Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr olunan videokonfrans keçirilib
06.07.2020 [11:21] - Xəbərlər, Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən virtual tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri, diaspor nümayəndələri iştirak ediblər.

Tədbir dünyada yaşayan azərbaycanlılara həsr olunmuş musiqinin (sözləri Rafael Hüseynovun, musiqisi Faiq Sücəddinovundur) - Diaspor himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edən Rafael Hüseynov bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması ölkənin ictimai-siyasi həyatına əlamətdar hadisə kimi daxil olub. Çünki Azərbaycan diasporunun birliyi və mütəşəkkilliyi çox vacib amildir.

Dövlət Komitəsinin sədri Fuad Muradov bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını və diaspor hərəkatına töhfə verən hər bir soydaşımızı təbrik edib. Bu qurumun görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan komitə sədri bildirib ki, məhz böyük öndərin dünya azərbaycanlılarının eyni amal və məqsəd ətrafında birləşdirilməsi naminə əsasını qoyduğu diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, qeyd edib ki, yarandığı gündən Dövlət Komitəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edib, diasporun birləşməsi və təşkilatlanması istiqamətində mühüm işlər və müxtəlif layihələr həyata keçirilib. Diaspor üzvlərinin xaricdəki güclü potensialımız olduğunu vurğulayan sədr hədəflərə çatmaq üçün bu potensialdan doğru istifadə olunmasının önəmini qeyd edib. O diqqətə çatdırıb ki, ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi üçün Koordinasiya şuraları yaradılıb, Azərbaycan evləri istifadəyə verilib.

Diaspor təşkilatlarının və nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin əhəmiyyəti, Vətənimizin nüfuzuna xələl gətirməyə cəhd edən anti-Azərbaycan qüvvələrə qarşı mütəşəkkil şəkildə mübarizə aparması, koronavirus pandemiyası ilə əlaqədar yaranmış mövcud şəraitdə nümayiş etdirilən fəallıq yüksək qiymətləndirilib, xaricdə müvəqqəti çətinliklə üzləşmiş soydaşlarımıza maddi və mənəvi dəstək olmaq üçün Azərbaycan evlərinin, Koordinasiya şuralarının, Azərbaycan məktəblərinin keçirdikləri xeyriyyə aksiyalarına, Azərbaycan evlərinin həmvətənlərimiz üçün sığınacağa çevrilməsinə diqqət cəlb edilib. Bu mərhələdə Dövlət Komitəsinə edilən müraciətlər barədə ətraflı məlumat da təqdim edilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən hesabat xarakterli videoçarxın nümayiş etdirilməsi və COVID-19 pandemiyası ilə mübarizədə xarici ölkələrdə xüsusi fəaliyyətləri ilə fərqlənən 7 soydaşımızın təşəkkürnaməyə layiq görülməsi barədə məlumatın verilməsi ilə davam edib.

Azərbaycan diasporu ilə bağlı ciddi və dərin araşdırmaların müəllifi Rafael Hüseynov diasporun tanınmış üzvlərini Azərbaycanla xarici ölkələr arasında körpü və təmasların yaranmasında xüsusi rolu olan şəxslər adlandıraraq, ölkəmizdə onların fəaliyyətinə yüksək qiymət verildiyini nəzərə çatdırıb. “Bu gün sizin gördüyünüz işlər göz qabağındadır, amma bu fəaliyyət gələcəyin yüksəkliyindən daha aydın görünəcək”, - deyə o vurğulayıb.

ABŞ, Niderland Krallığı, Türkiyə, Ukrayna, Rusiya, Kanada, Avstriya, Çili, Dubay, Polşa, Estoniya, Fransa, İtaliya, Tailand, Gürcüstan, İspaniya və bir sıra başqa ölkələrdən videokonfransa qatılan azərbaycanlıların demək olar ki, hər birinə ürək sözlərini demək fürsəti verilib. Tədbirdə çıxış edən soydaşlarımız müstəqil Azərbaycan dövlətinin yürütdüyü diaspor siyasətini dəstəklədiklərindən, yeni növ koronavirus pandemiyası dönəmində dövlətimizin həmvətənlərimizə həssas münasibət, diqqət, qayğı, mənəvi və maddi dəstək nümayiş etdirməsinə görə qururlandıqlarından, Dövlət Komitəsini doğma ocaq kimi qəbul etdiklərindən və bir sıra başqa mətləblərdən söz açıblar.

Müzakirələr zamanı soydaşlarımız bir sıra maraqlı rəy və təkliflərlə çıxış ediblər. ABŞ-da yaşayan Əhməd Obalı təsisçisi olduğu GünAZ TV-də diaspor himninin səsləndirilməsi üçün müəlliflərdən dəstək istəyib.

Beynəlxalq videokonfrans bədii hissə ilə yekunlaşıb. Tədbirin bədii hissəsində Türkiyədə yaşayan dirijor, bəstəkar, pianoçu, Əməkdar artist Turan Manafzadə çıxış edib. Tanınmış ifaçı Dövlət Komitəsinin fəaliyyətinə, dünya azərbaycanlılarına və ürəyində Azərbaycan sevdası olan hər bir şəxsə həsr etdiyi musiqi parçasını da təqdim edib.
Bu xəbər oxucular tərəfindən 1764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed