmşah bəyim – Dəspinə xatun Trabzon hakimi IV İohanın xristian qızı idi.
Şərqdə intibah ədəbiyyatının dahisi Şeyx Nizami kamil insanı təsvir edərkən onu hər cür dindən, təriqətdən, irqdən üstün tuturdu, onda insana məxsus ən ali fiziki və mənəvi keyfiyyətlərə, Allaha əmanət olan ruhun qüdrətinə önəm verirdi. Nizaminin “Yeddi gözəl” və “İskəndərnamə” əsərlərini müəyyən mənada Azərbaycan ədəbiyyatında ilk mükəmməl poetik multikulturalizm nümunəsi hesab etmək olar. Nizaminin kamil insan konsepsiyası bəşəri xarakter daşıyırdı.
Multikulturalizm Azərbaycan xalqının ümumturk və ümumdünya kontekstində tarixi yaşam tərzidir. O, bizim dünya ilə münasibətlərimizi ehtiva edir. Azərbaycanda mədəniyyətlərarası dialoq, fərqli sivilizasiya daşıyıcılarının harmoniyası tarixi ənənələrə söykənir. Ölkəmizdə milli, dini müxtəliflik, qarşılıqlı hörmət və dözümlülük böyük dəyər və sərvət hesab olunur. Dünyada mədəniyyətlərin barışmazlığı, Qərb-İslam münasibətlərinin kəskinləşməsi və müxtəlif fobiyaların güclənməsi fonunda Azərbaycan öz tarixi ənənələrini davam etdirir.

Calal Kəngərli
Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed