Şrift:
Asiya İnfrastruktur İnvestisiya Bankı Banqladeşə 250 milyon dollar kredit ayırıb
22.05.2020 [09:25] - Xəbərlər, Sosial
Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) COVID-19 böhranına qarşı fondundan Banqladeşə 250 milyon ABŞ dolları ayırıb.

Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, Asiya İnkişaf Bankı (AİB) tərəfindən birgə maliyyələşdirilən bu kredit ölkə əhalisinin yoxsul və ən zəif təbəqələri, xüsusilə də kiçik və orta müəssisələrdə və qeyri-formal sektorda iş yerlərinin itirilməsindən əziyyət çəkənlər üçün pandemiyanın mənfi nəticələrinin aradan qaldırılması, eləcə də sosial müdafiə sistemlərinin möhkəmləndirilməsi üçün Banqladeş hökumətinə büdcə dəstəyi məqsədi daşıyır. Dünyada ən yüksək əhali sıxlığına malik ölkələrdən biri olan Banqladeş COVID-19 böhranına son dərəcə həssasdır. Ölkədə əhalinin çox hissəsinin yaşayış yeri qeyri-rəsmidir, iş yerlərinin 80 faizindən çoxu isə qeyri-rəsmi sektordadır. Bu da virusun yayılmasının qarşısını almaq üçün sosial məsafə tədbirlərini çətinləşdirir. Asiya İnkişaf Bankının qiymətləndirməsinə görə, virusun sürətlə yayılması 1,4 milyondan 3,7 milyona qədər iş yerinin itirilməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. Bank fonddan əsasən 3 sahə üzrə vəsait ayrılmasını məqsədəuyğun hesab edib. Bunlar səhiyyə infrastrukturunun yaradılması və pandemiyaya hazırlığın təmin edilməsi ilə səhiyyənin yüklənməsinin yüngülləşdirilməsinə yardım göstərilməsi, işçi kapital və likvidlik çatışmazlığını həll etmək üçün maliyyə təşkilatları vasitəsilə likvidliyin dəstəklənməsi, hökumətlərin COVID-19-un humanitar və maliyyə təsirlərinin aradan qaldırılmasına diqqət yetirə bilməsi üçün çoxtərəfli inkişaf bankları ilə tərəfdaşlıq şəraitində maliyyə dəstəyinin göstərilməsidir. İndiyədək fonddan Hindistana 500 milyon, Çinə 355 milyon dollar ayrılıb.

Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən 2016-cı ilin yanvarında yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. AİİB fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla 74 layihəyə ümumilikdə 15,37 milyard dollar kredit ayırıb.
Bu xəbər oxucular tərəfindən 256 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed