Şrift:
Vətən müharibəsi: “Biz çətiraltı bir dövlət olmadıq” – Partiya sədri
15.04.2021 [08:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Vətən müharibəsi Azərbaycan üçün həm də özünütəsdiq prosesi oldu.

44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqları azad etmək üçün bir dövlət mütləq mənadı hərbi-siyasi gücə, iradəyə malik olmalıdır. Azərbaycan məhz bu siyasi iradəni və hərbi gücü nümayiş etdirdi. Yəni İkinci Qarabağ müharibəsindəki qələbə Azərbaycanın təkcə ərazi bütövlüyü məsələsi deyildi, həm də Azərbaycanın bir dövlət olaraq qüdrətinin göstəricisi idi.

Artıq bütün dünya Azərbaycanın gücünə, qüdrətinə bələddir və bölgədəki liderliyi artıq heç bir beynəlxalq gücdə şübhə doğurmur. Torpaqlarını işğaldan azad edən və düşmənə layiqli cəza verən Azərbaycan bu gün dünyada xüsusi yerə və hörmətə malikdir.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans zamanı bu məsələyə toxunub və xüsusi olaraq qeyd edib ki, Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcədə beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. “Qarabağ mövzusu həmişə ölkənin bütün gündəliklərində olub. Bütün beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ məsələsi hər zaman prioritet olub.

Rəsmi İrəvan elə bilirdi ki, bizimlə 1992-ci ildəki döyüşü aparacaqlar. Lakin Azərbaycan fərqlidir, xalq fərqlidir, cəmiyyət fərqlidir”, - deyə Prezident çıxışında qeyd edib.

Vətən müharibəsi həm də Ermənistanın uzun illər formalaşdırdığı “məğlubedilməzlik” mifini darmadağın etdi. Bununla yanaşı Azərbaycan ermənilərlə həmfikir olan bir sıra güclərə də layiqli cavab verdi. Azərbaycan göstərdi ki, artıq onu məğlub etmək olmaz və dünya da bunu qəbul etdi. Sir deyil ki, Azərbaycan və Ermənistan müqayisə ediləcək dövlətlər deyil. Azərbaycan bölgənin lider dövlətidir. Ermənistan isə havadarlarının vassalı olaraq varlığını davam etdirməyə çalışır.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Vətən müharibəsi ölkəmizin potensialını göstərən mühüm bir hadisə oldu:

“Azərbaycan xalq olaraq 30 ildə gözüqıpıq idi. Bütün dünyanın bizim sanki öz torpaqlarımızı azad edəcək vəziyyətdə olmadığımızı, hətta bu iradənin belə ortada olmadığı haqqında düşüncələri vardı. Amma savaşdan sonra Azərbaycan xalqı haqqında fikir tamamilə dəyişdi və dünya ictimaiyyətinin rəyində necə döyüşkən bir xalq olduğumuzu gördü. Azərbaycan ərizlərindən vaz keçməyəcəyini, suverənliyinə, müstəqilliyinə qan tökəcək, can qoyacaq, şəhid verəcək bir millət olacağını sübut etdi.

Bu çox ciddi məsələ idi. Bu, psixoloji halın dəyişməsi, həm dünyanın Azərbaycana, həm də Azərbaycanın insanının özünün-özünə münasibətini dəyişdi. Yəni Azərbaycanda artıq mərkəzləşmiş və təşkilatlanmış ictimai rəy yarandı ki, biz toplum olaraq haqqımızı müdafiə etmək qüdrətindəyik. Dünyanın müxtəlif dövlətləri müxtəlif formalarda naliyyətlər əldə edə bilirlər. Amma əksəriyyəti müxtəlif dövlətlərin çətirlərini qəbul edirlər. Biz çətiraltı, qoltuqaltı bir dövlət olmadıq. Biləyimizin gücü və “dərin dövlət” ağlı ilə uğurlara nail olduq. Bunu isə bütün dünya gördü. Artıq nəinki bu bölgədə, digər bölgələrdə də baş verəcək hər hansı bir proses üçün Azərbaycanın mövqeyi, rəyi alınmağa başlandı. Azərbaycan bölgə gücünə çevrildi. Azərbaycanın bu mövqeyi ilə bağlı müttəfiqləri də gücləndi. Eyni zamanda Türkiyənin Cənubi Qafqazda əli gücləndi. Artıq Orta Asiyaya açılım başladı”.

Partiya sədri bildirib ki, türk dünyasının əhvalında bu müharibə çox mühüm amil oldu:

“Azərbaycan haqqında müxtəlif fikirlər vardı. Amma Azərbaycan sübut etdi ki, öz potensialı və gücü ilə əsgərini, xalqını, ordusunu müharibəyə hazıladı. Azərbaycan rəhbərliyi isə bu birliyi ətrafında cəmləyə bildi. Bu da dünyada yaxşı mənada təəccübə səbəb oldu. Bu birliyin də qorunması vacibdir. Bu müharibədəki qələbə həm daxilə verilən ciddi mesaj oldu, həm düşmən tərəfə, həm də bütün dünyaya. Hər kəs başa düşdü ki, Azərbaycanla əməkdaşlıq etmək lazımdır. Azərbaycanı bəlkə də müəyyən dövr ərzində “badalaq” siyasəti ilə yıpratmaq mümkündür, amma Azərbaycan heç vaxt bu durumla razılaşmaz. Hesab edirəm ki, bu müharibənin nəticəsi Azərbaycan dövləti və xalqı üçün imicin dəyişməsi və müsbət pestejin yaranması üçün mühüm amil olub”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed