Şrift:
Ölkəmiz “Infolib Uzbekistan – 2020” IX Milli informasiya-kitabxana həftəsində təmsil olunub
19.11.2020 [10:56] - Gündəm, Türk dünyası-Turan
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Əlişir Nəvai adına Milli Kitabxanada keçirilən “Infolib Uzbekistan – 2020” IX Milli informasiya-kitabxana həftəsində iştirak edib.

AMM-nin “Azərbaycan-Odlar diyarı” adlı guşəsindəki kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər təqdim edilib. Kolleksiyada AMM-nin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb.

Sərgidə AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər nəşrlər də olub.

Kitabxana direktorunun müavini Nəsibə Xoldorova informasiya-kitabxana həftəsinin əhəmiyyətindən danışıb, iştirakçı təşkilatlara və kitabxanalara, o cümlədən AMM-yə təşəkkürünü bildirib.

AMM direktorunun müavini Polad Zeynalov Azərbaycan-Özbəkistan dostluğundan, Mədəniyyət Mərkəzinin Milli Kitabxana ilə əməkdaşlığından, birgə keçirilən tədbirlərdən danışıb, mərkəzin əməkdaşı Kifayət Pirməmmədova AMM-nin özbək dilində çap etdirdiyi kitablar haqqında məlumat verib.

Bildirilib ki, tədbirin sonunda sərgidə nümayiş etdirilən kitablar Milli Kitabxanaya hədiyyə olunacaq.
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed