Şrift:
Müharibədən sonra: “Şəhid və qazi ailələrinə diqqət dövlətlə xalqı bir araya gətirir” - Partiya sədri
12.04.2021 [06:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanın ərazi bütövlüyü uğrundan canından keçən, sağlamlığını itirən qəhrəmanlarımızın həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin aradan qaldırılması dövlətin sosial siyasətinin mərkəzində duran məsələlərdəndir.

Bu istiqamətdə “YAŞAT” Fondunun yaradılması da öz qəhrəmanlarını qoruyan dövlətlə xalq birliyinin nümunəsidir.

Çünki şəhid ailələri həm dövlətə, həm də vətəndaşlara əmanətdir. Vətənin ərazi bütövlüyü, dövlətin suverenliyi uğurunda sağlamlığını itirmiş qazilərimizin həyat şəraitinin normallaşdırılması həm bu dövlətin, həm də xalqın borcudur.

Dövlətin dövlət, xalqın da xalq olması üçün onların tarixini yazacaq qəhrəmana ehtiyacı var. Bu gün dövlətin şəhid və qazi ailələrinə xüsusi diqqəti, vətəndaşların da gücü çatan qədər bu yolda dövlətimizlə birgə addımlaması təqdirəlayiqdur.

Qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Dövlətin öhdəliyə götürdüyü şəxslərin sayı 5275 nəfərə çatıb. İndiyədək 4141 nəfərin borc öhtəlikləri reallaşdırılıb.

Şəhid və qazi ailələri ilə bağlı “YAŞAT” Fondu tərəfindən həyata keçirilmiş ödənişlərə əsasən məişət şəraitinin yaxşılaşdırılması, tibbi və təhsil xərclərinin ödənilməsi, borc öhdəliklərinin qarşılanması və s. istiqamətlərdədir. O cümlədən şəhid və qazi ailələrinə evlərin verilməsi də dövlətin həyata keçirdiyi və bundan sonra da qarşısına qoyduğu əsas məsələlərdəndir.

Qarabağ məsələsi kimi, şəhid və qazi ailələrinə diqqət də dövlətlə xalqı bir araya gətirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcək. Həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə qeydiyyata alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq. Bu da onu göstərir ki, dövlətin şəhid və qazi ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərdiyi diqqət ardıcıl və davamlıdır.

Dövlətin şəhid və qazi ailələri ilə bağlı sosial siyasətindən danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, dövlətin bu istiqamətdə atdığı addımlar yüksək səviyyəlidir və təqdir olunmalıdır:

“Müharibənin nəticələrindən biri də reabilitasiya mərhələsidir. Biz bütün mənalarda reabilitasiya olunmalıyıq. Çox vacibdir ki, şəhid ailələrinə, qazilərimizə, yaralılarımıza xüsusi diqqət göstərilsin. Bu siyasət uzun illərdir aparılır. Ölkə Prezidenti hər zaman istər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsi iştirakçılarına, onların ailələrinə xüsusi diqqət yetirib. Onlara fərq qoyulmayıb. Bu, dövlətin siyasətidir və mərkəzində də insana dəyər, Vətən müharibəsinin iştirakçılarına diqqət amili dayanır. Hesab edirəm ki, bu istiqamətdə “YAŞAT” Fondunun yaradılması ictimai dəstəyi də almaq, müəyyən qədər kənar yardımlardan da istifadə etməkdir. Amma prinsip etibarı ilə bu Fond olmadan da dövlət müharibə iştirakçılarına yardım edirdi, edəcəkdi də. Bu, dövlət siyasətində prioritet məsələdir. Ona görə də mən ölkə Prezidentinin şəxsi təşəbbüsünü xüsusi qeyd etməliyəm. Ramin Səfərovun Azərbaycana gətirlməsi, Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin geri alınması prosesləri hamısı ölkə başçısının şəxsi təşəbbüsündən, xüsusi və həssas yanaşmasından irəli gəlir. Görünür ki, ölkə başçısının bu məsələlərə xüsusi həssaslığı və diqqəti var. Prezidentin xəstəxanada yaralı əsgərlərimizlə görüşməsi də onu gösətirir ki, “YAŞAT” Fondu olmasaydı da dövlət başçısı ölkənin bütün imkanlarını bura səfərbər etməyə hazırdır. Amma “YAŞAT” Fondunun təsis olunması da bu məsələlərə dəstəkdir”.

Partiya sədri bildirib ki, bu diqqət və qayğı gələcək nəslin vətənpərvər böyüməsində əsas faktordur:

“Prezident göstərmək istəyir ki, Vətənə sahib çıxanlara Vətən də sahib çıxır. Baxmayaraq ki, müharibədən çıxmışıq, pandemiya şəraitidir və ağır maliyyə itkilərimiz var, amma ölkə başçısı öz diqqətini əsirgəmir. Hesab edirəm ki, vəziyyət daha da sabitləşdikcə bu yardım və diqqət daha da artacaq. Mən bir siyasətçidən başqa bir vətəndaş kimi də bu qayğı və diqqətə görə, ölkə başçısına təşəkkür edirəm”.

Partiya sədri hesab edir ki, “YAŞAT” Fondunun yaradılması əslində yenə də cəmiyyətlə dövlətin birliyinin nümunəsidir və bundan sonra da davamlı olacaq:

“Bir qrup insanlar var ki, xalqla ordu arasında və yaxud şəhid ailələri ilə dövlət arasında soyuqluq yaratmağa cəhd edirlər. Belə sui-istifadəyə yol vermək lazım deyil. Aparılan siyasət göz qabağıdadır. Həm də buna imkan verməmək, soyuqluq yaratmaq istəyənlərə də bir cavabdır. Budəfəki birlik öncəkilərdən fərqli olaraq, institutlaşmış birlikdir. 44 günlük müharibələrdən əvvəl Prezident Administrasiyasında siyasi partiyalarla iş üzrə xüsusi şöbə yaradıldı və Ədalət Vəliyev də ona rəhbər təyin olunub. Bundan sonra Ədalət Vəliyevin çox yaxşı yanaşmaları oldu. Ölkə miqyasında bütün siyasi təşkilatlar bir cəbhədə çıxış etdilər. Müharibədən sonrakı dönəmdə də cəmiyyət və dövlət birliyi qorunub saxlanılır. Elə bu baxımdan “YAŞAT” Fonduna cəmiyyətin cəlb olunması mərkəzləşmiş xarakter daşıyır. Savaşın gedişində hər kəs imkanı daxilində cəbhəyə yardım etməyə çalışırdı. Baxmayaraq ki, pandemiya şəraiti idi, hər kəsin vəziyyəti ağırdı. Müharibə göstərdi ki, mövzu Vətən olunca, müxalifət və iqtidar anlayışı itir, şəxsi və ya qrup marağı olmur, hamı dövlət üçün çalışır. Bizim qələbəmizin kökündə də bu dayanır. Bundan sonra da aldığımız nəticələrin kökündə bu dayanacaq”.

Əli Bədir/Cebhe.info

Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed