Şrift:
İsraildə Xocalı soyqırımına həsr edilmiş “Haray” toplusunun təqdimatı olub
26.02.2020 [10:20] - Diaspor
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası hər il 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni millətçiləri tərəfindən törədilmiş, 613 dinc sakinə, o cümlədən qocalara, qadınlara və uşaqlara amansız divan tutulması ilə nəticələnmiş soyqırımına həsr olunmuş müxtəlif aksiyalar keçirir.
“Azİz”in mətbuat xidmətindən bildiriblər ki, assosiasiya məxsusi olaraq Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Haray” toplusunu çap etdirib. Nəşrə tanınmış Azərbaycan yazıçısı Günel Anarqızının “Qarabağ hekayələri” və Azərbaycan əsilli çexiyalı şairə Leyla Bəyimin “Qarabağ şikəstəsi” sonetlər çələngi daxildir.
Toplunun müəllifləri bu kədərli tarixə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün İsrailə gəliblər. Müəlliflərlə yanaşı, Milli Məclisin deputatı Rauf Əliyev də tədbirlərin fəxri qonağı olub. Tədbirin aparıcısı, “Azİz”in Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib ki, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkil etdiyi bu təqdimat dünya miqyasında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilir. Kampaniya erməni işğalçılarının qəddarlığı barədə həqiqətləri dünyaya danışmaq məqsədi daşıyır. Onların qəsbkarlıq fəaliyyəti nəticəsində Azərbaycanın əzəli torpaqlarının 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ona bitişik 7 rayon minlərlə günahsız insanın həyatı bahasına işğal edilib. Bakı Kitab Mərkəzinin direktoru, yazıçı Günel Anarqızı qonaqlara layihədən söz açaraq vurğulayıb ki, “Haray” toplusunun təqdimatı Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunub. “Haray” (“Cry”) layihəsi 2013-cü ildən başlayaraq dünyanın müxtəlif ölkələrində həyata keçirilir. Rejissor Yefim Abramov Günel Anarqızının “Qarabağ hekayələri” silsiləsindən “Ataya məktub” hekayəsini oxuyub. Toplunun həmmüəllifi, şairə Leyla Bəyim “Haray” toplusunun nəşrinə görə “Azİz” Assosiasiyasına təşəkkürünü bildirib və “Qarabağ şikəstəsi” sonetlər çələngindən bir parça oxuyub. Ertəsi gün Prezident meşəsində, “Xocalı 613” bağındakı mitinqdə toplunun təkrar təqdimatı olub. Bu faciəyə görə dərin təəssüf hissi keçirdiyini söyləyən Knessetin deputatı Mark İfraimov ümidvar olduğunu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda öz ədalətli həllini tapacaq. “Xocalı faciəsinin 613 qurbanı mənə Tövratın 613 ehkamını xatırladır. Mən istərdim ki, 613 ehkam yəhudi xalqını İsrail torpağında birləşdirdiyi kimi, qoy 613 qurban da Azərbaycan xalqını ərazi bütövlüyü və tərəqqi yolunda birləşdirən rəmzə çevrilsin”, - deyə Mark İfraimov qeyd edib. Tədbirlərin sonunda arzu edən hər kəsə müəlliflərin avtoqrafları ilə “Haray” toplusu təqdim edilib. “Azİz” Assosiasiyası tərəfindən nəşr ediləcək daha bir toplunun təqdimatı bu gün Moskvada, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində təşkil olunacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 77 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed