Şrift:
Əfqanıstanda seçkilər zamanı təhlükəsizliklə bağlı 260 insident qeydə alınıb
30.09.2019 [11:05] - Xəbərlər, Sosial
Sentyabrın 28-də Əfqanıstanda keçirilmiş prezident seçkilərində təhlükəsizliyi qorumaq üçün 72 min nəfərlik ordu, polis və təhlükəsizlik xidmətlərinin əməkdaşları cəlb olunub. TOLONews telekanalının saytı xəbər verir ki, seçki günündə ölkə üzrə 260 insident qeydə alınıb. “Taliban” silahlılarının hücumları nəticəsində seçki məntəqələrinin 14 üzvü və 21 müşahidəçi girov götürülüb, ən azı 30 nəfər öldürülüb. Eyni zamanda, 37 polis əməkdaşı və 28 dinc sakin də yaralanıb.

Qeyd olunur ki, hələ 786 seçki məntəqəsində bülletenlərin sayılmadığı bir şəraitdə ilkin nəticələrin oktyabrın 19-da elan ediləcəyi gözənilir. Bundan başqa, səsvermədə cəmi 2,1 milyon adamın iştirak etdiyi bildirilir, halbuki 2014-cü ildə keçirilmiş parlament seçkilərində 7 milyon seçici iştirak edib.

Seçkilərin keçirildiyi və ondan sonrakı gündə “Taliban” silahlıları ilə döyüşlər də davam edib. Belə ki, bir sıra vilayətlərdə təhlükəsizlik xidmətlərinin postları ələ keçirilib. Hər iki tərəfdən itkilərin olduğu bildirilir.

Bütün bunlara rəğmən, BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda prezident seçkilərinin keçirilməsini alqışlayıb. Bütün əfqan xalqını təbrik edən Baş katib insanların təhlükələrə baxmayaraq səsvermədə iştirak etməsini təqdir edib. O, Müstəqil Seçki Komissiyasının seçkidən sonrakı fəaliyyətinə şərait yaradılmasının da vacibliyini qeyd edib.
Bu xəbər oxucular tərəfindən 371 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed