Şrift:
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümü anılıb
27.02.2020 [09:35] - Diaspor
Azərbaycan xalqının qanlı yaddaşından olan Xocalı soyqırımının 28-ci ildönümü Bolqarıstanın paytaxtı Sofiyada anılıb. Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Sofiyada 24 fevral 2020-ci il tarixində Xocalı soyqırımına həsr olunmuş Azərbaycan rəssamlarının rəsm əsərlərinin reproduksiyaları və uşaqların rəsm nümunələrindən ibarət sərgi təşkil edilib. Tədbir çərçivəsində bolqar ifaçısı Ani Linçeva tərəfindən Azərbaycan, Bolqarıstan və dünyaca tanınmış bəstəkarların klassik əsərləri pianoda ifa edilib.
Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Xocalı soyqırımını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə günahsız insanların bir gündə baş vermiş ən böyük qətliyamı adlandıraraq 28 il bundan öncə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı güvvələrinin SSRİ ordusunun əsasən ermənilərdən ibarət 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə xaincəsinə hücüm etdiyini və dinc sakinlərin qəddarcasına qətlə yetirdiyini bildirib. O, Dağqlı Qarabağ regionunun yeqanə aeroportuna malik Xocalı şəhərinin qanlı hadisədən öncə 4 aya yaxın Ermənistan silahlı güvvələri tərəfindən tamamilə mühasirəyə alındığını və yalnız helikopterlər vasitəsilə Azərbaycanın digər hissəsi ilə əlaqədə olduğunu, nəticədə şəhərdə su, elektrik enerjisi, qida və tibbi yardım çatışmazlığının yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 28 yanvar 1992-ci il tarixində ermənilərin Ağdamdan Şuşaya uçan mülki helikopteri vurması nəticəsində 3 ekipaj üzvü və 41 sərnişinin həlak olması nəticəsində şəhərə aparan hava əlaqəsinin dayandırıldığı bildirilib. Qeyd olunub ki, Ermənistan silahlı güvvələrinin hücumu nəticəsində soyuq fevral gecəsində yerlə yeksan olunmuş Xocalı şəhərindən xilas olmağa çalışan günahsız sakinlər 16 kilometr məsafədə yerləşən Azərbaycanın nəzarətindəki ən yaxın yaşayış məntəqəsi olan Ağdam şəhərinə üz tütmüş, lakin onların çox az hissəsi həyatlarını qurtara bilmişdir. Bir çox qadın və uşaq donaraq yolda həlak olmuşdur. Xocalı soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan daxil olmaqla 613 günahsız və silahsız Azərbaycanlının oldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin taleyinin naməlum qaldığı, 8 ailənin tamamilə məhv edildiyi, 130 uşağın 1 valideyni, 25 uşağın isə hər iki valideynini itirdiyi söylənilib. Öldürülənlərdən 56 nəfərin xüsusi qəddarlıqla qətlə yetirildiyi bildirilib. N.Qurbanova Xocalıda baş verən hadisələrin hərbi tələbdən irəli gəlmədiyini və məhz azərbaycanlı olduqları üçün silhasız və günahsız mülki şəxslərə qaşı açıq-aşkar soyqırım aktı olduğunu vurğulayıb. O, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bu ölkənin müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda sındırıldığını etiraf etdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, ermənistan silahlı güvvələr tərəfindən törədilən amansız qətliyamı təsvir edən qanlı hadisələrin şahidləri fransız jurnalisti Jan-İv-Yunetin xatirələrindən və erməni jurnalisti Davud Xeyriyanın “Xac naminə” kitabındakı açıqlamalarından bəzi hissələr sitat olaraq oxunulub. Soyqırım nəticəsində böyük sayda insan haqqları pozuntularının Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzi və “Human Rights Watch” (keçmiş Helsinki Watch) təşkilatının müstəqil hesabatlarında təsdiqləndiyi qeyd olunub. N.Qurbanova bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin 22 aprel tarixli qərarında Xocalıda törədilmiş soyqırımda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirilməsi nəticəsinə qəlmişdir.
N.Qurbanova Xocalı ilə yanaşı Quşçular, Malıbəyli, Qaradağlı və digər Azərbaycan şəhər və kəndlərində törədilən soyqırımların təşkil və icrasında günahlar olanların cinayət məhsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulayaraq törədilmiş beynəlxalq humanitar hüquq və insan haqları pozuntularına dair həqiqətin müəyyən edilməsi, zərərçəkmişlərə adekvat və səmərəli təzminatın verilməsi və belə bir pozuntuların təkrarlanmaması məqsədilə institusional addımların atılması zərurətini qeyd edib. Cəzasızlığa son verilməsinin tək münaqişə tərəflərin və günakarların məhsuliyyətinin müəyyənləşdirilməsi üçün deyil, həm də davamlı sülhün təmin edilməsi üçün mühüm olduğu vurğulanıb.
Tədbirdə Bolqarıstanın dövlət qurumlarının, Xalq Məclisinin (parlamentin) və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai və mədəni xadimlər iştirak edib. Bolqarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti də qonaq qismində tədbirə qatılıb. Tədbirin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb. Bundan əlavə, 26 fevral 2020-ci il tarixində Sofiya şəhərindəki “Banya Başı” məscidində Xocalı şəhidlərinin ruhuna Qurani-Kərim oxunub, dualar edilib, Səfirliyin təşkilatçılığı və Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin dəstəyi ilə məscidə ibadətə qələnlərə ehsan verilib. 26 fevral 2020-ci il tarixində həmçinin Səfirliyin təşkilatçılığı, Bolqarıstan Müsəlmanlar Diyanəyi Baş Müftiliyi və “Mədəni Qarşılıqlı Əlaqə Assosiasiyası” dərnəyinin dəstəyi ilə dərnəyin inzibati binasında tədbir keçirilib. Tədbirdə iştirakçılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, günahsız insanların qəddarcasına qətlə yetirilməsi ilə nəticələnmiş bu qətliyama həsr olunmuş filmin nümayişi təşkil edilib. Tədbirdə Bolqarıstan Müsəlmanları İslam Şurasının sədri, Bolqarıstan Müsəlmanları Diyanəti Baş Müftiliyinin təmsilçiləri, türk və müsəlman icmasının nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak edib. Həmçinin, Xocalı soyqırımı və soyqırımının 28-ci ildönümü ilə bağlı tədbirlər yerli KİV-də işıqlandırılıb. Səfir N.Qurbanova Bolqarıstanın aparıcı KİV-lərindən olan “Focus” xəbər agentliyi tərəfindən xüsusi hazırlanan “Azərbaycan – yaxın və kəşf edilməmiş” adlı verilişin fevral ayı üzrə buraxılışında Azərbaycanın müasir tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bolqarıstanın regional nəşri olan “Kırcaali Haber” qəzetində Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatı və Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərlərinin müraciəti çap edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed