Şrift:
Azərbaycanlı alim Kiyevdə keçirilən beynəlxalq elmi konfransda iştirak edib
21.10.2019 [15:22] - Gündəm, DAVAMın yazıları
2019-cu ilin oktyabr ayının 11-12-də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Orxan Zamanov Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəsmi dəvətilə Kiyevdə təşkil olunan gənc alimlərin Beynəlxalq konfransında iştirak etmişdir. Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunda keçirilən konfrans arxeoloji qazıntı üsullarına həsr olunmuş və müasir arxeoloji metodikanın tətbiqinin effektivliyinin müzakirəsi üçün təşkil olunmuşdur. Arxeoloji çöl tədqiqatları zamanı qazıntıya ehtiyacın olub-olmaması məsələsi konfransın əsas mövzusu idi. Konfransda Ukrayna Respublikanın ayrı-ayrı bölgələrindən və müxtəlif elmi müəssisələrdən olan gənc araşdırmaçılar ilə bərabər Almaniya və Rumıniyadan olan mütəxəssislər də iştirak edirdi. Konfrans dövrləşmə prinsipinə görə ayrıca seksiyalara bölünmüşdü. Azərbaycanı konfransda gənc tədqiqatçı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Elmi ekspozisiya” şöbəsinin elmi işçisi Orxan Zamanov “Savaş arxeologiyasının araşdırılmasında müasir metodologiya” mövzusu ilə təmsil etmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşının oktyabrın 11-dən 12-ə kimi Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunda keçirilən gənc alimlərin Beynəlxalq konfransında iştirak üçün əsas xərclər Avropa Komissiyasının “Horizon 2020” proqramının Azərbaycan üzrə milli koordinatoru Zaur Həsənovun təşəbbüsü ilə “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində ayrılan qrantın hesabından ödənilmişdir.

Konfransda gələcək perspektivlər və əməkdaşlıqların inkişafı ətrafında fikir mübadiləsi aparıldı, Kiyev ətrafındakı tarixi məkanlara səfər təşkil olundu və tezislərin müəlliflərinə sertifikatlar təqdim edildi.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed