Şrift:
İspaniyaya koronavirusa qarşı 31 milyon dozalıq vaksin gətiriləcək
22.10.2020 [09:56] - Gündəm, Sağlıq
İspaniyaya cari ilin dekabr ayından 2021-ci ilin iyun ayınadək 31 milyon dozalıq vaksin gətiriləcək.

İspaniyanın Səhiyyə Nazirliyi xəbər verir ki, sözügedən vaksin “AstraZeneca” Britaniya-İsveç əczaçılıq şirkəti tərəfindən hazırlanıb. Avqustun 27-də Avropa Komissiyası “AstraZeneca” şirkəti ilə bir sıra ölkələri 300 milyonluq doza almağa məcbur edən müqavilə imzalayıb. Müqaviləyə əsasən, İspaniya 31 milyon 555 min 469 dozalıq vaksin almaq haqında öhdəlik götürüb.

Dekabr ayında ölkəyə ilk partiyanın, 3 milyon dozalıq vaksinin gətiriləcəyi gözlənilir. Bir dozanın orta qiyməti 2,9 avro hesablanıb. Həmin məbləğin 1,12 avrosu Avropa Komissiyası nəzdindəki xüsusi fond tərəfindən ödəniləcək. Digər xərclər isə, müqaviləni imzalamış ölkələrin büdcələri hesabına ödəniləcək.

Peyvəndlərin aparılması üçün 2 doza tələb olunur. Bu səbəbdən COVID-19-a qarşı “AstraZeneca” vaksini ilə 15 milyondan bir az çox ispaniyalı peyvənd oluna biləcək. Peyvəndin ümumi dəyəri 5,8 avro təşkil edəcək.

İspaniyanın Səhiyyə naziri Salvador İlya mətbuat konfransında qeyd edib ki, vaksin bütün sınaqlardan keçdiyi, etibarlılığı və effektivliyi elmi cəhətdən sübut olunduğu, habelə müqavilədə göstərilən rəqəmlərdə dəyişiklik olmadığı təqdirdə dekabr ayında krallıq ilk dozaları alacaq.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, İspaniyada koronavirusa yoluxanların sayı 988 min 322 nəfər, ölənlərin sayı isə 34 min 210 nəfər təşkil edir.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed