Şrift:
Azərbaycanın Gürcüstandakı səfirliyində azərbaycandilli məktəblərin müəllimləri ilə görüş olub
12.09.2019 [10:43] - Borçalı
Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki azərbaycandilli məktəblərin direktor, direktor müavini və fəal müəllimləri ilə görüş olub.

2019-2020-ci tədris ilindən öncə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşkilatçılığı ilə keçirilən görüşdə bu ölkədəki azərbaycandilli məktəblərdəki vəziyyət, təhsilin keyfiyyəti, şagirdlərin ana dilində təhsil almaları, Gürcüstan cəmiyyətinə inteqrasiyası, ali təhsilə marağı və digər məsələlər diqqət mərkəzində olub.

Səfir Dursun Həsənov Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza daim qayğı göstərdiyini qeyd edib. Bildirib ki, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanda bir sıra məktəblər təmir olunub, yeni tədris ocaqları, idman kompleksləri tikilərək istifadəyə verilib.

Azərbaycan Təhsil Nazirliyi hər il Gürcüstandakı soydaşlarımıza “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri, müəllimlər üçün metodik vəsait göndərir. Bu il də soydaşlarımıza yeni kitab və vəsaitlər göndərilib. Bu, artıq ənənə halını alıb və davam etdiriləcək.

Sonra Gürcüstandakı Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı, Qardabani rayon Qaracalar kənd məktəbinin direktoru Məhəmməd Xəlilov, Qaratəhlə kənd məktəbinin direktoru Bəhram İsayev, Tbilisidəki M.F.Axunzadə adına 73 nömrəli məktəbin müəllimi Qəhrəman Musayev, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər Gürcüstandakı azərbaycandilli məktəblərdə mövcud olan problemlər, onları maraqlandıran digər məsələlər barədə fikirlərini bölüşüb, təkliflər irəli sürüblər.

Səfir Dursun Həsənov bu təkliflərin diqqətlə öyrəniləcəyini və nəzərə alınacağını deyib.

Görüşdə 40-a yaxın məktəbin nümayəndəsi iştirak edib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed