Şrift:
Yaz aylarında 230 nəfər yol qəzalarında həyatını itirib – Şərqi Azərbaycanda
19.07.2019 [09:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Əyalətində yol qəzalarında ölənlərin sayı ildən ilə artır.

Bu barədə Şərqi Azərbaycan Tibbi Ekspertriza Mərkəzinin rəisi Artın Kamali cümə axşamı günü “Fars” xəbər agentliyinə danışıb.

“Bizdə olan məlumata görə, cari ilin birinci 3 ayında (İranda yeni il Novruz bayramında başlayır) 230 nəfər yol qəzalarında həlak olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım göstərir. Ölənlərdən 182-i kişi, 48-i isə qadın olub.”- deyə o bildirib.

Qəzalarda ölənlərin 162-i şəhərlər arası və kənd yollarında, 48-i isə şəhər daxilində baş verən qəzalarda həyatını itirib. Ölənlərin bir neçəsi isə əyalətdən xaric yollar və caddədən kənar yerlərdə baş verən qəzalarda həlak olub.

Artin Kamali təkcə yazın son ayında (xordad ayı) 101 nəfərin yol-nəqliyyat hadisələrində öldüyünü bildirib. O qeyd edib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artım göstərir.

“Şərqi Azərbaycanda cari ilin birinci 3 ayında 4330 nəfər yol qəzalarında müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 3060 nəfəri kişi, 1270 nəfəri isə qadın olub. Lakin bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz azalma göstərir.”- deyə Tibbi Ekspertiza Mərkəzinin rəisi əlavə edib.

Artin Kamalinin sözlərinə görə, təkcə yayın son ayında əyalət yollarında baş verən yol-nəqliyyat hadisələrində 1584 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bu rəqəm ötən illə müqayisədə 72 nəfərin artdığını göstərir.
“Ötən il (hicri-şəmsi təqvimi ilə 1397-ci il nəzərdə tutulur) Şərqi Azərbaycanda 917 nəfər yol qəzalarında həyatını itirib, 18185 nəfər isə bədən xəsarəti alıb. Ölənlərdən 173-ü qadın, 744-ü isə kişi olub.”- deyə Artın Kamali bildirib.

Qeyd edək ki, hər il Güney Azərbaycanda minlərlə insan müxtəlif yol-nəqliyyat hadisələrində həyatını itirir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini buna əsas səbəb kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed