Şrift:
Putinin SSRİ-nin bərpası iddiası
30.11.2012 [14:01] - Siyasət
Qabil Hüseyinli: «Putinin keçmiş SSRİ-ni yenidən yaratmaq ideyası tamamilə absurddur»

Mübariz Əhmədov: «Putin SSRİ-nin dağılmasını həzm edə bilmir»


Rusiya postsovet ölkələrinə qarşı imperialist ideyalarından hələ ki, əl çəkməyib. Rusiya Putin hakimiyyəti dövründə formalaşmış, Medvedyevin prezidentliyi dövründə unudulmuş «Aqressiv Rusiya» imici demək olar ki, artıq yenidən start götürüb. Kreml artıq postsovet mekanında bir vaxtlar əldən verdiyi mövqelərinin bir qismini demək olar ki, geri qaytarıb. Bir vaxtlar geniş vüsət götürmüş «məxməri inqilablar»ın «fəsadlar»ı aradan qaldırılıb — Ukraynada Yanukoviç, Gürcüstanda İvanişvili Rusiyanın diqtəsi ilə hakimiyyətə yiyələnib. Orta Asiya da demək olar ki, artıq Kremlin nüfuz dairəsinə qaytaralıbı. Qırğızıstanda baş vermiş «məxməri inqilab»ın digər Orta Asiya respublikalarına sirayət edəcəyi proqnozları özünü doğrultmadı və rəsmi Moskva bu problemi «köklü şəkildə» həll etdi.
«2012-ci il yanvarın 1-dən çox vacib bir inteqrasiya layihəsi — Rusiya-Belarus-Qazaxıstan Vahid İqtisadi Məkanı fəaliyyətə başlayacaq. Bu layihə təkcə bu üç ölkənin yox, bütövlükdə postsovet məkanının bütün dövlətləri üçün mübaliğəsiz tarixi hadisədir. Buna qədərki yol çox keçməkeşli olub. Bu yol, 20 il əvvəl Sovet İttifaqı dağılıb yerində Müstəqil Dövlətlər Birliyi (MDB) yaranandan başlayıb. MDB-nin səmərəliliyini müxtəlif cür qiymətləndirmək, onun daxili problemləri və özünü doğrultmayan ümidləri haqqında çox danışmaq olar. Ancaq bir şey şəksizdir ki, MDB bizim regionumuzun əsas problemlərinə dair tərəflərin mövqelərini yaxınlaşdırmaq və vahid mövqe işləyib hazırlamaq üçün əvəzolunmaz bir mexanizmdir».
Bu fikirlər Rusiyanın hazırkı prezidenti Vladimir Putinin seçkiqabağı «İzvestiya» qəzetindəki yazısındandır. Putin iddia edib ki, məhz MDB təcrübəsi Moskvaya postsovet məkanında çoxsəviyyəli və müxtəlif sürətli inteqrasiyalara başlamaq, Rusiya-Belarus ittifaq dövləti, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və nəhayət, Vahid İqtisadi Məkan kimi formatları hazırlamaq imkanları yaratdı.
Son dövrlər regionda baş verən hadisələr onu göstərir ki, SSRİ-nin bərpasının əməli şəkildə icrasına başlanılıb.
Politoloq Mübariz Əhmədov hesab edir ki, üçüncü müddətə hakimiyyətə qayıdan Putin SSRİ-nin bərpası məsələsini daim diqqət mərkəzində saxlayır: «Rəsmi Moskva SSRİ-ni bərpa etmək istəyindən yan keçməyib. Rusiya üçüncü müddətə Hakimiyyət başına qayıdan prezident Vladimir Putin prezident səlahiyyətlərinin icrasına başlayan kimi ilk işi «SSRİ-nin bərpası» planını həyata keçirməyə başlamaq olub. Məlumdur ki, Putin SSRİ-nin dağılmasını həzm edə bilmir və öz çıxışlarında bunu «XX əsrin ən böyük fəlakəti» adlandırıb. Putin nəzərə alır ki, SSRİ-ni eyni ad altında bərpa etmək artıq mümkün deyil, lakin başqa adlar və formullar tapmaq olar. Məsələn, Avrasiya İttifaqı kimi. Putinin ideyasına görə, bu ittifaq indiki Avropa İttifaqının bənzəri olmalıdır, yəni ittifaqa daxil olan dövlətlərin sərhədləri formal xarakter daşımalı, onlar suverenliklərinin bir qismini vahid mərkəzə verməlidir. Amma bütün bunların qarşılığında demək olar ki, Putinin bu sevdası boş-boş fikirlərdən başqa bir şey deyil».
Qeyd edək ki, ABŞ-ın özəl strateji araşdırmalar mərkəzi olan «Stratfor»un proqnozlarına görə, Rusiya dünya nəhəngi kimi yenidən dirçəlməyi qarşısına məqsəd qoyub. Belə ki, Yaxın Şərqdə cərəyan edən hadisələr dünyada söz sahibi olan ABŞ-ın bütün diqqətini və resurslarını cəlb etdiyindən Moskva fürsətdən istifadə edərək keçmiş sovet respublikaları üzərində təsirini gücləndirib. «Stratfor»un hesablamalarına görə Rusiya Qərbin Türkiyə, Ukrayna, Qazaxıstan, Belarus, Ermənistan və Azərbaycan üzərində qalan təsirlərini ləğv etməklə, bu ölkələri öz təsir dairəsinə keçirmək istəyir ki, bununla da Rusiya keçmiş Sovet İttifaqının böyük hissəsində yeni siyasi ittifaqın yaradılmasının əsasını qoya bilər.
Putinin SSRİ-ni yenidən bərpa etmək ideyasının nə dərəcədə reallığa yaxın olmasına münasibət bildirən siyasi ekspert Qabil Hüseynli bildirdi ki, bu ideya tamamilə absurddur: «Putinin SSRİ-ni yenidən yaratmaq ideyası tamamilə absurd bir şeydir. Aydındır ki, bu adam keçmiş «KQB»-nin işçisi olub və prezident seçkiləri zamanı öz seçicilərinin qarşısında söz verib ki, ya keçmiş SSRİ-ni bərpa edəcək, ya da postsovet ölkələri də daxil olmaqla, digər ölkələri Rusiyanın təsir dairəsində saxlayacaq. Hesab edirəm ki, bu fikirlər dünya reallığını əks etdirmir. Ola bilsin ki, onun bu ideyası ilə barışan ölkələrdən biri Belorusiya və Ermənistan olsun. Bununla bərabər Ukraynanın özündə də sayı heç də az olmayan qruplar var ki, onlar da Putinin bu cəfəng ideyasını müdafiə edə bilər. Amma bununla digər söz sahibləri olan dövlətlər razılaşa bilməzlər. Onlar imkan verməzlər ki, Rusiya yenidən dünyanın ağası olsun. Odur ki, bu absurd bir ideya kimi ortaya atılıb».
Elə buradaca qeyd edək ki, keçmiş SSRİ respublikalarının əksəriyyətindən fərqli olaraq Azərbaycanın Qərbə meyilliliyi, enerji resuslarının Rusiyanın başı üzərindən Avropaya daşınması təbii ki, rəsmi Moskvanın ürəyincə deyil. Eyni zamanda Kreml Azərbaycanın Qəbələ RLS-in icarəsinə dair müqavilənin yeniləmək istəyini və tələb olunan illik icarə haqqının miqdarının qaldırılmasını sinirə bilmir.
Politoloqlar hesab edirlər ki, Moskvada «Prezident hotel»də keçirilən «Rusiya və Azərbaycanda yaşayan ləzgi, avar xalqlarının problemleri və onların həlli yolları» adlı konfrans Azərbaycana qarşı separatçılıq fəaliyyətini stimullaşdıran planların tramplinidir. Paralel olaraq uzun illərdir kölgədə qalan və fəaliyyətləri ciddi qəbul olunmayan separatçıların son vaxtlar aktivləşməsi Rusiyanın postsovet ölkələrindən olan Azərbaycana qarşı da separatçılıq kartından maksimum yararlanmaq niyyətini ortaya qoyur. Rusiyanın məqsədi postsovet məkanında müstəqil siyasət yürüdən son ölkə kimi Azərbaycanı öz təsir dairəsinə salmaq, Qərbi bölgədən tamamilə sıxışdırıb çıxarmaqdır. Bununla da Rusiya ən azı keçmiş SSRİ məkanında öz nüfuz dairəsini tam bərpa etmək istəyir.
Bu xəbər oxucular tərəfindən 10855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed