Şrift:
Fars şovinizminin sirləri
20.11.2019 [21:19] - Köşə yazarları
Bu yazını yazarkən fars şovinizminin cikindən-bikinə hər nəyi varsa açıqlamağı bir hədəf seçdik. İndiyədək rus şovinizmi, alman şovinizmi, ingilis şovinizmi, italyan şovinizmi haqqında çox yazılıb, çox deyilib. Adlarını çəkdiyimiz bu şovinizmlər demək olar ki, dağılıb, rus şovinizmi isə son günlərini yaşayır. Sadaladığımız bu toplumlar şovinizmin təkcə başqa xalqlar üçün deyil, özləri üçün də böyük faciə və fəlakət gətirdiyini görmüşlər. Çin şovinizmi haqqında da çox yazılıb, çox deyilib. Nə fayda... Çin hakim dairələri hələ də deyilənlərdən heç bir nəticə çıxarmayaraq, başqa xalqları əzir, assimilyasiya edir, etdiyi vəhşiliklərlə öz xalqını acınacaqlı, çıxılmaz duruma sürükləyir. Fars şovinizminə gəldikdə o, dünyanın ən yaramaz, ən alçaq təbiətli şovinizmidir. Ən pisi də odur ki, fars şovinizmi haqqında, bir-iki yazını çıxsaq, deyə bilərik ki, bu yöndə onun nə qədər riyakar olduğu barəsində nə yazılıb, nə deyilib, nə də qınanılıbdır. Ona görə də bu gizli xəstəlik başqa xalqlara əzab və işgəncə vericidirsə, fars xalqı üçün xərcəng xəstəliyinin ayrılmaz bir parçasıdır. Çünki, şovinizm farsları tarixin bataqlığına atıb. Ölüm ayağında olan fars şovinizmi farsları dəhşət saçan bu bataqlıqdan qurtarmaq yolunu düşünmək əvəzinə, onlara yaxın qonşu olan Azərbaycan, Xorasan, Qaşqay Türklərini, "Körfəz ərəbləri"ni, imkan olarsa İraq, Suriya, Diruz və Səudiyyə ərəblərini və başqalarını da bataqlığa və sonda ölüm ayağına sürükləməyə var gücü ilə çalışır, dəridən-qabıqdan çıxır.
Gəlin qurtuluş yolunu axtaraq. Bunun üçün ilk öncə fars şovinizminin bütün çalarları araşdırılmalı, ondan zərbə alacaq xalqlar ayıq salınmalıdır. Ona görə də fars şovinizmi haqqında yığcam bilgi verib tezislər şəklində çıxış etməyi gərəkli bildik. İnanırıq ki, bu qorxulu xəstəliyə insanlar, cəmiyyətlər, alimlər, şəxsiyyətlər etinasız qalmayacaq. Fars şovinizminin maskası yırtılaraq onun iç üzü açılıb dünyaya çatdırılacaq, bu xəstəlikdən qurtuluş yolu tapılacaqdır.
Bir zamanlar keçmiş Sovetlər Birliyi rəhbərliyinin belə fikri geniş yayılmışdı: "Biz əgər məhv olacağıqsa onda yalnızca məhv olmayacaq, çoxlarının ayağından tutub onları da özümüzlə bərabər dənizin dibinə aparacağıq". Bunu bilən dünyanın ağıllı insanları öncədən elə tədbirlər tökdülər ki, sonucda bəşəriyyət sovet dəhşətindən, qanlı sovet terrorundan canını qurtara bildi. Rus şovinizminin balaca modeli olan, ondan qoca və daha iyrənc fars şovinizmindən qurtulmaq rus şovinizmindən qurtulmaqdan asandır, əgər Sovetlər Birliyinə qarşı oxşar tədbirlər bu gün İrana - fars şovinizminə qarşı həyata keçirilərsə. Fars şovinizmi öz adı ilə deyil, daha çox "irançılıq" adı altında pərdələnərək çıxış edir və bu siyasəti indi də davam etdidir. Buna görə də onu "fars-iran şovinizmi" adlandırmaq daha düzgündür. Bunların arasında kiçik fərqlər olsa da, mahiyyətcə eyni məsləyə xidmət edir. Bəzi "irançılar" iddia edirlər ki, guya irançılıq ideyasını (əgər buna ideya demək mümkündürsə) daşıyanlar fars şovinizminə qarşıdırlar, onlarla barışmazdırlar və s. Fars şovinizminin "irançılıq" pərdəsi altında gizlənən daha təhlükəli xidmətçiləri ya bilməyərəkdən, ya da bilərəkdən aldanırlar. Bilməyərəkdən aldanırsınızsa bəsirət gözlərinizi açın, bu siyasi korluqdan canınızı qurtarın. Bilərəkdən aldanırsınızsa onda siz bu alçaq təbiətli şovinizmə xidmət etməklə insanlığa xəyanət edən ən yaramaz cinayətkarlarsınız! Siz deyirsiniz ki, İran indiki “İran islam Cümhuriyyəti” adlanan ölkədir və burada yaşayan bizlərin vətənidir. Uzaq keçmiş olsaydı deyərdik ya xəbəriniz yoxdur, ya da yadınızdan çıxıb. Vur-tut 8 il bundan öncə Sovetlər Birliyində yaşayan rus şovinistləri və onlara xidmət edənlər də deyirdilər ki, bu ölkə başqadır, Rus imperiyası başqa. Sovetlər Birliyini qorumaq, saxlamaq başqadır, rus şovinizmini müdafiə etmək başqa. Biz rus şovinisti deyilik, sovet vətənsevərləriyik, olsa-olsa həm də Rusiyanı və rusları sevirik, burada nə qəbahət var? Bu adamlar Ukrayna, Azərbaycan, Gürcüstan, Qazaxıstan və s. ölkələrin Rusiya tərəfindən işğal edildiyi günləri "biz Rusiyanı sevirik, ona könüllü birləşmişik" deyə bayram edir, xalqları zor və qorxu altında çalıb-oynamağa məcbur edirdilər. Bilirsinizmi dünyada alçaqlığın, vəhşiliyin və mənəvi əxlaqsızlığın ən murdar bir şəkli nədir? Odur ki, aclıq, yalavaclıq, əzab, işgəncə və zülmə məruz qoyduğun insanlara və ya xalqa, millətə əmr edəsən, onları məcbur edəsən ki, dur çal, oxu, oyna və de ki, mən xoşbəxtəm, dur zalıma de ki, mənə zülm yox, səadət gətirmisən!! Min illərdir ki, dünya müsəlmanları "allah məzluma (zülm olunana) kömək, zalıma (zülm edənə) lənət eləsin. Zalımın cəzasını versin!" deyə dua edirlər. Altı yüz il bundan qabaq dahi ibn Xaldun (1332-1406) dünyada tanınmış "Müqəddimə" adlı əsərində yazmışdır: "indi haqsız olaraq vergi toplayan təhsil məmurları zalımdır, artıq vergi toplayanlar zalımdır, vergini yağma edənlər zalımdır, xalqa haqlarını verməyənlər, başqasının mal və mülklərini qəsb edənlər tamamilə zalımdır. Bütün bunlar hakimiyyətin maddəsi olan cəmiyyəti yıpradar, ən böyük zərəri də dövlət çəkər".
Tarixçi, hüquqçu, sufi, filosof-sosioloq, səyyah, diplomat, siyasətçi, alim ibn Xaldunun sözünə ("xalqa haqlarını verməyənlər tamam zalımdırlar") kimsə etiraz edə bilməz. Ancaq bütün bu deyilənlərlə yanaşı, bu gün qırx milyonluq Azərbaycan Türkünün taleyi elə zalımların əlinə düşüb ki, onların növünü, cinsini, zatını və sifətini müəyyən etmək çox çətindir. Azərbaycan Türkünün həm Quzeydə, həm Güneydə haqqını verməyən zalımlar bu xalqın haqqını yeyirlər; var-yoxunu, şərəf və namusunu, yurdunu-yuvasını hərraca qoyurlar; döyür, söyür, zindanlara atır, öldürürlər; dilini, mədəniyyətini əlindən alıb milli ləyaqətini əzirlər; qul və kölə zəncirinə qandallayıb ruhunu çeynəyirlər; ac-yalavac, yas içində saxlayır və deyirlər: çal, oyna, bizlərə dua et, de ki, siz imamsınız, siz dahilər dahisisiniz, məhz sizlərin kölgəsində biz bu dünyada - cənnətdə firavan yaşayırıq və sizlərin sayəsində də cənnətə gedəcəyik!
Ah, zalımlar zalımı, siz səkkiz qat zalımlar, siz yüz qat zalımlar, siz bilmirsiniz ki, zülm yerdə qalmaz. Siz bilmirsiniz ki, zülm ilə abad olan ədl ilə bərbad olar bir gün, siz bilmirsiniz ki, zalımın zülmü varsa məzlumun da ahı, Allahı var! Siz bilməsəniz də, bilmək istəməsəniz də Tanrı görür, bilir. Haqq-hesab günləri yaxındadır! Sözsüz ki, bu, Tanrının işidir, ancaq Tanrı bu işləri - ədaləti, haqqı yerinə qoymağı Haqq adamlarına tapşıracaqdır! Azərbaycanın üç böyük düşməni olmuşdur: 1) Parsa; 2) ərəb xilafəti; 3) Rusiya.Bu parsa (pars, pers, persida, persiana, parsua, persiya, fars və başqa şəkilləri də var) haradır və necə yaranmışdır? Tarixə dərindən baxsaq aydın olar ki, parsa "farsların yaşadığı yer, fars ölkəsi" deməkdir. Pars bir toplumun adıdır. Yunanlar onlara pers, perse, perses deyirdilər. Ərəblərdə "p" səssizi (samiti) olmadığına və ərəb dilinin səs uyğunluğuna görə onu "f" səssizi (samiti) ilə əvəz etmiş, parsa fars demiş və o cür də yazmışlar. Elə buradan da, ayrıca da olaraq ərəb-islam ağalığı dövründən (VII-XII yüzillər) farsların özləri də daxil olmaqla türklər, ərəblər və başqa xalqlar da parsa sözünü fars sözü ilə əvəz etmişlər. Yunanlar və bizanslılar öz qədim ifadələrini dəyişdirməyərək parsları pers, persus deyə tanımaqda və yazmaqda davam etmiş,buradan da Avropa dillərinə və rus dilinə bu söz "pers" şəklində keçmiş və özünə möhkəm yer qazanmışdır. Erməni dilində "f" səssizi (samiti) olmadığına görə ermənilər "fars" yox, "pars" deyirlər. Əfqanıstan, Hindistan və Orta Asiyada "pars" və "fars" hər ikisi işlədilir. VII-IX yüzillərdə islam dinini qəbul etməyən yüz minlərlə maqlar (zərdüştçülər) köçüb Hindistana getdilər. Bu odpərəstlər fars (pars) olduğu üçün onlara bu gün də parslar deyilir. Bu gün onların sayı 100 min, başqa bir qaynağa görə, 150 mindir. Azərbaycan və Anadolu (Kiçik Asiya) Türkləri istər danışıqda, istər yazıda ərəb dilinin təsiri altında yalnız "fars" sözcüyünü işlədirlər. Orta çağlarda "pars"dan dönüb "fars" olan, indi də özlərini daha çox "irani, iranilər" adlandıran parslar miladdan qabaq IX-VIII yüzillərdə Hind çayının aşağı hövzəsindən - qədim ata-baba yurdlarından axın-axın köç edərək Elam dövlətinin torpaqlarında yerləşmişlər.
Hindistan kökənli farslar Türk kökənli elamların himayəsinə sığınaraq Ümman dənizi sahillərində, Bəsrə körfəzinin quzeyində məskunlaşaraq buralarda özlərinə yeni vətən qazandılar. Eradan qabaq VII yüzildə indiki Şiraz yaxınlığında toplaşan parslar bir böyük tayfa ittifaqı halında birləşdilər. Onların bir ərazidə toplaşıb inzibati ərazi yaratmalarını Elam dövlətinin siyasəti tələb edirdi. Belə ki, elamlılar indiki Şirazdan 50 km quzey-doğuda şəhər saldırmış, onu yeni əyalətin paytaxtı etmişdilər. Həmin şəhər və onu əhatə edən əyalət parslarla məskunlaşdırılmışdır. Sonralar hakimiyyətə gələn pars sülaləsi Əhəmənilərin (Haxamanişi) nümayəndəsi I Daryuş (m.ö. 522-486) bu şəhər-qəsəbəni yenidən qurmuş və əhəmənilərin əsas paytaxtına çevirmişdir. Bu şəhər Parsa adlanırdı, onu əhatə edən torpaqlara da Pars əyaləti deyilirdi. Məhz bu şəhərə yunanlar Persepolis, əyalətə isə Persiada, ya da Persiana deyirdilər, bu da "pars ölkəsi", yaxud "pars şəhər-dövləti" mənasına gəlirdi. Parsanın ilk özülünün qoyulmasında elamlılar rol oynasalar da onun inkişafı və müstəqil dövlətə çevrilməsində parslar madaylara minnətdardır. Belə ki, dediyimiz kimi, parslar elamlıların vassalı idilər. Elam dövlətinin tənəzzülə uğramasında Assur Çarlığı ilkin səbəb olmuşdur. Assur Çarlığının hökmdarı Aşşurbanipal miladdan öncə yeddi kərə (665, 655, 652, 648, 646, 645, 640-639-cu illər) Elama basqın yapıb onun bir çox əyalət və şəhərlərini xaraba qoydu, əhalisini qılıncdan keçirib var-yoxunu taladı. Assur Çarlığı bütün dörd yanını - Elam, Babil, Urartu, Suriya və başqalarını qorxu və zülm altında saxladığı bir dövrdə Azərbaycan-Maday dövləti meydana çıxdı. Maday dövləti və tarixi haqda müxtəlif fikirlər və mübahisələr vardır. Ancaq biz qəti bu fikirdəyik ki, Maday Azərbaycan-Türk dövlətidir. Maday dövlətini təşkil edən altı böyük el Türk elləri idi. "Maday ölkəsi" ifadəsinə miladdan öncə 9-cu yüzilin başlarında assur yazılarında rast gəlinir. Madaylılar miladdan öncə 14-13-cü yüzillərdə, bəlkə də ondan daha qabaq iki çay arasında tanınırdılar. Bütün tarix qaynaqları və çağdaş tarixçilər m.ö. birinci minilliyin başlanğıcında Azərbaycanda mərkəzi Urmu Gölü yaxınlığında yerləşən Manna dövlətinin olduğunu və bu dövlətin Azərbaycan-Türk dövləti olduğunu qəbul edirlər. Bununla yanaşı, Maday ellərinin-tayfalarının Ərdəbil-Qəzvin-Zəngan-Həmədan boylarında yaşadığını, Mannaya daxil olub, ya da müstəqil fəaliyyət göstərdiklərini, mannalılar zəiflədikcə madayların gücləndiyini tarix mübahisəsiz qəbul edir. Sadəcə olaraq, Manna yüzillərlə Assur, Babil və Urartuya qarşı daim müharibələrdə olmuş, m.ö. yeddinci yüzildə Babil, Elam, Manna, Assur və Urartu bir-biri ilə müharibələrdə tənəzzülə uğramış, bu müharibə səhnələrindən bir qədər uzaqda qalmış madaylar öz güclərini bir yerə toplamış, tam müstəqil dövlət yaratmış, Həmədanı (Ekbatanı) özlərinin paytaxtı edərək Elam və Babili məğlub və özlərinə müttəfiq edərək Assur Çarlığını da darmadağın etmişlər.
"Hökmdarlar hökmdarı" adlanan Maday hökmdarı Kiaksarın dövründə (m.ö. 625-585) Maday sanki hər hansı bir olağanüstü gücün yardımı ilə Elamı, Mannanı, Babili, Assur Çarlığını, Urartunu fəth etdi, Lidiyanı özündən asılı duruma saldı. Elamlıların bir canişini olan əhəmənilər və onların idarəçiliyində olan Parsa Maday dövlətinin tərkibinə qatıldı. Göstərdiyimiz kimi, Parsa öncə Elamın bir əyaləti idi, Əhəmən də oranın canişini. Bundan istifadə edən parslar ilk öncə Elamın şərqinə və mərkəzinə yayılırdılar. M.ö. yeddinci yüzilin başlanğıcında Assur Çarlığı tərəfindən məğlubiyyətə uğrayan Elamın zəifliyindən yararlanaraq ona zərbələr vurur, öz nüfuzlarını artırırdılar. Ancaq bütün xəyanət və çabalamalara baxmayaraq Əhəmənin (sülalənin banisi) və onun oğlu Çişpişin (m.ö. 675-640-cı illər) canişinliyi dövründə Elamın hakim nüfuzu Parsanın üzərində qalırdı. M.ö. 640-639-cu illərdə Elamla Assur Çarlığı arasında olan savaşda Çişpişin oğlu və varisi I Kuruş Elamın vassalı kimi vuruşurdu. Bəlli olduğu kimi, bu müharibədə Elam tam məğlub olmuş, onunla yanaşı "Persumaş hakimi" I Kuruş da məğlublar sırasında idi. I Kuruş (m.ö. 640-604-cü illər) oğlunu Assur Çarlığının hökmdarı Aşşurbanipalın yanında girov qoyaraq keçmiş hamisi və ağası, indi məğlub Elama qarşı çıxır, daha doğrusu, ona arxadan zərbə vuraraq Elamın Anşan şəhərini və Anşan vilayətini öz əlinə keçirir. Bu zaman Kiaksar Anşan və Parsanı tutur, Əhəmənilər nominal canişin hakimiyyətlərini itirir, öncə Elamın xidmətçiləri olan əhəmənilər bundan sonra Maday hökmdarına xidmət edirlər. Maday hökmdarı, daha doğrusu, imperatoru yenilməz Kiaksar öləndən sonra onun yerinə oğlu Astiaq keçir (hakimiyyət illəri m.ö. 585-550). Astiaqın hakimiyyəti dövründə də Madaya Yaxın və Orta Doğunun ən güclü imperyiası idi. Ancaq 6-cı yüzilin ortasında Maday imperiyasına qarşı xarici güclər mübarizəyə başlayır. Babilistan, iskit, kas (qaz) və saklar Madayın hüdudlarına müdaxilə edirdilər. Bundan istifadə edən parslar daxildən çevriliş hazırlayırdılar. Parslar bu anadək Madayın mərkəzi Ekbatanda özlərinə müəyyən yer qazanmış, hətta Astiaqın sarayında mövqe tutmuşdular. Əhəmənilərin başçısı II Kuruş sarayda güclü nüfuz qazanmış, bir sıra əyanları müxtəlif yollarla ələ almışdı. Bu zaman Astiaqın ordu başçısı Harpaq da hökmdara qarşı gizli mübarizə aparırdı. Azərbaycanın quzeyində qədimdən yaşayan kaslar (qazlar) Madaya qarşı müharibəyə başlayır. Astiaq kaslara qarşı II Kuruşun başçılığı altında güclü bir ordu göndərir. II Kuruş xəyanət edərək kasların tərəfinə keçir, onlarla saziş bağlayır, birlikdə Madaya qarşı müharibə aparırlar. Müharibə m.ö. 553-cü ildən 550-ci ilədək, 3 il davam edir. Bu üç il ərzində Türk kaslarla Türk madayalılar bir-birini qılıncdan keçirir. Ancaq madaylar öz məğlubedilməzliklərini saxlayırdılar. Bu anda ikinci böyük xəyanət baş verir. Ordu başçısı Harpaq saray çevrilişi edir. M.ö. 550-ci ildə kas və pars birləşmələri Ekbatana girir və Astiaq öldürülür. Herodot yazır ki, Astiaq ölüm ayağında Harpaqa deyir: "Əgər sənin mənimlə ədavətin var idisə başqa cür edəydin. Ancaq, sən xəyanət edib hakimiyyəti bu əclaf parslara satdın!".
Bəli, bu, çox böyük bir tarixi xəyanət idi. Harpaqın və Kuruşun xəyanəti, kas-sak Türklərinin hücumları nəticəsində Azərbaycan-Türk dövləti Maday imperiyası süqut etdi, parslar hakimiyyəti ələ keçirdilər. Bu üç qüvvənin içərisində qələbədən yararlanan yalnız II Kuruş - parslar oldu; II Kuruş Astiaqın oğlan nəslinin olmadığını görüb qızı Amitadanın ərini edam etdi və Amitadayla zorla evləndi. Bununla da Maday taxt-tacının "varisi" oldu. Tarixdə ilk dəfə olaraq Türk dövlətinin başına parsların nümayəndəsi keçdi, II Kuruş Midiya imperiyasının hökmdarı oldu. O, imperiyadakı çaxnaşmaları aradan qaldırıb, hətta Lidiyanı da işğal edib Madaya qatdı. O, Azərbaycanı bütövlükdə Madaya birləşdirmək üçün ölkənin quzeyinə hücuma keçdi. M.ö. 530-cu ildə kas-sak və bas-sak (massaket) Türkləri ilə döyüşdə məğlub oldu. Massakların qadın hökmdarı Tomris II Kuruşu məğlub edəndən sonra, tarixdə yazılı rəvayətə görə, onun başını kəsib qanla dolu bir tulumun içinə salmış və demişdir: "Sən ki, qan içməkdən doymurdun, indi doyunca iç!".
II Kuruşdan sonra onun yerinə oğlu II Kambiz (m.ö. 530-522) keçir, ondan sonra isə II Kuruşun başqa oğlu və Kambizin qardaşı Bardi keçir. Bu zaman madaylar hakimiyyəti yenidən ələ keçirmək üçün Qaumatanın başçılığı altında qiyam qaldırırlar. Hakimiyyətin parsların əlindən çıxdığını görən I Daryuş Bardiyə sui-qəsd düzəldib onu öldürtdürür və o da II Kuruşun yolu ilə gedərək II Kuruşun qızı Atossayla zorla evlənir və "qanuni varis" olur.
I Daryuş (m.ö. 522-486) imperiyada baş qaldırmış bütün üsyan və separatçı hərəkatları boğur, Maday imperiyasını bərpa edir. O, Parsa şəhərini yeni paytaxta çevirir, bununla da Maday dövlətinin hakimiyyət qurğusu başdan-başa parslaşdırılır. imperiyanın dörd paytaxt şəhəri: Ekbatan, Suz, Babil və Parsa olmasına baxmayaraq, parsların əsas mərkəzi Parsa (indiki Şirazın yaxınlığında) idi, onlar Parsadan quzeyə yayılmağa başlamışdılar. Əhəmənilər sülaləsinin I dövrü canişinlik, II Kuruşdan başlayaraq hökmdarlıq dövrü olsa da dövlət pars (fars) dövləti deyildi. Məhz I Daryuşun dövründə dövlət parslaşmağa başladı. Pars şovinizmi elə bu dövrdən özünü açıq şəkildə büruzə verdi. I Daryuş imkanı olan bütün mənsəblərə parsları təyin etdi. Ordu əsasən maday Türklərdən və imperiyanın hərəkətverici qüvvəsi Türklər olsa da hakimiyyət tam parslaşdırıldı. Pars əyanlarına həddən artıq imtiyazlar verildi. Parsların əksəriyyəti vergidən azad edildi.
Mixi yazılarını Manna, Elam və madayalardan mənimsəyən parslar get-gedə Maday mədəniyyətinin varislərinə çevrilirdilər.Fars dövlətinin əsasını Astiaqın ölümündən sonra (m.ö. 550-ci il) qəbul edən tarixçilər səhv edirlər. Çağdaş fars şovinizminin son böyük nümayəndələrindən olan Məhəmməd Rza Pəhləvinin göstərişi ilə onun hakimiyyəti dövründə bir “İranşılıq” təqvimi yaradılmışdı; həmin təqvim II Kuruşun hakimiyyətə gəldiyi ildən başlayırdı. Buradan da birinci nəticə çıxır ki, deməli, II Kuruşa qədər fars dövləti olmamışdır. İkincisi, kiminsə hakimiyyətə gəlməsi ilə təqvimin başlaması hakim-şovinizmin bayağı məhsulundan başqa bir nəsnə deyil. Üçüncüsü, tarixi saxtalaşdırıb Maday dövlətini fars dövləti saymaq kimə və nəyə gərəkdir - şovinizmdən başqa. Dördüncüsü, başını bir Türk qadın hökmdarı Tomrisin (Dəmirin) kəsdiyi hökmdarın xəyanət nəticəsində hakimiyyətə gəldiyi tarix hansı məntiqlə bir xalqın - parsların (farsların) təqviminin əsas olmalı idi? Bütün bunlar farsların özlərini belə çaş-baş qoyan kor şovinizmindən doğur. Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, parsların əsl hökmdarı və parsları (farsları) dünya tarix səhnəsinə çıxaran I Daryuş olmuşdur. Onun qızıl sikkə kəsdirməsi və Parsada hökmdar iqamətgahı tikdirməsi Parsa dövlətinin müstəqilliyinə dəlalət edirdi. Parsların hakim olduğu imperiyaya m.ö. 330-cu ildə Makedoniyalı İsgəndər son qoydu. İsgəndər Parsanı (Persepolisi) yandırıb, xaraba qoydu. O, ümumiyyətlə pars əyanlarına amansız divan tutub, pars xalqına elə bir dağıdıcı zərbə vurdu ki, parslar bir də 500 ildən sonra öz qüvvələrini bir yerə toplayıb yeni dövlətdə hakimiyyətə gələ bildilər. Pars (fars) şovinizmi bu məğlubiyyəti tarix boyu həzm edə bilmədi, buna görə də uydurmalar qondarıb özünə təskinlik vermiş, fars xalqını aldadaraq ovundurmağa çalışmışdır. Bu uydurmalardan biri də budur ki, guya İsgəndər fars hökmdarlarından birinin qeysər Filippə göndərdiyi cariyədən anadan olmuşdur. Bu cariyə-kəniz Filippə göndərilməzdən öncə fars hökmdarından hamilə imiş, Filipp bunu bilməmiş, onu özünə arvad etmişdir. Deməli, İsgəndər farsların törəməsidir. Ərəb işğallarından sonra "fars" adlanan parslar islam dininin təsiri ilə Makedoniyalı İsgəndəri bir qədər də mifləşdirərək onu başqa bir İsgəndərlə - İsgəndər Zülqərineynlə əvəz etdilər. "Zülqərineyn" iki mənada yozulurdu:
1) "Zülqərineyn" - ərəbcə "iki qərinə yaşamış" mənasındadır, halbuki Makedoniyalı İsgəndər 33 il yaşamışdır;
2) "Zülqərineyn" - ərəbcə "iki buynuzlu" deməkdir.
Fars mif və dastanlarında bunlar bir-birinə çulğaşmış, tarix həqiqətindən heç bir iz qalmamışdır. Parsları (farsları) darmadağın və qətl edən və etdirən Makedoniyalı İsgəndər fars ədəbiyyatında böyük, müsbət, bəzən də peyğəmbər obrazına çevrilmişdir. Parsların tarixdə ikinci dövləti Sasanilər dövləti sayılır. Onu deyə bilərik ki, parslar heç bir zaman dövlət yaratmamışlar. Onlar hər hansısa bir dövlətin tərkibində zaman-zaman o dövlətin mərkəz qurğusuna (dövlət aparatına) soxulmuş, müəyyən mövqeləri ələ keçirmiş, fürsət gözləmişlər. Həmin dövlətə hər hansı bir uğursuzluq baş verəndə, ya da xarici və daxili səbəblərdən tənəzzülə uğradıqda farslar xəyanət edərək dövlət çevrilişində iştirak etmiş, sadəcə çarpışan qüvvələr arasında xarici qüvvələrdən dəstək alaraq hakimiyyəti ələ keçirmişlər. Əhəmənilər Maday, Sasanilər Parfiya-Arsak (Arşak), Büveyhilər Abbasi xilafətində, Pəhləvilər Qacar dövlətində eyni şəkildə dövlət çevrilişi ilə və xarici güclərin köməyi nəticəsində hakimiyyətə gəlmiş sülalələr-xanədanlar olmuşlar. Parslar-farslar tarix boyu cəmi dörd dövlətin başında dayanmışlar. Bunların içində parslar üçün ən önəmlisi və bir yandan fars milli ruhunun, bir yandan fars şovinizminin əsas qaynaqlarından biri olan Sasanilər dövləti olmuşdur. Sasanilərin özülünü Ərdəşir Papakan qoymuşdur. Onun babası Sasan Parsanın Parfiyaya tabe hakimlərindən olmuş, buna görə də sülalənin hakimiyyətə gəlməsini onunla bağlayaraq, dövlət "Sasanilər dövləti" adlandırılmışdır. Sasanın özü haqqında tarixdə elə bir cidi məlumat yoxdur. Bəlli olduğu kimi aşağı-yuxarı 477 il (m.ö. 250- dən miladın 227-ci ilinədək) yaşayan Parfiya dövləti Parsanı da öz tabeliyində saxlayır, oranın hakimlərini təyin edirdi. Sasan da o hakimlərdən biri olmuş, onun yerinə keçən oğlu Ərdəşir (Ardaşir) Parfiya hakim sülaləsi Arşakların canişini idi. II yüzilin sonlarından Parfiya tənəzzülə uğrayır. Parfiyanın tənəzzülü daxildəki çəkişmələrlə yanaşı, elat alanların hücumları ilə bağlı idi. Bunu görən romalılar Parfiyanın batı torpaqlarını işğal etdilər. Onlar iki çay arasının (Mesopotamiya) böyük hissəsini də qoparıb öz ərazilərinə qatdılar. Dövlətin mərkəzi Ktesifon (sonralar Mədain), onsuz da, süquta uğramışdı. Belə bir durumda Parsanın canişini Ərdəşir öz hökmdarının yıxıldığını görüb ona qarşı çıxdı, daha doğrusu, yıxılana balta vurdu, Arşaklıların son nümayəndəsi V Artabanı hakimiyyətdən devirib taxt-tacı ələ keçirdi. Ktesifon-Selevki paytaxt olaraq qaldı. O, 227-ci ildə Ktesifonda hökmdar elan edildi (227-239). Onun oğlu I Şapurun hakimiyyəti illərində (239-272) sanki Parfiya yenidən bərpa edildi. 422 il davam edən Sasanoğulları sülaləsi - hakim xanədanı parsların bir xalq kimi təşəkkül tapmasında həlledici rol oynadı. Tarix sanki bir də təkrar edildi; Əhəmənilər kimi Sasanilər da bütün hakimiyyət qurğularında parsları yerləşdirib onları xüsusi imtiyazlı xalq-tayfa etdilər, fars şovinizmi hakim kəsildi. Ölkə-imperiya 4 böyük yerə ayrılıb, hər birinə təyin edilən hakim şah adlandırıldı. Sasanilərin hakim nümayəndəsi isə şahənşah adlanırdı. Sasanilər dövləti orta çağ imperatorluğu idi, o, Madayın yerində yaranmış və Madayın ərazicə kiçildilmiş formasında idi. Madaydan fərqli cəhəti orasında idi ki, birincidə Türklər, ikincidə farslar hakim mövqedə dururdular; Türklər şovinizmə önəm vermədikləri və dövlətçiliyi əsas götürdükləri halda, parslar hakim şovinizmin prinsiplərini əsas götürürdülər. Altıncı yüzil Sasanlı imperiyasının yüksəliş dövrü olmuşdur. Bu dövrdə yeni işğallar hesabına imperiya böyümüş, Məzdəkilər hərəkatı sonda tam qələbə çala bilməsə də imperiya Çində siyasi-ictimai və iqtisadi münasibətləri yeniləşdirmiş, maniliyin təsiri nəticəsində müəyyən təkamülə uğramış, zərdüştlük Yaxın və Orta Doğuda ən nüfuzlu dinə çevrilərək həm də sasanlıların dövlət dini olmuşdur. Bəlli olduğu kimi, zərdüştlük hələ sasanlıların ilk hökmdarlarından olan I Şapur tərəfindən dövlət dini elan edilmişdir. Ancaq imperiyada başqa dinlər və dini təlimlər - buddizm, manilik, şamanlıq, xristianlıq və onun nestorian, pravoslav qolları, sabilik, yəhudilik və başqaları geniş yayılmış, bunlar arasında daim kəskin münaqişələr olmuşdur. Altıncı yüzildə isə zərdüştlük tam hakim kəsilmiş, onun mübarizəsi əsasən xristianlığa qarşı yönəlmişdi. I Qubadın hakimiyyəti illərində imperatorluq güclənməyə başlamış (o, iki dəfə hakimiyyətə gəlmişdir: 488-496, 498-531-ci illər), I Xosrov Nuşirəvan (hakimiyyət illəri: 531- 579), IV Hürmüz (579-590), II Xosrov Pərviz (591-628) zamanlarında qüdrətinin və yırtıcılığının, qaniçənliyinin ən yüksək təpəsinə qalxmışdır.
Fars şovinizminin qidalandığı əsas qaynaqlardan birisi sonralar saxtalaşdırılan, əfsanə və miflərlə bəzədilərək mifləşdirilən bu göstərdiyimiz tarixdir. Fars şovinistləri böyük lovğalıqla döşlərinə döyərək deyirlər: "Bizim damarlarımızda Ənuşirəvan (Nuşirəvan) qanı axır". Bir az sonra Qubadın, Ənuşirəvanın və Xosrov Pərvizin əsl kimliklərini görəcəyik, hələlik indi II Xosrov Pərvizin ölümündən sonrakı durumuna ötərgi göz yetirək. II Xosrovun Bizansla 25 il davam edən savaş bizanslıların qələbəsi ilə bitdi. Bizanslılar II Xosrovu öz oğluna öldürtdülər. 628-632-ci illərdə - dörd il içində Sasan imperatorluğunda 10 (on) "şahənşah" hakimiyyəti gəlib-getdi. İmperatorluğa daxil olan ölkələr və xalqlar yıpradıldı. Orta Asiyada Ceyhun çayından tutmuş Fəratın sağ sahilinədək, Dərbənddən Ümman dənizinədək böyük bir ərazidə yerləşən ölkələr, o cümlədən Türküstan, Azərbaycan, Xorasan, Azərbaycan İraqı, Ərəb İraqı, Parsa və başqaları xarabalıqlara çevrildi, şərəfsiz sasanlı hakimiyyəti bu ölkələrin xalqlarını ara müharibələrində (iç savaşlarda) birbirinə qırdırdı, zülm və istibdad insanların güc və inamını yoxa çıxardı. Elə buna görə də 634- 637-ci illərdə Ərəbistan yarımadasından yenicə dışarıya çıxan ərəblər özlərindən 4-5 qat artıq olan sasanlı ordularını Buveybə və Qadisiyyə döyüşlərində darmadağın etdilər, 641-642-ci il Nəhavənd döyüşündə imperatorluğun birləşmiş ordularını məhv edib 649-650-cı illərdə Ceyhun çayının sahilinə yetişdilər. Sasanlıların sonuncu imperatoru III Yezdigərdi Mərvdə 651-ci ildə yaxalayıb öldürdülər. Bununla da qanlı sasanlı imperatorluğuna son qoyuldu. Ancaq xalqlar azad olmadı. imperatorluğun torpaqları və xalqları yeni bir qanlı imperiyanın - ərəb xilafətinin cənginə keçdi. Yeni bir dinlə - islam dini ilə silahlanmış və böyük hərbi qələbələr qazanmış ərəb şovinizminin qarşısında pars şovinizmi məğlub oldu.Ərəb dilində "p" səsi yoxdur, ona görə də ərəblər "pars"a "fars" dedilər. Elə bundan dolayı parslar özləri də bundan sonra özlərinə fars dedilər. Ərəblər Parsa əyalətini "Bilad əlfars" ("fars ölkəsi") adlandırdılar. Ərəb zülmünə tab gətirməyən fars zalımlarının bir qismi köçüb-qaçıb öz əski baba yurdları olan Hindistana qayıtdı. Qalanlar isə islam dinini qəbul edib nəfəs çəkmədən ərəb ağalarına can və könüldən qulluq etməyə başladılar. İslam dinini qəbul edən farslar onu içdən parçalamaq üçün yollar axtarırdılar. Bu haqda bir az sonra! Bir daha xatırladırıq ki, fars şovinizminin tarix boyu söykəndiyi əsas qaynaqlardan, dayaqlardan biri mifləşdirdikləri Əhəmənlilər və Sasanlıların tarixi olmuşdur. Bu sülalələrin tarixinin necə mifləşdirildiyi çox geniş bir mövzudur. Bu haqda bir neçə cild kitab yazmaq olar. Biz burada, sadəcə bir neçə misalla qısaca həmən xətti göstərməyə çalışacağıq. Yaxın gələcəkdə fars şovinizminin, panfarsizmin və paniranizmin bütün köklərini və budaqlarını araşdırıb üzə çıxarmağa, onun antibəşəri mahiyyətini açıb göstərməyə cəhd göstərəcəyik. Bu mövzunu araşdırmaq çox önəmlidir. Çünki fars şovinizminin, panfarsizmin və paniranizmin ən böyük zərəri Türk millətinə olmuş, bu tülkü hiyləgərliyi ilə yaradılmış iblis məfkurəsi Türk millətinə sağalmaz yaralar vurmuş və vurmaqdadır. Ayrıca olaraq Türkiyə, İraq, Azərbaycan və Orta Asiya Türkləri bilməlidirlər ki, fars şovinizmi biz Türklərin ən qəddar, amansız düşmənidir və ona qarşı amansız mübarizə aparmalıyıq! Panfarsizm (farsçılıq) və paniranizm fars şovinizminin qoşa qanadlarıdır, biri o birinin tərs üzüdür. Panfarsizmdə ifşa olanlar paniranizmdə gizlənirlər. "Fars" aydındır - bir xalqın adıdır. "İran" isə aydın deyil, mücərrəd anlayışdır. Mücərrəd, qaranlıq, kimsəyə aydın olmayan, qondarma bir sözün və sözcüyün adı ilə alver etmək, düşüncələri dumanlatmaq daha qolay olur. 40 ilə yaxındır ki, bu sözün hansı anlam daşıdığını yüzlərlə insanlardan, alimlərdən sormuşuq, kimsə buna aydın və dolğun bir cavab verə bilməyib. "İran" bir coğrafi anlayışdırmı? Yox! Əgər coğrafi anlayışdırsa hansı yerləri, torpaqları əhatə edir? Heç bir ərazini! "İran" dövlət anlayışıdırmı? Yox!
Uzun sözün qısası, "İran" xəyalı bir qatışıq, gerçək anlayışa gəlməyən bir ifadədir. Belə aydın olur ki, Yaxın Doğuda tarixi-coğrafi anlayışlar olan Azərbaycan, Xorasan, Türküstan, Bəlucistan, Parsa, Əcəm İraqı, Dəyləm və başqaları zaman-zaman bir dövlətdə, daha doğrusu hansısa bir imperiyada birləşdirilərək "İran" adlandırılmışdır. Məsələnin əsl mahiyyətinə keçək. Adları yuxarıda çəkilən ölkələrin ən qədim və əsas əhalisi on min illərdir ki, Türklər olmuşdur. Parslar bu əraziyə 2800 il bundan öncə gəlmiş, 2550 il bundan qabaq, yeni eradan əvvəl 553-cü ildə Maday dövlətində hakimiyyəti ələ keçirmiş və fars sülaləsi Əhəmənilər şahlıq taxtına oturmuşdur (eradan öncə 553-330-cü illər). Beləliklə, Parsalı şahların tarixi farsların tarixinə çevrilmişdir. Elə bununla bağlı hamının bildiyi kimi farsların son şahı Məhəmmədrza Pəhləvi öz şahlığı dövründə göstəriş verdi ki, ölkədə işlədilən miladı (xristian) və hicri (müsəlman) təqvimlərindən əlavə yeni təqvim yaradılsın və bu təqvim əhəmənilərin birinci hökmdarı- şahənşahı II Kuruşun taxta çıxdığı ildən başlasın. Həmin təqvim yaradıldı və adını da "İran təqvimi" qoydular. Bəli, bu idi 2500 il sürüb gələn fars şovinizminin bir nəticəsi və mahiyyəti. Tarixi, ədəbiyyatı, elmin hansı sahələrini araşdırırsınız araşdırın, fars xalqının tarixi yoxdur, fars şahlarının tarixi vardır - mifləşdirilmiş, mifik tarix, mifik ədəbiyyat!
Bu böyük, xaotik mif dünyası necə yaranmışdır, onun qaynaqları hansılardır? Burada iki əsas qaynaq var:
1. Zərdüştlük dini;
2. Fars şahları haqqında yaradılan nağıllar, rəvayətlər, uydurmalar, bir sözlə böyük dünya dinlərinin yaranmasından qabaq dünyaya hakim kəsilmiş miflərin sonradan fars şahlarının adına yazılması.
Bəlli olduğu kimi, zərdüştlüyü dünyanın görkəmli bilginləri üç mərhələyə ayırırlar:
Zaraduştanizm
Zaratuştrisizm
Zaroastrianizm.
Birinci mərhələ Zərdüştün yaratdığı Avestanın əsasını - Qatalarını təşkil edir (onun ilkin başlanğıc tarixi bəlli olmasa da miladdan öncə beşinci yüzilədək olan dövrdə yarandığı söylənilir). ikinci mərhələ "Kiçik Avesta"da ("Xorde-Hırda Avseta") öz ifadəsini tapmış, Zərdüştün ölümündən sonra yaranmışdır və miladdan öncə beşinci yüzildən sasanlılar hakimiyyətinin ortalarınadək olan dövrə düşür. Üçüncü mərhələ sasanlılar dövrü və ondan bir az sonraya aiddir. Zərdüştlük çox maraqlı bir tarix keçmişdir. Zərdüştlük ilk təkallahlıq dinlərindən biri, bəlkə də birincisidir. Maraqlı olan nədir? Zərdüşt xalqı mifdən qurtarıb təkallahlı dinə gətirdiyi halda, sonradan bu dini özlərinə silah edən farslar onun ikinci, üçüncü mərhələsində bu dinə əski mifləri yenidən soxmuş, min il əlavələr edərək zərdüştlüyü yeni əsərlərlə, kitablarla mifləşdirmiş, fars şovinizminin alətinə çevirmişlər. İkinci maraqlı cəhət ondadır ki, farslar islam dininin də başına bu oyunu gətirmiş, onu gücləri çatdığı qədər mifləşdirmişlər. Fars hökmdarlarının sözləri ilə desək, "çəyirtkə, ilan-qurbağa yeyən ərəblər" 450 illik sasanlı-fars imperatorluğunu bir həmlədə darmadağın edib, yüzillərlə formalaşmış fars şovinist yekəxanalığını, təşəxxüsünü sındırmışdılar. Farslar bunu heç cür həzm edə bilmirdilər. Ancaq islamla ideyaca silahlanmış ərəblər tez bir zamanda böyük bir imperatorluq yaradandan sonra ərəb şovinizmi tüğyan elədi; bundan sonra 1270 il hər hansı dövlət yarada bilməyən, şahlıqdan məhrum olan fars şovinizmi bütün gücünü islamda təxribata və fars şovinizmini tarix və ədəbiyyat vasitəsi ilə ideologiya yaratmağa yönəltdi. Fars şovinizmi islamda şiəliyi irərli sürərək onu bütün islama qarşı qoydu, tarixi şəxsiyyətlər olan imamların tərcümeyi-hallarını, həyat və yaradıcılıqlarını miflərlə qarışdırdı, miflərlə saxtalaşdırdı. Əlialahiliyi (IV xəlifə, imam həzrət Əlini Allah sayanlar), ismaililiyi farslar yaratdılar. Farslar miflər yaratdı:
"Yerin bir ipi var, o da yer üzünün valisi həzrəti-Əlinin əlindədir; onu nə vaxt tərpətsə zəlzələ olur";
"Peyğəmbər meracda olarkən plov yemiş, onunla bərabər bir əl də o plovdan yeyərək Peyğəmbərə yoldaşlıq etmişdir. Bu, Allahın yanına Peyğəmbərdən öncə getmiş Əli idi"; "İmam Hüseyn üç yaşında ikən xurma ağacının kölgəsində oynayırdı. Anası həzrəti-Fatimə gəlib gördü ki, orada bir əjdaha iki yerə parçalanıb, qorxuya düşdü, həzrəti Peyğəmbərin yanına qaçdı. Peyğəmbər dedi: Bilirəm nəyə gəlmisən, heç təlaş keçirmə, o əjdahanı oğlun Hüseyn iki yerə parçalayıb";
"Həzrəti-Hüseyn qılınc çaldı, hər qılınc çalanda 40 min baş sağa, 40 min baş sola töküldü"; daha nələr, nələr.
"Fars şovinizmi və islam" mövzusuna bu yazının sonunda bir də qayıdacağıq. Öndə dediyimiz kimi, farslar mifləri gerçək tarix, gerçək tarixi mif yapmaqda bəlkə də dünyanın ən mahir xalqıdır. Sosiologiya, təbiətşünaslıq və fəlsəfə ilə çuğlaşmış din kimi tanınan zərdüştlüyü min il boyu mifləşdirərək islam və xristianlıq qarşısında məğlub durumuna gətirdilər. Sözsüz ki, mifləşmiş zərdüştlük gerçək həyata daha çox yaxın olan islamın qarşısında tab gətirə bilməzdi və gətirmədi də!
Farslar öncə tarix və ədəbiyyatlarını, həm də dünya tarix və ədəbiyyatını öz xeyirlərinə mifləşdirmişlər. Mif təntənə çalan yerdə gerçək bilikdən danışmaq həqiqətə, elmə, biliyə istehzadan başqa bir şey deyil. Dünyanın böyük bilik korifeylərindən olan Türk dahisi Məhəmməd Əbu Reyhan Biruni (973-1048) demişdir: "Fars dili Xosrov Ənuşirəvan əfsanələri yaratmaqdan başqa bir şeyə yaramır". Ondoqquzuncu yüzilin görkəmli Türk alimi, filosof və yazısıçı Mirzə Fətəli Axundzadə (1812-1878) demişdir: "Dünyada farslar qədər əfsanəyə inanan başqa bir xalq yoxdur".
Farslar əfsanələri - mifləri özlərinə tarix etmək üçün, tarixi özlərinin xeyrinə mifləşdirmək - əfsanələşdirmək üçün dəridən-qabıqdan çıxmış, bu yolda Türk, Bizans, Suriya, ərəb, hətta Britaniya və Rusiya imperatorluqlarının saraylarının qapılarında yüzillərlə təzim edərək, dondan-dona girərək sürünməklərini sürdürmüşlər. Hikmətlə yanaşı, əfsanə, nağıl, yaltaqlıq və hiyləgərliklə dolu "Kəlilə və Dimnə"ni Hindistandan oğurlayıb gətirmək üçün bir fars alimi öz ömrünün çoxunu hind saraylarında casus kimi çürütməyə razı olmuş, sonda istədiyinə çatmışdır. Bizim bu dediklərimizin doğruluğuna azacıq şübhə ilə baxanlar buyurub fars xalqının yaradıcılığı sayılan və dünyanın müqəddəs kitabları ilə yan-yana tutulan "Şahnamə"ni bircə dəfə vərəqləsinlər. Nə üçün "Şahnamə"ni fars xalqının yaradıcılığı sayırıq? Deyə bilərlər ki, bu ki, Firdovsinin əsəridir. O zaman gəlin Firdovsinin öz dediyinə baxaq. O, "kitabın hazırlanması barədə" başlığı altında:

Mənim sözlərimdə tapılmaz yalan,
Nə əfsun, nə əfsanə yazdım, inan!
Ağılla oxu, rəmz tapsan əgər,
Düşün, rəmz mənaya yol göstərər -

yazmasına baxmayaraq, görün həmin yerdə kimi tərif edir və ona haqq qazandırır. Bunu ondan qabaq onun sələfləri, fars dastançıları - əfsanə yazanları yapmışdır:

Qədimlərdə vardı böyük bir kitab,
Dəyərliydi, dastanları bihesab.
Uzun illər gəzdi o əldən-ələ,
Onu hər kəs istərdi əzbər bilə.

Yetişdi nəcibzadə bir pəhləvan -
Ağıllı, cəsarətli, söz anlayan,
Qədim dövr tarixini öyrənən,
Əsatirə min dürlü məna verən.

Bütün ölkədən yığdı möbidləri,
Tapılsın deyə hər sözün cövhəri.

Bəli, bu tarixçi, əsatirçi (mifçi) "qəhrəman" möbidləri (din xadimlərini, din böyüklərini) də bir araya gətirib, nə edir?

Böyüklər ona söylədi birbəbir
Qədim şahların macərası nədir.
Rəvayətləri dinlədi qəhrəman,
Gedib başladı bir böyük dastan.
O da dünyada qoydu bir yadigar,
Böyüklər onu hörmət ilə anar.

Buradan aydındır ki, Firdovsinin dediyinə görə, bu əfsanə, əfsun, rəvayət və qədim tarixləri iki ayrı-ayrı nəsil yazıbdır. Firdovsi sonra "Şair Dəqiqinin dastanı" bölməsində əvvəlki fikrini davam etdirərək yazır:

Kitabdan bu dastanları bir zaman
Seçib, sevdi söz qədrini anlayan.
Ağıllı, bilikli adamlar ki, var,
Bu dastanların aşiqi oldular.

Yetişdi, nəhayət, igid bir cavan -
Gözəl söz deyən, təbii, şeiri rəvan.
Dedi: - Bu kitabı çəkim nəzmə mən.
Ona "afərin" söylədi hər görən.

… …

Qara bəxt əlindən alıb içdi cam,
Ölüb getdi, qaldı əsər natamam.

Buradan hamıya aydındır ki, Firdovsi şair Dəqiqinin yazdığı "Şahnamə"dən danışır. Belə ki, Dəqiqi də keçmiş əfsanələri, əfsanələşdirilmiş (mifləşdirilmiş) iran-fars tarixini nəzmə çəkmiş, min (1000) beyt (2 min misra) yazmışdır. Dəqiqini öz xidmətçisi gənc yaşında öldürmüş, əsər yarımçıq (natamam) qalmışdır. Firdovsi "Şahnamə"ni götürmüş, onu şeir vəzni ilə davam etdirmişdir. Dəqiqinin min beyti indi Firdovsinin adına yazılan "Şahnamə"dədir. Dəqiqinin yarımçıq (natamam) "Şahnamə"sini bitirmək niyyətində olan Firdovsi yazır:

Dedim onda mən: -Bəxtim olsa kömək
Yazıb bu kitabı bitirmək gərək.
Deyirdim: -Bu işdə geciksəm əgər,
Girər ortaya başqa bir bəxtəvər.

Gördüyümüz kimi, həmin dövrdə ərəb işğalı altına düşmüş farslar ərəb xilafətinin dağılıb tam parçalanmasından istifadə edərək fars ruhunu yenidən dirçəltmək üçün öz əfsanəli tarixlərinə əl atmışdılar. Firdovsi davam edir:

Şəhərdə dost idi mənə bir nəfər,
Yanımda əzizdi o, canım qədər.
Mənə söylədi: -Fikrinə afərin,
Sənin tutduğun doğru yoldur, yəqin.
Tapıb pəhləvicə bu dastanı mən
Gətirrəm, yolundan geri dönmə sən!

… … …

Cəsarətlə çək nəzmə "Şahnamə"ni,
Böyüklər böyük işlə sevsin səni.
Yazıb mətni dostum gətirdi mənə,
Yeni canla ilham yetirdi mənə.

Firdovsinin bu dostu da çoxlu mətnlər toplamış, özü də bir çox mətni nəzmə çəkmişdir. O, bütün bunları Firdovsiyə verir və deyir:

Deyirdi: -Yazarsansa "Şahnamə"ni,
Çalış, şahlara çatdır o töhfəni.

Bəlli olduğu kimi Firdovsi və onun dostu sözsüz ki, Türk sultanı Mahmud Qəznəlini (969/70- 1030) nəzərdə tuturdular. Firdovsi "Sultan Mahmudun vəsfi" adlı bölmədə yazır:

O gündən ki, yoxdan var olmuş cahan,
Hələ gəlməmişdir belə hökmran.

… …

Bəzək verdi dünyaya başdan-başa,
Dönər altuna, əl vurarsa daşa.
Oyandı mənim taleyim bir zaman,
Düşündüm: -Başımdan çəkilmiş duman.
Dedim: -indi, artıq, olar söz demək,
Keçən əsrlər olsun aşkar gərək.

Bəli, göründüyü kimi, hər şey aydındır. Türk hökmdarları ərəb ağalığını yenmişdilər, əcəmi (qeyri-ərəbləri) ərəb zülmündən xilas etməkdə idilər. Bundan ustalıqla yararlanan farslar Türk qılıncına sığınaraq, öz milli keçmişlərini yenidən tərənnüm edərək cidd-cəhdələ fars milli ruhunu və şovinizmini dirçəltməyə çalışırdılar. Nə yazıq ki, Türklərin əli, pulu, qızılı, himayəsi sayəsində dirçəldilən fars şovinizmi əslində ərəblərdən daha çox Türklərə qarşı idi. Açıq-aydın fars şovinizmi Türk düşmənçiliyi demək idi. Bütün fars tarixi, əfsanələri, "keçən əsrləri aşkarlayan" əsərlər Türklərin Turanla dünyası ilə farsların təmsil etdiyi İran arasında gedən müharibələrə həsr edilmiş, həyatda tam tərsinə olduğu - yəni həmişə Türklərin qələbəsi olduğu halda yazıda farsların qələbəsi tərənnüm edilmiş, dünyada yaxşı, bəşəri nə varsa farslar, fars hökmdarlarının ayağına yazılmışdır. Dünyada ilk dövləti farslar yaratmış, fars hökmdarları bütün dünyaya hakim olmuş, dünyada ən gözəl varlıqları fars şahları tapmış, yaratmış, bəşərin istifadəsinə vermiş, daha nələr, nələr. Firdovsidən bir-iki misal:

"Kəyumərs" başlıqlı bölmədə yazır:

Ata söyləmiş oğluna bir xəbər,
Gəzər dilləri, keçsə də əsrlər.
Cahanda kim ilkin olub hökmdar,
Böyüklər ona göstərib etibar?

Qədim dövr tarixini izləyən,
Böyük şahlar haqqında dastan deyən
Demiş: -iah birinci Kəyumərs idi,
Başa tac qoyub, "padişaham" dedi.

Bu beytlərdən aydın olur ki, Firdovsinin yaşadığı dövrdə bu yalan bir həqiqət kimi "dillərdə gəzirmiş".
Burada ikinci bir mətləbə baxaq: Bunu kim demiş, kim yazmış? - "qədim dövr tarixini izləyən". Mifin necə tarixləşdirildiyini görürsünüz və Firdovsi qabaqcadan əsərinin başlarında yazırdı ki, "Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə, inan!", ancaq "Şahnamə" başdan ayağa əfsun, əfsanə və yalanlardan, saxtalıqlardan, boş tərif və yaltaqlıqdan ibarətdir. Sultan Mahmud Qəznəli tarixdə məlum, görkəmli şəxsiyyət, istedadlı sərkərdə, bilikli olduğu kimi, elmə, biliyə, şeirə, sənətə çox böyük qiymət vermiş, elm və mədəniyyət hamisi kimi tarixdə tanınmışdır. Tarixi şəxsiyyət olan Mahmud Qəznəli Firdovsinin "vəsf" adı altında yaltaqlanıb, saxtalaşdırdığı Mahmuddan çox fərqlidir.
Firdovsi yazır:

Bu, Hindistanın şanlı sultanıdır,
Bu, Rumun qızıl taclı xaqanıdır.
Ədalətlə vermiş cahana bəzək,
Günəşdir onun tacı, təxti fələk.

Bəlli olduğu kimi, Sultan Mahmud Hindistana 17 kərə hücum edib, oranı hakimiyyəti altına alıb, ancaq o nəinki Ruma (Bizansa), hətta Azərbaycana belə gəlib çatmayıb, daha doğrusu hücum etməyib və heç bir zaman da Rum (Bizans) ona hər hansı şəkildə tabe olmayıb. Əslində Firdovsi Rumun (Bizansın) harada yerləşdiyini də dəqiq bilmirmiş, çünki o, "Şahnamə"nin başqa bir yerində belə yazır:

Salınca nəzər şah, Səlm oğluna:
Halaldır, -dedi, -Rumu-Xavər ona,
Buyurdu: -Götürsün qoşun, durmadan
Şahənşah kimi şərqə olsun rəvan.

Burada göstərildiyi kimi, Fəridun şah guya dünyanın şahənşahıdır. O, dünyanı üç oğlu arasında üç yerə bölür. Rumu-Xavəri böyük oğlu Səlmə verir, İranzəmində ortaya göndərir. Onda Səlm İrandan çıxanda şərqə yox, Qərbə getməli idi.

Sultan Mahmudu "vəsf" edən şair yazır:
Çinə, Kəşmirə, Hində bir sal nəzər,
Bütün padişahlar ona baş əyər.

Firdovsi yalanın gözünə doğrunu qatıb zəhərli yalanı şəkər kimi savadsız və az savadlı oxucusuna yedizdirir. Bu, doğrudan-doğruya insanlıq qarşısında cinayətdən başqa bir şey deyil. Çin imperatorunun XI yüzildə Sultan Mahmuda baş əyməsi, Firdovsinin yalanından, gopundan və yaltaqlığından doğan fantaziyası, əfsanəsidir. Öz yaşadığı dövrün tarixini, şəxsiyyətlərini əfsanələşdirən bir şairin qədim qaranlıq tarixləri necə mifləşdirəcəyi apaydındır.
Fars şovinizmi həmişə allahı və dinləri xalqla şahlar arasında bir alətə, vasitəyə çevirib. Nə yazıq ki, bu, islam dininə münasibətdə də belə olmuşdur. Firdovsi bunu bir hikmət, bir fars atalar sözü kimi qələmə almışdır:

O istər görə xalqı allahpərəst,
Çünki allahpərəstlər olar şahpərəst.

Deməli xalqa dini, allahı ona görə öyrədir, təbliğ edirlər ki, xalq bu yolla sonucda "şahpərəst" olsun. Dindən və allahdan amac budur. Görəsən, Ulu Tanrı bu iyrənc məqsədləri bağışlayacaqmı? Axı belə olmaz! Şah dinə xidmət etməlidir, din şaha yox! Bir daha yada salaq ki, fars şovinizmi öz varlığını yaşadıb, dirçəldib, hakim mövqe tutmaq üçün:

Dinləri mifləşdirib;
Mifləri tarixləşdirib;
Tarixi mifləşdirib.

Bunların hər üçü bəşəriyyət üçün çox təhlükəlidir; mifləri tarixləşdirmək isə bəşər üçün əvəzedilməz önəmi olan tarix elminə alçaq bir qəsddir. Çağdaş tarixçilər buna qarşı amansız mübarizə aparmasalar tarix elmi məhv olar. Bir daha Lev Qumilyovun sözünü təkrarlamağa məcburuq: "Mif başlayan yerdə elm qurtarır".


Barış URMUL
Noveç/Oslo
Bu xəbər oxucular tərəfindən 219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed