Şrift:
İki fərqli Müsavat
25.10.2011 [14:47] - Gənclik
Şəhla Feyruzbəyli,
MDHP sədrinin gənclər üzrə müşaviri


2011-ci il əsası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuş Müsavat partiyasının 100 yaşı tamam olduğu ildir. Ancaq bu əlamətdar hadisədən təəssüf ki, çox az adam xəbərdardır. Bu gün əsas informasiya ötürücüsü televiziyalardır. Televiziyalar niyə bu günləri təbliğ etmir? Səbəb nədir? Bəlkə o “yuxarılar” deyilən yerdən hansısa qadağalar qoyulur? Ola bilərmi ki, o televiziyalarda çalışan redaktorlar savadsızlığından irəli gəlsin ki, tarixi günlərin təbliğatı zəifdir ya da əlamətdar günlərlə bəzi “umumilli” günləri səhv salırlar və TV-lərin monitorunun yuxarıdan sol tərəfinə şəkillər əlavə edirlər?

Musavatçılıq bir ideologiyadır. Dövlətçiliyin, Türkçülüyün, millətçiliyin və demokratiyanın cəm olunduğu bir ideologiya.
Mətbuatdan izlədim ki, mövcud Müsavat partiyası Müsavatın yaranmasının 100 yaşının təntənəli şəkildə qeyd olunması haqqında aidiyyatı orqanlara müraciət etmiş və müvafiq yer ayrılması barədə təklif etmişdir. Ancaq hakimiyyət isə heç bir yer ayırmamış və tədbirin keçirilməsinə icazə verməmişdir. Bəzi ekspertlər hakimiyyətə haqq qazandırır ki, mövcud Müsavat partiyasının sədri İsa Qəmbər sadəcə o adı istifadə etmək istəyir. O öz enmiş nifuzunu bərpa etmək üçün eyniadlı partiyasını gündəmə gətirmək üçün bu addımı atır. Başqa bir tərəf isə bu bayramın qeyd edilməməsini hakimiyyətin qısqanclığı kimi qiymətləndirir. Belə ki, hakimiyyət Rəsulzadənin rəhbəri olduğu Müsavatla müasir 17-18 il bundan əvvəl yaranmış Müsavatı bir tərəzidə görməli deyildi. Ən azından o Müsavatın rəhbərlərinin səyi ilə bu gün də bizi dünya birliyi dövlətləri arasında tanıdan, daima yüksəklərdə dalğalanan üçrəngli bayrağımız məhz Azərbaycan Xalq Cumhuriyyəti dövründə təsis olunub. Şərqdə ilk demokratik dövlət məhz Azərbaycanda yaranıb.
Yadımdadır, ötən il mətbuat orqanlarından biri Rəsulzadə və Milli Hökumət dövrü, eyni zamanda Bakı Dövlət Universitetinə Rəsulzadənin adının qaytarılması ilə bağlı sorğu keçirmişdi. Bir sıra dövlət adamları və ziyalılar bu sorğunu cavablandırsa da ürəkaçan bir nəticə olmamışdı. Məsələn Millət Vəkili Fəzail Ağamalı aqressiv şəkildə “M. Ə. Rəsulzadə çox şişirdilir. Azərbaycan dövlətçiliyinin əsasını Heydər Əliyev qoyubdur” cavabını vermişdir. Sayın vəkilə cavab verən olmadı ki, Heydər Əliyevin öpdüyü bayraq, qarşısında baş əydiyi himn Rəsulzadənin səyi və uzaqgörənliyi sayəsində yaradılmışdır. Bu cavab çətin və məsuliyyətli bir dövrdə dövlətçiliyimizi bərpa etmiş Rəsulzadəyə və onun ətrafında olmuş onlarla milli mücadilə əsgərlərinin ruhuna da sayğısızlıqdır.
Yenidən dönmək istəyirəm bu günə. İstər gənclər , istər ziyalı təbəqəsi, istərsə də müxtəlif təbəqələrdən olan ictimaiyyət toplusu arasında Musavat təşkilatının 100 illiyinin dövlət səviyyəsində keçirilməməsi mövcud Azərbaycan hakimiyyətinə qarşı antipatiya yaratdı. Doğrudan da 1911-ci ildə yaradılmış Müsavatla bu günkü Müsavatı bir tutmaq olmaz. Həm ideologiya baxımından, həm rəhbər baxımından, həm də qarşıya qoyulan məqsəd baxımından. O, Musavat Azərbaycanın bütövlüyünü əsas götürmüş, milli kimliyinin qorunmasını əsas tutmuş, milli dəyərlər uğrunda mübarizərə qatılmışdır. Rəhbərindən tutmuş adi üzvünə kimi hər kəs milli mücadilə əsgərləri olmuşdular. Bu günkü Musavat isə yarandığı gündən ancaq şəxs ətrafında birləşmiş, Azərbaycanın milli dəyərlərinə zərbə vurmaqla məşğul olmuşlar. Avropa demokratiyası adı altında bəzi parçalamlar aparmışlar. Uzağa getmək lazım deyil, elə bu partiya yarandığında ilk fəaliyyətlərini öz rəhbərlərinə - Rəsulzadə yolunun davamçısı olan Əbülfəz Elçibəyə xəyanətlə başladılar. Bu da o deməkdir ki, Elçibəyə xəyanət etmək Müsavatçılığa xəyanətdir. “Əbülfəz bəy isə demişdir: Şeyx Məhəmməd Xiyabani və Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətçiliyinin bərpasına və qorunmasına ilk tövhə verən dahilər idilər.”
Bu xəbər oxucular tərəfindən 2161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed