Şrift:
Professor Qafar Cəbiyev: Eramızdan əvvəl I minilliyin sonu - bizim eranın əvvəllərində Basqalətrafı ərazilərdə intensiv həyat olub
20.09.2019 [14:07] - Gündəm, DAVAMın yazıları
İsmayıllı rayonunun Basqal qəsəbəsi Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini və ənənələrini özündə yaşadan tarixi yerlərimizdəndir. Prezident İlham Əliyevin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” 2018-ci il 3 oktyabr tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq yaxın gələcəkdə qəsəbənin nümunəvi turizm mərkəzinə çevrilməsi istiqamətində hazırda çox mühüm işlər görülür. Təbii ki, Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq arxeoloji tədqiqatlara ehtiyac var. Elə bu məqsədlə də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin müraciəti əsasında professor Qafar Cəbiyevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən hazırda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılır.

Arxeoloji tədqiqatların ilkin nəticələri barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən professor Qafar Cəbiyev bildirib ki, Basqalın yaxın ətrafında insanlar hələ eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq ənənəvi təsərrüfat sahələri ilə məşğul olublar. Ötən əsrin 70-90-cı illərində Qırlartəpə, Qalalar və Kürdüvan ərazilərində aparılan arxeoloji qazıntı və kəşfiyyat işləri zamanı Basqalətrafı ərazilərin tarixini özündə yaşadan olduqca zəngin maddi-mədəniyyət qalıqları aşkara çıxarılıb.

Professor sözünə davam edərək deyib: “Əfsuslar olsun ki, yüzilliklər boyu nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın çox mühüm sənətkarlıq, xüsusən də ipək, boyakarlıq və dəmirçilik məmulatları istehsalı mərkəzi olan Basqalın tarixi bu günədək lazımı səviyyədə öyrənilməyib”.

Ekspedisiya heyəti ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində kəşfiyyat xarakterli axtarışlara start verib. Məqsəd qəsəbə ərazisində yaşayışın nə zamandan başlandığını, ərazidə əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesində nə dərəcədə qorunduğunu, sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.

Arxeoloqlar artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrəniblər. Məscid ərazisində aparılan tədqiqatlar zamanı xüsusilə maraqlı tapıntılar aşkar olunub. Tədqiqat zamanı müəyyən edilib ki, son onilliklərdə Basqal məscidi kimi təqdim olunan bina əslində həmin ərazidəki daha qədim tikinti qalıqları üzərində tikilib. Dörd möhtəşəm sütun üzərində tikilən və üzəri bişmiş kərpiclə tağvari formada örtülmüş möhtəşəm tikili hələlik Basqal ərazisində məlum olan ən qədim memarlıq nümunəsidir.

Professor bildirib ki, Basqal məscidinə aid edilən kitabələrdən birində Şeyx Məhəmməd və oğlu Şeyx Səfayinin adı çəkilir: “Məscidin divarına bərkidilən və 1568-ci ilə aid olan həmin kitabədə iki şeyxin adının çəkilməsi belə ehtimal etməyə əsas verir ki, bu məkan Şirvanşahların himayə etdiyi sufi məktəblərindən birinin xanəgahına aid olub. Məscidin Şirvanşahlar dövrünə xas və süls qarışıq nəsx xətti ilə olan digər kitabəsində isə onun tikilməsinə əmr edilməsindən, həqiqətlərin burhanı (isbatı) olan Sufi və Dərvişdən bəhs olunur. Xanəgaha aid olan digər bir element oradakı iri koğuşa malik qədim çinar ağacıdır. Maraqlıdır ki, professor Yevgeni Paxomov ötən əsrin 20-ci illərində Basqalda aşkar olunan sikkələrin də məhz Pir Çinar və Pir Bulaq ərazisindən tapıldığını bildirir. Xatırladım ki, Basqal ərazisində məscid ətrafındakı çinardan başqa hər hansı digər yaşlı çinar ağacı yoxdur. Məlum olduğu kimi, sufilər adətən belə ağacların koğuşuna çəkilərək zikr edir, çillə çıxarırdılar. Bu ayinlə əlaqədar orta əsr miniatürləri də var”.

Mütəxəssislər hesab edirlər ki, hər binası, hər məhəlləsi, hər meydanı yaşayan tariximiz olan Basqalın şöhrət dolu keçmişini daha dərindən və hərtərəfli araşdırmaq üçün genişmiqyaslı arxeoloji tədqiqatları davam etdirmək zəruridir.

Mənbə: https://azertag.az/xeber/1331891



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed