Şrift:
Ruhani: “Avropalılar qanunsuz əməllərdən əl çəksələr, İrandan eyni qarşılıq görərlər”
25.07.2019 [09:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhani bildirib ki, “avropalılar Cəbəli-Tariqdə etdikləri də daxil olmaqla, qanunsuz addımlardan əl çəksələr, İrandan oxşar davranışı görərlər”.

Ruhaninin bu çıxışından bir neçə saat öncə “dini lider”in ofisinin rəhbəri Məhəmməd Məhəmmədi Qolpayeqani İngiltərənin “Sepah” terror təşkilatı tərəfindən saxlanmış gəmisini azad etmək üçün İrana nümayəndə göndərdiyi deyib.

Ruhaninin bu sözləri İngiltərənin yeni baş naziri Boris Consonun ilk iş gününə təsadüf edir. Bununla yanaşı, ötən günlər ərzində iki tərəf arasında gəmilər uğrunda böyük qalmaqal yaşanmaqdadır.

Dünən İngiltərənin baş naziri seçilən Boris Conson daha əvvəl etdiyi çıxışlarda İrana qarşı yumşaq mövqe nümayiş etdirməyəcəyini dilə gətirirdi.

Ruhani bu gün nazirlər kabinetinin toplantısında etdiyi çıxış zamanı “Sepah” terror təşkilatının “körfəzin təhlükəsizliyini qoruduğunu” iddia edib və buna görə də bütün dünyanı bu təşkilata “təşəkkür etməyə” çağırıb.

“Körfəz və Hörmüz boğazını qorumaq İran və bu bölgədə yerləşən ölkələrin borcudur. Bu məsələnin digərlərinə aidiyyatı yoxdur”- deyə İran prezidenti əlavə edib.

Qeyd etmək lazımdır ki, Ruhani çıxışı zamanı “qanunsuz addım” ifadəsi ilə Britaniya Hərbi Dəniz Qüvvələrinin Cəbəli-Tariq boğazında İrana məxsus, Suriya rejiminə neft daşıyan tankerin saxlanması hadisəsinə işarə edir. Britaniya bəyan edir ki, tanker Avropa İttifaqının Bəşər Əsədə qarşı qəbul etdiyi sanksiyaları pozduğuna görə saxlanılıb.

Qarşılığında isə “Sepah” iyulun 19-da Britaniyaya məxsus gəmini saxlayıb. İran prezidenti gəminin “qanunları pozduğuna görə” saxlandığını iddia etməyə çalışsa da, Milli Məclisin spikeri Əli Laricani və Bəsic komandanı Qulmarza Süleymani onun İran tankerinin saxlanmasına cavab olaraq ələ keçirildiyini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 260 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed