Şrift:
Tifsidəki Azərbaycan teatrı yeni tamaşa təqdim edib
25.11.2019 [12:18] - Borçalı
Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Anton Çexovun "Ayı" pyesi əsasında hazırladığı eyniadlı tamaşanı nümayiş etdirib. Azərbaycan dilində hazırlanan yeni səhnə əsəri tamaşaçılara Amiran Şalikaşvili adına Gürcüstan Dövlət Pantomim Teatrında təqdim olunub.
Tamaşanın rejissoru, rəssam və musiqi tərtibatçısı teatrın bədii rəhbəri Turqay Vəlizadədir. Səhnə əsərində rolları T.Vəlizadə ilə yanaşı, teatrın aparıcı aktrisaları Leyla Qasımova və Aida Tağıyeva canlandırıblar.
Tamaşanın əsas süjet xəttini borc məsələsi üzərində qurulan gərgin münasibətlər təşkil edir. Həyat yoldaşının vəfatından sonra qəm-kədər içində yaşayan mülkədar Yelena İvanovna Popovanın evinə qəfil Qriqori Stepanoviç Smirnov gəlir. O, Popovadan vəfat etmiş ərinin ona olan borcunu dərhal qaytarmağı tələb edir. Mülkədar qadın Smirnovdan müəyyən müddət möhlət istəyir, qonağı ədəbsiz, nəzakətsiz və ayı adlandırır. O, qulluqçu Lukaya qəfil qonağı evdən çıxarmağı əmr edir. Borc qaytarılmadığından tərəflər duelə çıxır. Smirnov qadını silahla necə rəftar etməyi öyrədir. Elə bu zaman o, İ.Popovaya sevgi etirafı edir. Qadın Smirnovdan çıxıb getməsini tələb etsə də, sonda onun sevgisini qəbul edir. Tamaşanın premyerasını izləyənlər arasında azərbaycanlı tələbə və gənclər üstünlük təşkil ediblər. "Ayı" əsərinin səhnə həlli böyük maraq və alqışlarla qarşılanıb. T.Vəlizadə müsahibəsində bildirib ki, tamaşa bu vaxta qədər Qazaxıstan və Litvada beynəlxalq teatr festivallarında uğurla nümayiş etdirilib. Bədii rəhbərin sözlərinə görə, teatr tamaşa ilə Türkiyədə yaxın zamanlarda keçiriləcək beynəlxalq festivala dəvət alıb.
Qeyd edək ki, Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı "Ayı" tamaşasını gürcü dilində və başqa aktyorların ifasında 2017-ci ildə də təqdim edib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed