Şrift:
Güney Azərbaycandakı vəziyyətlə razılaşa bilmərik
12.10.2012 [14:43] - Müsahibə, Güney Azərbaycan-Təbriz
Babək Turan: «Ya fars rejiminin haqsızlıqları qarşısında susub millət kimi məhv olacaqsan, ya da hər cür fədakarlığa hazır olub haqqını tələb edəcəksən»

«Qarabağda axıdılan qan həm də hər bir güneylinin qanıdır»

Budəfəki həmsöhbətimiz əslən Təbrizdən olan, hazırda isə Kanadada siyasi mühacir həyatı yaşayan Babək Turandır.
- Milli mübarizəyə necə qoşuldunuz?
- Tələbə idim. Təhsil aldığım universitetdə milli fəallar vardı. Tənəffüslərdə, asudə vaxtlarda tələbələr arasında milli məsələlərlə bağlı danışırdılar. Tam siyasi və kəskin deyil, ümumi hüquqlarımızdan söhbət edirdilər. Çünki tam açıq şəkildə danışa bilməzdilər. Mən təhsil aldığım müddətdə bir neçə milli fəal elə siyasi fəaliyyətinə görə qovuldu. Odur ki, universitetdə milli düşüncəsilə seçilən, nisbətən aktiv tələbələr hər zaman rəhbərliyin diqqətində olur. Dediyim kimi milli fəalların bir neçə söhbətini dinləmişdim. O zamana qədər milli azadlıq mübarizəsi haqqında heç bir təsəvvürüm yox idi. Sadəcə onların həbs olunduğunu eşidirdim. Amma həbs edilmələrinin səbəbləri və fəaliyyətlərilə bağlı məlumatım yox idi. Milli fəalların söhbətləri çox marağıma səbəb olurdu, dediklərinin doğru olduğunu başa düşürdüm. Əslində Güney Azərbaycanda hansı hüquqlarımızın pozulduğunu, rejimin bizə qarşı qərəzli siyasətini başa düşmək üçün politoloq və ya güclü siyasətçi olmağa gərək yoxdur. İranda cəmi bir neçə ay yaşamaq özünün bunların şahidi olmağın üçün kifayət edər. Odur ki, milli fəalların dediyi həqiqətlər gün işığı qədər aydın idi. Özüm də həmin mühitdə yaşadığımdan fars şovinist rejimi tərəfindən millət olaraq necə aşağılandığımızı, hər sahədə ayrı-seçkilik siyasətinə məruz qaldığımızı görürdüm. Bunları dərk etdikcə insanda istər-istəməz milli mübarizə əzmi yaranır. Heysiyyatı və milli qüruru olan heç kim bu vəziyyətlə razılaşa bilməz. Onu da qeyd etməliyəm ki, Güney Azərbaycanda milli fəal olmayan, lakin milli düşüncəni daşıyan, fars şovinist rejiminə nifrət edən soydaşlarımız da var. Müəyyən səbəblərdən onlar bu etirazlarını siyasi-ictimai fəaliyyətlə tamamlamırlar. Yəni aksiyalara çıxmayan, amma həmin piketlərə qatılanları mənəvi cəhətdən dəstəkləyən insanlarımız da çoxdur. Bu yolun nə qədər çətin və fədakarlıq tələb etdiyini hər kəs bilir. Ya rejimin haqsızlıqlarına qarşı susub millət kimi məhv olacaqsan, ya da hər cür fədakarlığı qəbul edib haqqını tələb edəcəksən. Milli fəallar ikinci yolu seçənlərdir. Universitetdə eşitdiyim milli məsələləri çox düşünürdüm. Tədricən bütün bunlar məni ciddi narahat etməyə başladı. Əvvəllər ana dilimdə təhsil almamağım qətiyyən məni narahat etmirdi. Hətta bu haqda düşünmürdüm də. Amma artıq bu sual məni incidirdi. Yəni mən bir farsdan əksik millətəm ki, ana dilimdə oxuya bilmirəm? Axı niyə mən yad dildə təhsil almaq məcburiyyətindəydim? Mən ki Tehranda, Şirazda və ya başqa fars şəhərində deyil, öz Təbrizimdə oxuyurdum. Bu suallar fikrimdən çıxmırdı. Bir gün səhər dərsə gedəndə gördüm ki, qapımızın önünə bir kağız atılıb. Açıb oxuyanda milli fəalların yaydığı bildiriş olduğunu gördüm. İçərisində milli hökumətin ildönümüylə bağlı məlumat yazılmışdı. Bu milli məsələyə marağımı daha da artırdı. Universitetdə son kursda oxuyurdum. Fikrim qəti idi. Milli fəallarla yaxından tanış olub mübarizəyə qatılmağı qərara aldım. Evdə heç kimə heç bir şey demədim. Ailəmin necə reaksiya verəcəyini bilmirdim. Çünki evimizdə heç milli məsələlər haqqında söhbət belə olmazdı. Mən axır ki, istəyimə nail oldum. Təsəvvür edin ki, bir il sonra həmin bildirişləri artıq mən özüm paylayırdım. Evdə də yavaş-yavaş milli məsələlərdən danışırdım.
- Ailənin belə söhbətlərə münasibəti necə idi?
- Ən azı etiraz etmirdilər. Amma tapşırırdılar ki, siyasi fikirlərimi cəmiyyətdə açıq şəkildə deməyim. Çünki həbs olunmağımdan qorxurdular. Hiss edirdim ki, danışdığım söhbətlər evdəkilərinin ürəyincə idi. Məni maraqla dinləyir, dediklərimə haqq qazandırırdılar. Ailəmdən belə bir mənəvi dəstəyi hiss etdikcə daha da ruhlanırdım.
- Bəs ailəniz sizə qarşı çıxsaydı?
- Mən bunu yaşamadım. Amma fikrim qəti idi. Hətta ailəm qarşı çıxsaydı da, mənim yolumdan dönmək fikrim yox idi. Əslində evdəkilərə deməmişdən əvvəl hər cavabı düşünmüşdüm. İşdən kənar vaxtım olan kimi milli fəallarla görüşürdüm. Onların söhbətlərini dinləməyi çox sevirdim. Söhbətlərin psixoloji təsiri də vardı. Bizə həbsdə olan və ya bu yolda dünyasını dəyişmiş milli fəallar haqqında da danışırdılar. Onları tanıdıqca əqidələrində necə möhkəm olmalarına qibtə edirdim. Dinlədiyim söhbətləri mən də yaxın qohumlarımın, tanışlarımın arasında danışırdım. Mənim kimi fikrindən dönənlər çox oldu. Amma az qismi milli mübarizəyə qatılırdı. Əslində fəaliyyətləri olmasa da, ən azı milli fikrə gəlmələri bizi sevindirirdi. Beləcə milli mübarizəyə qoşuldum. Tədricən başqa tapşırıqlar da alırdım.
Evə gəlmədiyim gecələr çox olurdu. Yalnız o zaman valideynlərim etiraz edirdilər. Həbsə düşmək onlar üçün çox ağır məsələ idi. Amma artıq həbs olunmağım qorxusuna alışmağa başladılar. Bilirsinizmi, sivil və demokratik ölkədə hakimiyyətə qarşı mübarizə aparmaq rahatdır. Məsələn, mədəni yolla aksiya keçirib etirazınızı şüarlarla da edə bilərsiniz. Buna görə sizi kimsə həbs etməz. Çünki sərbəst toplaşmaq azadlığı əsas demokratik prinsiplərdən biridir. Amma İran kimi totalitar quruluşlu ölkədən aksiya iştirakçılarına qarşı nə cəza desəniz gözləmək olar. Təsəvvür edin ki, 2006-ci ildəki may hadisələrində rejim nümayişçilərə atəş açmaqdan da çəkinmədi. Hansı demokratik ölkədə nümayişçi qətlə yetirilə bilər? İran beynəlxalq qanunların işləmədiyi bir ölkədir.
- Neçə dəfə həbs edildiniz?
- Qısamüddətli həbslərim çox olub. Məsələn, elə olub ki, 3-5 günə, bəzən isə 2-3 aya sərbəst buraxıblar. Yəni heç zindana düşməmiş azad olmuşam. «Ettelaat» əməkdaşları məni həbs edirdi. Dindirilmə orada aparılırdı. Ən çox 4 ay və 7 ay «Ettelaat»ın təcridxanasında saxlanılmışam. Birinci dəfə Təbriz zindanına salıblar. Amma «Ettelaat»ın təcridxanasında daha uzun aylar qalan milli fəallar var.
- Sizə hansı ittihamlar irəli sürülmüşdü?
- Milli fəallara qarşı irəli sürülən ittihamların hamısı demək olar eyni olur. Rejimə qarşı təbliğat aparmaq, hakimiyyətə qarşı çıxmaq, xarici ölkələrə casusluq etmək və s. Birinci məhkəmədə vəkil tutmağa icazə vermədilər. İkinci dəfə 7 ay «Ettelaat»ın təcridxanasında saxlanılandan sonra zəmanətlə məhkəməyə qədər müvəqqəti azadlığa buraxıldım. Mənimlə birgə həbs edilən yoldaşımın məhkəməsi məndən öncə oldu. Ona 4 il həbs cəzası verdilər. Yoldaşımın vəkililə məsləhətləşdim. Dedi ki, böyük ehtimalla sənə də eyni cəza veriləcək. Sənədlərim «Ettelaat»da idi. Qaçaq yolla Türkiyəyə keçdim. Orada BMT-yə müraciət etdim. Kanadadan siyasi sığınacaq alandan sonra ora köçdüm. Onu da deyim ki, Kanadaya gəlməyi özüm istəyirdim. Çünki başqa ölkələrlə müqayisədə burada daha çox Azərbaycan türkləri yaşayır. Fikirləşdim ki, birlik olub İrana qarşı mübarizə apara, Güney Azərbaycan türklərinin haqlarının müdafiəsi üçün xaricdən də nəsə edə bilərik.
- Kanadaya uyğunlaşmaq çətin olmadı?
- Dünyanın ən gözəl ölkəsi də Vətənin yerini vermir. İnsan ailəsi, doğmaları üçün çox darıxır. Yaxının dünyasını dəyişir, sən isə dəfnində iştirak edə bilmirsən. Ən çox da biləndə ki, filan gün Güney Azərbaycanda aksiya olub heyfslənirəm. Düşünürəm ki, kaş mən də orada olardım. İnsan aksiya iştirakçılarını görəndə həsəd aparır. Mən Güney Azərbaycandan məcburən çıxdım. Bitmək bilməyən həbslərdən, təqiblərdən cana doydum. Çox həbs olunduğum üçün artıq «Ettelaat» da tanıyırdı. Hər addımımın izlənildiyini hiss edirdim. Nə etsəm, dərhal «Ettelaat»a çağrılırdım. Hətta əvvəlki kimi fəaliyyət də göstərə bilmirdim.
- Güney Azərbaycanda olduğunuz zaman Azərbaycan Respublikası ilə bağlı hansı məlumatınız vardı?
- İranda Azərbaycanın tarixi təhrif olunmuş şəkildə tədris olunur. Guya azərbaycanlılar köçəri tayfa olublar, monqollar gəlib türkləşdirib və s. Əslində təhrifdən daha çox xalqımıza qarşı təhqirdir. Odur ki, İranda tariximizi dərindən bilmirdim. Amma Güney Azərbaycan türklərinin Azərbaycan adlı bir ölkənin bir parçası olmasından, bizim quzeydəki torpaqlarımızın varlığından xəbərimiz vardı. Bilirdim ki, Vətənimin quzey hissəsində Azərbaycan Respublikası adlı dövlət qurulub. Quzey bizim də ana vətənimizdir. Güney Azərbaycanda olarkən də Qarabağ ağrısını, Xocalı faciəsini yaxından hiss etmişik. Nə fərqi var? Qarabağda axıdılan qan həm də hər bir güneylinin qanıdır. Biz parçalanmış bir məmləkətin övladlarıyıq. Dünya ictimaiyyəti bizi parçalanmış xalq olaraq tanımalı, Güney Azərbaycanın varlığından xəbərdar olmalıdır. Bizim xalq olaraq öz müqəddəratımızı təyin etmək hüququmuz var. Əgər bütövləşmək istəyiriksə, bu da bizim haqqımız və seçimimizdir. İnanıram ki, indi çox çətin görünən nəticə bir zaman mütləq gerçəkləşəcək. Bunu fars şovinist rejimi də y yaxşı bilir. Ona görə də hər zaman Güney Azərbaycanı basqı altında saxlamağa çalışır. Bu gün Güney Azərbaycanda milli azadlıq hərəkatı var və gündən-günə güclənir. Əgər orada milli oyanış artsa, Güney Azərbaycanın azadlığı daha yaxın olar. Çünki milli mübarizədən əvvəl soydaşlarımızın milli kimliyini dərk etməsi və ona sahib çıxması vacibdir. Hər kəs bilməlidir ki, nə üçün mübarizə aparır. Milli oyanış artsa, mübarizəyə qoşulanların da sayı çoxalacaq.

Turqut
Bu xəbər oxucular tərəfindən 1470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed