Şrift:
Bişkekdə şəhidlərimizin xatirəsi anılıb
30.10.2020 [11:37] - Gündəm, Türk dünyası-Turan
Qırğızıstan Azərbaycanlılarının “AZƏRİ” İctimai Birliyinin təşəbbüsü ilə Bişkekdə şəhidlərimizi anma mərasimi keçirilib.

Mərasimdə paytaxtda yaşayan soydaşlarımız, qardaş qırğız xalqının nümayəndələri iştirak ediblər.

İctimai Birliyin sədri, Əməkdar hüquqşünas Əzizağa Əliyev bildirib ki, Ana Vətən çətin sınaqlardan keçir. Rəşadətli və şanlı Ordumuz Azərbaycan tarixinə yeni səhifələr yazır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilərimiz düşmən tapdağından azad edilir. Artıq azad olunan doğma torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Erməni terrorçularının müharibə zonasından uzaqda olan Gəncə, Mingəçevir, Bərdə şəhərlərini, digər rayon və kəndlərimizi atəşə tutması nəticəsində ölən və yaralananlar var.

Vurğulanıb ki, Qırğızıstanda yaşayan azərbaycanlılar hadisələri böyük həyəcanla izləyirlər. Soydaşlarımız müqəddəs torpaqlarımız uğrunda canlarını fəda edənlərin və erməni terrorunun qurbanı olan dinc vətəndaşlarımızın ruhuna dualar oxuyur, onlara Allahdan rəhmət diləyirlər.

Sonra Əzizağa Əliyev milli bayram münasibətilə hər zaman Azərbaycanın yanında olan qardaş Türkiyə xalqını təbrik edib.

Mərasim iştirakçıları tezliklə Azərbaycanın işğal altındakı bütün torpaqlarının düşmən tapdağından azad ediləcəyini və bayrağımızın Şuşada dalğalanacağına əmin olduqlarını bildiriblər.

Daha sonra Bişkekdəki Azərbaycan məscidinin imamı Mərifət Şirinov, Qazaxıstandakı Azərbaycan məscidinin axundu Saleh Həsənov şəhidlərin müqəddəs ruhuna dualar oxuyublar.

Anım mərasiminin sonunda ehsan verilib.
Bu xəbər oxucular tərəfindən 1854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed