Şrift:
Seymur Həsənli: “Azərbaycan və Türkiyə türklərini qarşı-qarşıya gətirmək siyasəti yürüdülür.”
21.09.2012 [15:36] - Gündəm, Gənclik
Şah Xətai və Sultan Səlim. Kim daha çox türkçü idi?

Dünən Türkiyənin “Star” kanalında yayımlanan “Muhteşem Yuzyıl” serialında Azərbaycan şahına qarşı daha bir təhqiramiz ifadə işlənib.
Serialın 65-ci bölümündə Sultan Süleymanla eyni dövrdə Azərbaycana rəhbərlik etmiş, Şah İsmayılın oğlu Təhmasibi aşağılayıcı ifadələr səslənib. Sultan Süleymanın vəziri İbrahim Paşa Şah Təhmasibi “dəyyus” adlandırıb və onun “şah”lığını lağa qoyub: “Bir Osmanlı bəyi, Təhmasib deyilən o dəyyusa şah ünvanı ilə xitab edə bilməz. Heç bir Osmanlı bəyi Təhmasiblə hünkarımızı müqayisə edə bilməz. Göy üzündə necə ki bir günəş varsa, yer üzündə də bir tək imperator var ki, o da Sultan Süleyman xandır”.
Qeyd edək ki, bu, “Muhteşem Yuzyıl” serialında Azərbaycan şahlarına qarşı ilk təhqir deyil. Serialın ötən mövsümündə Sah İsmayılın şahlığı ələ salınmışdı və o, “əmir” kimi təqdim olunmuşdu.


Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri, gənc tarixçi Seymur Həsənlinin fikirlərini öyrəndik.

Tarixdə baş vermiş hər hansı bir hadisənin hazırkı dönəmdə, özü də yalnış formada gündəmə gətirilib siyasiləşdirilməsi, təxribatdan başqa bir şey deyil. Elə Səfəvi-Osmanlı dövründə iki türk dövlətinin yaxınlaşmasından qorxuya düşən Avropa onları qarşı-qarşıya qoymuşdu. Hansının səhvinin az və ya çox olmasından aslı olmayaraq biz edilən səhvləri qınayır və millətimizi tarixdən nəticə çıxarmağa dəvət edirik. Əslində elə edilən səhvlər də buna görə lazımdır ki, gələcək nəsillər nəticə çıxarıb bir daha təkrarlamasın. Amma bu gün adını çəkdiyiniz film vasitəsilə göstərilənlər, tarix olduğu qədər də siyasətdir. Ona görə ki, yaxınlaşan və qardaşlığını möhkəmləndirmək yolunda olan Azərbaycan və Türkiyə türklərini qarşı-qarşıya gətirmək siyasəti yürüdülür. Bu işdə qanı bizdən olmayan və ya hansısa qüvvəyə satılıb bizdən olduğu kimi görsənənlərdən yaxşıca yararlanırlar. Danışdıqlarım məsələnin siyasi tərəfidir və mən həmişə birlik nöqteyi-nəzərindən çıxış etməyə daha çox tərəfdar olmuşam. Mənim üçün şiə, sünni və islamdan gələn digər təriqətlərin heç birinin əhəmiyyəti yoxdur. Millət və dövlət maraqlarıma xidmət edən hər kəs - dinindən, təriqətindən asılı olmayaraq dəyərlidir. Çünki Türkçülük hər şeydən öndədir. Bu, hansı təriqətdən və dindən olmasına baxmayaraq bütün türkləri birləşdirən bir idealogiyadır.

Amma məsələyə tarix baxımdan da yanaşıb həqiqətlərə də toxuna bilərəm. Bunun üçün Şah Xətai dönəminə qısa bir nəzər salaq. Məlum olduğu kimi həmin dönəmdə nəinki Şərqdə və Qərbdə, bütün dünyada dövlət idarəçilik formaları din üzərində qurulmuşdu. Bununla bərabər Xətai dövlət qurduğu zaman onun qonşuluğunda bütün dünyanı lərzəyə salan sünni mərkəzli, ümmətçiliyə əsaslanan Osmanlı dövləti var idi. Azərbaycanda əhalinin əksəriyyəti isə şiə təriqətində idi. İndi sual verirəm, Şah İsmayıl Xətai bu halda nə etməliydi? -Təbii ki, dövlətin idarəçilik forması olaraq dini seçməliydi. Çünki bu dünyanın reallığı idi. Dində də müəyyən təriqətə əsaslanmalıydı ki, hakimiyyəti möhkəm dayaqlar üzərində qurulsun.

Bundan başqa, Türk Birliyinin parçalanmasına yalnız təriqətçilik baxımdan yanaşmaq düzgün deyil. Çünki hələ Şah Xətai və Sultan Səlimdən öncə Əmir Teymurla İldırım Bəyazid toqquşmuşdular. Yaxşı, bəs bu iki böyük qəhrəman niyə savaşırdı? Axı hər ikisi sünni idi. Demək, məsələ heç də təriqət deyil, sadəcə dövrün reallığından irəli gələn dünyaya hökm etmək iddiası idi.
İndi isə həmin tarixə türkçülük baxımından yanaşaq. Şah Xətai və Sultan Səlim. Kim daha çox türkçü idi? Osmanlı dövlətində fars və ərəb dilinin hakim olduğu bir vaxtda Şah İsmayıl Türk dilini (Azərbaycan türkcəsini) dövlət dili olaraq qəbul etdi. Sultan Səlim Şah İsmayıla öz məktublarını farsca yazanda Xətai cavab məktublarını türkcə yazırdı. Şah İsmayıl ordunu milliləşdirdi. Və Türk dilini orduda danışıq dilinə çevirdi. Türkcə hərbi terminlər qəbul etdirdi. Bundan başqa, məlum olduğu kimi Xətai həm də şair olub. Məhz Şah İsmayıl öz şeirlərini ərəbin əruz vəznində yazmaqdan imtina edərək, türk şeir janrı olan heca vəznini seçmiş və bütün ədəbi yaradıcılığını bu janr üzərində qurmuşdu.

İstər Şah İsmayıl Xətai, istər Şah Təhmasib və daha başqa hər hansı türk böyüyü ilə bağlı qərəzli mövqe hələ də osmanlıçılıq şüurundan ayılmayan və dinin təriqət anlayışı çərçivəsindən kənara çıxa bilməyən, türkçülük şüuru formalaşmayan şəxslərin Avropanın və ABŞ-ın oyunlarında iştirakdan qaynaqlanır. Biz daha çox 1915-ci ildə Azərbaycan türklərinin Çanaqqalada 3200-dən yuxarı Şəhid verməsini, Türkiyə türklərinin 1918-ci ildə Bakının qurtuluşunda iştirakını və Şəhid olmalarını, 1922-ci ildə doktor Nərimanov vasitəsilə “Qardaşın qardaşa borcu olmaz” prinsipi ilə Türkiyəyə göndərilən qızıl və nefti, 1988-1994-cü illərdə Türkiyə türklərinin Qarabağda döyüşməsini və Şəhid olmasını təbliğ etməliyik. Çünki yolumuz birliyə doğrudur.

Oktay/”Xalq Cəbhəsi” qəzeti
Bu xəbər oxucular tərəfindən 1625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed