Şrift:
Prokurorluq orqanlarında qulluqla bağlı müsabiqə üçün sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq
18.01.2021 [11:24] - Xəbərlər, Gənclik, Bildiriş
Azərbaycan gənclərinin cəmiyyətdə layiqli yer tutmasını, onların dövlət idarəetməsində yaxından iştirakını təmin edən və respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında da gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 70 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.

Prokurorluq orqanlarına işə qəbul edilmək arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə aprelin 15-də elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu fevralın 1-də saat 18:00-da başa çatdırılacaq.

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyənləşdirilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan tələb olunan sənədlərin fotosurətini Baş Prokurorluğun kadr@prosecutor.gov.az elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi və yeri barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az, @prokurorluq) veriləcək.

Sənəd qəbulu ilə bağlı əlavə suallar olduğu halda 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 568 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed