Şrift:
Ukraynadakı yeni qanun layihəsi həmvətənlərimiz üçün böyük imkanlar açacaq
14.01.2020 [08:39] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsi qəbul olunduqdan sonra xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün böyük imkanlar açılacaq. Ukraynada yaşayan soydaşlarımız, diaspor fəalları qanun layihəsinin həmvətənlərimizə böyük üstünlüklər verəcəyini vurğulayıblar. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərov açıqlamasında söyləyib ki, qanun layihəsində “Soydaş vəsiqəsi”nin verilməsi də nəzərdə tutulur. Bu da xaricdə yaşayan soydaşlarımız üçün böyük önəm kəsb edir. Bununla soydaşlarımız böyük dividentlər əldə edəcək.
“Bu qanun layihəsi qəbul edildikdən sonra soydaşlarımız Azərbaycana vizasız gediş-gəliş əldə edəcək, həmçinin Azərbaycan ərazisində əmək müqaviləsi ilə çalışmaq hüququ qazanacaqlar. Bundan başqa, bu sənədlə ödənişsiz təhsil əldə etmək imkanı da yaranacaq. Vəsiqələrin xaricdə yaşayan soydaşlarımıza, Azərbaycan əsilli əcnəbilərə, Azərbaycan SSR-nin keçmiş vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə veriləcəyini nəzərə alsaq, qətiyyətlə demək olar ki, bu, Azərbaycan dövləti tərəfindən həmin şəxslərə qarşı böyük dəstəkdir. Eyni zamanda, bununla gələcəkdə vergi və digər güzəştlərin əldə edilməsi də nəzərdə tutulub ki, bu da təqdirəlayiq haldır. Belə bir təşəbbüs yalnız alqışlana bilər”, - deyə M.Cəfərov əlavə edib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov AZƏRTAC-a açıqlamasında “Soydaş vəsiqəsi”nin verilməsinin xaricdə yaşayan azərbaycanlılar üçün böyük imkanlar yaradacağını söyləyib. O deyib: “Azərbaycan Prezidenti İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması və onlara geniş imkanların açılması üçün dəstəyini heç zaman əsirgəmir. Belə bir qanun layihəsinin hazırlanması da bu siyasətin tərkib hissəsidir”.
Onun sözlərinə görə, qanun layihəsində qeyd olunan imtiyazlar sayəsində soydaşlarımız tərəfindən Azərbaycana qoyulan investisiyaların həcmi də artacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildə xaricdə yaşayan soydaşlarımıza dəstək verən iri layihələrə imza atdığını deyən Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədov AZƏRTAC-a açıqlamasında bu təşəbbüsü dəstəklədiyini qeyd edib. O bildirib: “Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Hesab edirəm ki, soydaşlarımıza imtiyazların verilməsi ümumilikdə Azərbaycan dövlətinin inkişafına xidmət göstərəcək. Bu, özünü həm siyasi, həm də iqtisadi baxımdan büruzə verəcək”.
Katib Məmmədov qeyd edib ki, bu qanun layihəsinin qəbulu dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsi, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsi üçün güclü zəmin formalaşdıracaq.

DAVAM.AZ
“Kiyev Bürosu” (Ukrayna)
Bu xəbər oxucular tərəfindən 110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed