Şrift:
“21 dekabr xofu Amerikanın uydurmasıdır” - Azərbaycanlı astroloq
13.11.2012 [12:23] - Sosial
Dünyanın 21 dekabr təlaşı Azərbaycanı da yoluxdurub. “Qiyamət günü” tədarükü mağazalarda hətta şam qıtlığı yaradıb. Kahinlərin vəd etdiyi kimi, planetin dörd gün işıqsız qalacağı qorxusu ilə bərabər insanlar Axirət-zamanı necə təsəvvür edir?

Tarixçi-alim, deputat Musa Qasımlı bu cür xəbərləri boş və mənasız hesab edir: “İnsanlara məsləhət görərdim ki, belə şeylərlə başlarını qatmasınlar”.

Filologiya elmləri namizədi, astroloq Hacı Firudin Qurbansoy isə bütün mübahisələrin kökündə ABŞ-ın durduğunu iddia edir:
“Dindən, elmdən bir balaca xəbəri olan belə şeylərə baş qoşmaz. Bunlar hamısı Amerikanın uydurmasıdır. Amerika elə bir ölkədir ki, öz xeyrinə nə desən uydura bilər. Onlar hələ 2010-cu ildə bir keşişi qabağa verdilər. Onun adından istifadə etdilər. Heç kim demədi ki, o keşiş kimdir. Bəşəriyyəti barmaqlarına doladılar . Gah da dedilər ki, dünya may ayında dağılmalıdır. Yəni bu zəif xarakterli insanlar üçün hazırlanmış şoudur ki, Amerika bundan faydalanır. Tibetli ruhaninin imzasından istifadə edərək öz xeyirlərinə bəşəriyyəti sadəcə barmaqlarına dolayırlar”.

Politoloq Qabil Hüseynli isə bu məsələdə elmə söykəndiyini bildirib. “Elm sübut etmir ki, belə bir hadisə baş verə biləcək. Dünyanın sonu o zaman baş verə bilər ki, ya Günəşdə hər hansısa bir qeyri-adi, ya da planetlərin düzümündə, onların hərəkət trayektoriyasında dəyişiklik baş versin. Bütün bunların dini-mistik anlayışa söykəndiyini, köhnə dini kitablarda yazılanların təkrarı kimi qiymətləndirirəm. İnsanları soyuqqanlı olmağa çağırıram. Bir çoxlarının irəli sürdüyü iddialara cavab olaraq deyə bilərəm ki, mən bunu da qəbul etmirəm ki, bu inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə göstərdiyi bir fənddir”.

İqtisadçı Vüqar Bayramov yayılan xəbərdən daha çox inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının sarsıldığını düşündüyünü vurğulayıb: “Bu məsələyə daha çox inkişaf etməkdə olan ölkələrin vətəndaşları reaksiya verirlər. Bununla bağlı müzakirələrə baxsaq inkişaf etmiş ölkələrin vətəndaşları bu məsələdə passiv mövqe tuturlar. Reallıq ondan ibarətdir ki, 21 dekabrdan həm də dünyada bir çox şirkətlər faydalanır. Hətta bizim özümüzdə bir sıra məhsulların alınmasında artım var. Yaxın günlərdə bu ərzaq məhsullarına daha çox tələbatı artıracaq. Görünür, bu xəbərin yayılma arenasının böyük olması bir sıra şirkətlərin gəlir əldə etmək məqsədindən irəli gəlir”.

Şahanə Rəhimli
Bu xəbər oxucular tərəfindən 1120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed