Şrift:
Qarabağ döyüşlərində şəhid olan Güney Azərbaycanlı şəhidlərimizdən biridə Şəhidi Adil Sadiqi
16.10.2012 [15:49] - Hərb, Güney Azərbaycan-Təbriz
Haqq yolunda şəhid olanları ölmüş hesab etməyin!

Sadiqi Adil Rza oğlu 1964-cü ilin oktyabr ayının 20-də Azərbaycanın dilbər guşəsi olan Qazax rayonunun Hüseynbəyli (keçmiş əzizbəyli) kəndində əslən Cənubi Azərbaycandan olan, inqilabçı Fədai Rzanın ailəsində dünyaya göz açmışdır.

1970-ci ildə Rza kişi oğlu Adilin əlindən tutub Hüseynbəyli kənd orta məktəbin 1-ci sinfinə aparmışdır. Adil 1979-cu ildə həmin məktəbi bitirdikdən sonra Bakı şəhərində 2 nömrəli Dəmiryol Texniki-Peşə məktəbinə daxil olmuşdur. 1983-cü ildə hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı əsgər yoldaşlarının və komandirlərinin hörmətini qazanmışdır. Hərbi xidmətdən sonra Gəncə vaqon deposunda maşinist köməkçisi, sonra maşinist işləmişdir. Daş Salahlı Gil Mədəni açıldıqdan sonra oraya maşinist göndərilmişdir.

1992-ci ildən erməni işğalçılarının azğınlığına dözməyən Adil Rza oğlu könüllü olaraq Milli Orduya yazıldı. Əvvəlcə Qazax özünümüdafiə dəstəsində vuruşmuş, sonralar isə “N” saylı hərbi hissəsindəki kəşviyyat tağımında baş kəşviyyatcı, tağım komandirinin müavini, sonradan isə tağım komandiri təyin olunmuşdur. Bütün döyüşlər zamanı Adil qardaşı Valehlə çiyin-çiyinə vuruşmuşdur.

Adil dəfələrlə kəşviyyatcı dostları ilə bərabər düşmənin arxa hissəsinə keçib onları öz səngərlərində məhv etmiş və onların xeyli silah və hərbi sursatlarını ələ keçirmiş və geriyə qayıtmışdır. Dəfələrlə kəşviyyat zamanı diri “dil” gətirmişdir. 1992-ci ilin aprel ayında Quşçu Ayrım və Aşağı Əskiparada döyüş zamanı ermənilərin “Kamaz” və “Uaz” markalı maşınını ələ keçirmiş və çoxlu sayda düşməni məhv etmişdir. Qızıl Hacılıda döyüş zamanı zədələnmiş “BTR” hərbi maşınını tanka qoşub öz hissələrinə gətirmişdir. İyul ayında Qazax rayonunun Ağköynək meşəliyində erməni işğalçıları uşaqları mühasirəyə almışdılar. Adil düşmənin arxasına keçərək uşaqları mühasirədən xilas etdi.

1992-ci ilin mart, aprel aylarında Adil düşmənin 4 uzaqvuran topunu susdurdu və canlı qüvvələrini öz səngərlərində məhv etdi. Ələ keçirdiyi silahları götürüb öz hissələrinə təhvil verdi. Bundan bir neçə gün sonra kəşfiyyat əməliyyatı zamanı Adil 3 işğalçını onların öz torpağında öldürmüş və silahlılarını, bir milis kapitanını əsir götürüb hərbi batalyona təhvil vermişdir.

Axırıncı əməliyyat Lələ kənd əməliyyatı olmuşdur. 1992-ci ilin dekabr ayının 29-da Lələ kənd döyüşü Sadiqi Adil Rza oğlunun son döyüşü olmuşdur. Bu döyüş zamanı Adil erməni silahlı dəstələrinin Qazağa tuşlanmış 3 ədəd topunu, 2 tankını partlatmış, 163 nəfər düşməni məhv etmiş, yaralanmasına baxmayaraq meydanı və dostlarını tərk etməmiş, 28 nəfər silahdaşları ilə birlikdə güllələri qurtarana qədər döyüşmüş və qəhrəmancasına həlak olaraq əbədiyyətə qovuşmuşdur.

Qarabağ döyüşlərində şəhid olan Güney Azərbaycanlı şəhidlərimizdən biridə Şəhidi Adil Sadiqi


Əli Dəsti,

Gəncə şəhəri İranlı (Güney Azərbaycanlı) Mühacirlər Cəmiyyətinin sədri
Bu xəbər oxucular tərəfindən 1924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed