Şrift:
“Dərbənd: Tarixi oçerklər” kitabı çapdan çıxıb
13.02.2020 [10:51] - Sosial, Dərbənd
“Dərbənd: Tarixi oçerklər” kitabı çapdan çıxıb.

600 səhifəlik kitabda Dərbənd şəhərinin tarixi, arxeologiyası, memarlıq abidələri haqqında ətraflı məlumat verilib. Həmçinin bu ərazidə baş vermiş hərbi-siyasi hadisələr, Şimali Azərbaycanın müdafiə sistemində Dərbəndin strateji əhəmiyyəti və onun müdafiə qurğularının inşa edilməsi prosesi ətraflı tədqiq olunub. Dərbənddə hərbi istehkamların və müxtəlif təyinatlı müdafiə qurğularının inşası barədə məlumatlar geniş mənbələr əsasında kitabda ətraflı təhlil olunur, əlavələrdə onların qısa tarixi arayışı verilir.

Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, baş redaktoru Azərbaycan Respublikasının Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.
Üç fəsildən ibarət nəşrin “Dərbənd şəhərinin qısa tarixi oçerki” adlı birinci fəslində bu qədim şəhərin iki min illik tarixi, Azərbaycanın şimal sərhədlərinin müdafiəsində strateji əhəmiyyəti, Dərbənddə baş verən hərbi-siyasi hadisələr müxtəlif mənbələr əsasında ətraflı təhlil edilərək oxuculara çatdırılıb.

“Dərbənd və Azərbaycan arxeologiyası” adlı ikinci fəsildə mühüm ticarət yollarının üzərində yerləşən qədim şəhərin tikililəri, Dərbəndin ictimai, iqtisadi və mədəni həyatı, sənətkarlıq məhəllələri, müxtəlif dövrlərdə burada aparılan abadlıq işləri, məscidlər, mədrəsələr, qəbiristanlıqlar və s. barədə ətraflı söhbət açılıb.

Nəşrin “Dərbəndin müdafiə-istehkam qurğuları” adlanan üçüncü fəslində isə qədim Albaniya dövlətinin müdafiə sistemində Dərbəndin hərbi-strateji əhəmiyyəti (e.ə. III əsr, b.e. IV əsr), tarixin müxtəlif dövrlərində şəhər istehkamları, qalaları və qapıları barədə məlumatlar toplanıb.

Əlavələr bölməsində Dərbənd şəhərinin müdafiə-istehkam qurğularının tarixi barədə məlumatlar xronoloji ardıcıllıqla oxucuların diqqətinə təqdim olunub. Bu bölmədə, həmçinin arxeoloji xəritələr, tarixi abidələri və şəhər ərazisində tapıntıları əks etdirən fotoşəkillər də böyük maraq doğurur.

Kitab geniş oxucu auditoriyası, o cümlədən ali və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbələri və kursantları üçün sanballı elmi mənbədir. Bundan başqa, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın tarixini dərindən bilmələri baxımından da bu nəşr qiymətli mənbədir.
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed