Şrift:
“Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda elmi-praktiki konfrans təşkil edilib
31.03.2021 [11:19] - Gündəm, Mədəniyyət
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayın rejimdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.

Bakı Musiqi Akademiyasından bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi-praktiki konfransın moderatoru BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransın əhəmiyyətini vurğulayaraq, ilk olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciətini səsləndirib. Fərhad Bədəlbəyli “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda konfransın keçirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ermənilərin musiqimizə, mədəniyyətimizə qarşı apardıqları təcavüzkar siyasətlərinin kökü çox qədimlərə söykənir. Ermənilər məqsədyönlü şəkildə daima saxtakarlığa əl ataraq, musiqimizi özünküləşdirməyə cəhd etsələr də, buna nail ola bilməmişlər, ona görə ki, Azərbaycanın dəyərli musiqişünas alimləri, elm xadimləri, sənətkarları ermənilərin plagiat fəaliyyətini sübut edərək , Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparmışlar.

Tədbirdə “Xor dirijorluq” kafedrasının baş müəllimi Dilarə Quliyevanın rəhbərliyi altında, fortepiano fakültəsinin Musiqi müəllimliyi kafedrasının III kurs tələbələrinin ifasında “Laçın” xalq mahnısının videoroliki nümayiş etdirilib.

BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, mövzusunun xüsusi aktuallığını və daha geniş müstəvidə müzakirə olunmasını, beynəlxalq səviyyədə araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu söyləyib.

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazədə konfransda təqdim olunan mövzunun xalqımız üçün ağrılı olduğunu, dönə-dönə bu mövzuya müraciət etməyimizə baxmayaraq hər dəfə yeni-yeni erməni saxtakarlığının inanılmaz faktları ilə qarşılaşdığımızı bildirib. Ermənilərin bizim mədəni irsimizə vurduqları ziyanın dünya ictimaiyyətinə çatdırılmasının strateji məna daşıdığını diqqətə çatdıran Gülnaz Abdullazadə bildirib ki, keçirilən konfrans ermənilərin musiqimizə qarşı apardıqları işğalçı siyasətinə son qoyulmasında önəmli addımlardan olacaqdır.

Hesabat xarakterli məruzə ilə çıxış edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda elmi laboratoriyanın alimlərinin xüsusi əzimlə çalışdıqlarını və əldə etdikləri elmi–nəzəri sübutların geniş ictimaiyyətə çatdırılmasının önəmliyini diqqətə çatdırıb. Bu istiqamətdə xüsusilə ilk araşdırmaları ilə müxtəlif elmi seminarlar keçirən aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin və böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin tədqiqatlarını vurğulayaraq hələ gələcəkdə bir çox elmi araşdırmaların aparılacağını bildirib.

Konfransda elmi məruzələr dinlənilib. Çıxış edən alimlər müxtəlif aspektlərdə maraqlı faktlar, sübutlar təqdim edərək Azərbaycan xalqının mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsini ifşa ediblər. Çıxışlar arası səsləndirilən musiqi nömrələri konfrans iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed