Şrift:
Fərəc Quliyev: Hamımız Azərbaycan Prezidentinin yürütdüyü real, praqmatik və uğurlu siyasəti dəstəkləməliyik
14.01.2021 [12:15] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın əksər müddəaları artıq yerinə yetirilsə də, 9-cu bəndin həyata keçirilməsi müddəti və digər məsələlər qeyri-müəyyən olaraq qalırdı. 11 yanvarda Moskvada Azərbaycan və Rusiyanın dövlət başçıları və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat həmin bənddə əks olunan müddəaların həyata keçirilməsi baxımından mühüm önəm daşıyır. Çünki Azərbaycan tərəfi üçün ölkəmizin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması mühüm əhəmiyyətə malikdir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Partiya sədrinin sözlərinə görə, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, o cümlədən dəmir yolu və avtomobil yollarının açılması əksər region ölkələrinin iqtisadi maraqları baxımından da əhəmiyyətlidir: “İmzalanan bəyanat Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm önəm kəsb edən nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi və yeni nəqliyyat platformasının yaradılması istiqamətində mühüm addımdır. Ona görə ki, nəqliyyat-kommunikasiya xətlərinin bərpasından sonra Azərbaycan və Türkiyə dövlət başçılarının elan etdikləri altıtərəfli əməkdaşlıq formatının həyata keçirilməsi də mümkün ola bilər. Müharibədən sonra bütün sahələri iflic vəziyyətə düşən Ermənistan üçün yalnız bir şans var: öz işini kommunikasiya, əməkdaşlıq məsələlərinin reallaşdırılması istiqamətində qurarsa, bundan yalnız fayda götürə və gərgin durumdan çıxa bilər”.
“Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Biz gələcəyə baxmalıyıq. Hamımız Azərbaycan Prezidentinin yürütdüyü real, praqmatik və uğurlu siyasəti dəstəkləməliyik. İndi bizim bütün səylərimiz və resurslarımız işğaldan azad olunmuş ərazilərin bərpasına, digər məsələlərə yönəldilməlidir”, - deyə F.Quliyev bildirib.

Qaşqay RAMAZANOV
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed