Şrift:
Uşaqlıq sevincimi axtarıram.
20.11.2012 [14:52] - Gənclik
Fariz Ramizoğlu

Mən Göyüşov Fariz Ramiz oğlu 1985-ci il Fevral ayının 19-u Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşam.
1992-ci il sentyabr ayının 1-i . Çoxları bu günü ən əziz günləri kimi yada salırlar. Həmin gün mənim üçün də ən əziz günlərdən biri idi. Çünki məktəbə ilk qədəm qoyduğum gün idi. Lakin bu sevinci cəmi 7 gün yaşaya bildim. Kəndi erməni terrorçuları intensiv atəşlərə tuturdu. Bu səbəbdən atam bizi Füzuli rayonuna yerləşdirmək üçün avtobusa aparırdı. Elə həmin vaxt mən atamın əlindən çıxıb evimizə doğru qaçdım. Onlar məni tuta bilmədilər. 7 yaşında bir uşaq nə bilir müharibə nədir, güllə nədir. Mən evə gəlib içəridən məktəbli çantamı götürdüm və əmimin mənə aldığı hədiyyəni onun içinə qoyaraq geri, yəni atamın yanına qayıtdım. Atam bizi Füzuli rayonunda yerləşdirib özü kəndə qayıtdı. Elə həmin gündən sonra hər gün məni sakitləşdirə bilmirdilər. Hər gecə evimiz üçün ağlayırdım. Anam də məni sakitləşdirmək üçün deyirdi ki, atan gəlib bizi aparacaq. Oktyabr ayı idi... gecə gördüm anam ağlayır, qonşular da bizdə idi həmin vaxt danışıqlardan başa düşdüm ki, kəndi ermənilər odlayırlar. Həmin gün mən başa düşdüm ki, biz daha kəndimizə gedə bilməyəcəyik. Sonra Füzuli rayonundan Beyləqan rayonuna gəldik. Burada məni məktəbə qoydular. Ama o qədər utanırdım ki... mənə qaçqın deyirdilər. Özümə sığışdıra bilmirdim. Deyirdilər torpaqların qoyub qaçıblar. Atama nifrətlə baxırdım, axı mən uşaq idim, bilmirdim vəziyyəti. Ermənilərin torpağımızı necə almasını böyüdükcə başladım maraqlanmağa. Hələ də, həmin günlər yadımdan çıxmır. Həmişə müxtəlif adamlarla mübahisəm olur. Deyirəm ki, müharibəni sevinclə gözləyirəm, məni başa düşmürlər. Çünki, mən hələ də istədiyim sevinc hissini yaşaya bilmirəm. Bəlkə, o vaxt sevinə bilərəm ki, doğulduğum torpaqlara qayıdam. Ölü və ya diri fərqi yoxdur. Təki öz doğma torpağımda olum. O uşaqlıq sevincimi əlimdən alan şərəfsizlərə qalmasın o torpaq! Mən bir Qarabağlı kimi, hələ də o uşaqlıq sevincini axtaran bir uşaq kimi ermənilərlə döyüşə hazıram!
Bu xəbər oxucular tərəfindən 1815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed