Şrift:
Xaricdə təhsil alanları ölkəyə necə qaytarmaq olar?
10.11.2012 [12:13] - Gənclik
Müxtəlif xarici ölkələrin ayrı-ayrı ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşları universitetləri bitirəndən sonra ölkəyə qayıtmır. Onların əksəriyyəti elə təhsil aldığı ölkədə qalıb işləyir. Hətta Azərbaycan ali məktəblərində təhsil alan tələbələr də sonradan xaricə üz tutur. Bu məsələyə 2013-cü il dövlət büdcəsinin Milli Məclisin komitələrində birgə müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə də toxunub. Deputat deyib: “Təəssüflər olsun ki, elm sahəsinə ayrılan vəsait çox azdır. Bu gün xaricdə təhsil alan tələbələr Azərbaycana gəlmirlər və xarici şirkətdə işləməyə üstünlük verirlər. Baxmayaraq ki, bu gün Azərbaycana müasir texniki avadanlıq gətirilsə də onu işlətməyi bacaran kadrlarımız yoxdur, olan kadrlar isə az maaşa işləmək istəmirlər”.

Gürcüstanda təhsil alan Mahmud Orucov deyir ki, işləmək üçün Azərbaycana qayıtmaq fikrində deyil: “Tiflisdə təhsil ala-ala gələcək işim barədə də fikirləşirəm və demək olar ki, axtarışdayam. Çünki Azərbaycanda bilik qiymətləndirilmir. Düşünürəm ki, xaricdə təhsil alan tələbələrin Azərbaycana qayıtması dövlət tərəfindən stimullaşdırılmalıdır. Azərbaycanda öncədən iş yeri tapmaq və arxayın qayıtmaq lazımdır. Ancaq iş yeri yoxdur. Varsa da, maaş çox azdır”. Qeyd edək ki, Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrin sayı ümumilikdə 1204 nəfərdir. Bu tələbələrin böyük əksəriyyəti tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə oxuyurlar. 2015-ci ilə qədər 5 min gəncin təhsil alması üçün xaricə göndərilməsi nəzərdə tutulur.

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev deyir ki, Dövlət Proqramı ilə bakalavr pilləsinə seçimlə bağlı ciddi nöqsanlar var. Onun sözlərinə görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil almağa göndərilənlərin seçimi şəffaf aparılmır. Belə ki, universitetlərə qəbulla bağlı mətbuata elanlar verilmir, qəbul edilən tələbələrin topladığı ballar, onların hansı meyarlar əsasında seçilməsi ictimaiyyətdən gizlədilir. E.Əliyev hesab edir ki xaricdə təhsil üçün ixtisaslar və sahələr müəyyənləşdirilərkən əsas üstünlük təbiət elmlərinə, yeni istiqamətlər-biokimya, bioetika, İKT, kompüter texnologiyaları üzrə sahələrə verilməlidir. O, gənclərin humanitar ixtisaslar üçün dövlət hesabına göndərilməsini məqbul saymır. Hesab edir ki, Azərbaycanın ali məktəbləri bu sahədə kifayət qədər mütəxəssis hazırlayır. E.Əliyev bu fikirdədir ki, qeyri-dövlət xətti ilə xaricdə təhsil almış şəxslərlə dövlət hesabına təhsil alanlar arasında ayrı-seçkilik qoyulmamalıdır. Onların təhsili başa vurub Azərbaycana qayıdandan sonra işlə təminatında bərabər imkanlar yaradılmalıdır: “Xaricdə təhsil alan gənclərin ölkədə işləməsi üçün əlverişli şərait yaradılmadığından onlar Azərbaycanda qalmağa maraq göstərmirlər. Yeganə üstünlük onların dövlət qulluğuna müsabiqədən kənar qəbul edilməsidir. Əmək haqlarında digərləri ilə müqayisədə üstünlük yoxdur. Xaricdə təhsil alanların imkanları ilə Azərbaycanda təhsil alanların imkanları fərqləndirilməlidir. Azərbaycan universitetlərinin dünyanın heç bir ölkəsində diplomları tanınmır. Xarici ölkələrin diplomları isə hər yerdə tanınır. Onların istənilən ölkəyə getmək imkanı var. Bu fakt mütləq nəzərə alınmalıdır. Xaricdə təhsil alan mütəxəssislərə digərləri ilə eyni əmək haqqının verilməsi düz deyil və bu, beyin axının ikinci dalğasını yarada bilər”. Təhsil Nazirliyinin xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva isə deyir ki, artıq xaricə göndərilən məzunlarla üçtərəfli müqavilə (Təhsil Nazirliyi, göndərilən ali məktəb və tələbə arasında) bağlanır: “Düzdür, bu proses zəif gedirdi, ancaq getdikcə genişlənir. Müqaviləyə əsasən, həmin gənclər xaricdə təhsillərini başa vurduqdan sonra qayıdıb göndərildiyi ali məktəbdə kadr kimi çalışacaqlar”. Onun sözlərinə görə, hazırda Azərbaycan Dillər Universiteti, BDU, Dövlət İqtisad Universiteti, Qafqaz Universitetində dərs deyən müəllimlər var: “Yarımştat da olsa işləyirlər”. O qeyd edib ki, bu vaxta qədər Dövlət Proqramı çərçivəsində təxminən 10-15 nəfər xaricdə təhsil alan gənc ali məktəblərə cəlb ediliblər.

Günay MUSAYEVA
Bu xəbər oxucular tərəfindən 1174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed