Şrift:
Azərbaycanın regionda münaqişə sonrası gördüyü işlər Meksika mətbuatında müzakirə edilib
27.04.2021 [10:30] - Xəbərlər, Siyasət
Meksikanın nüfuzlu KİV-lərindən olan “ContraReplica” qəzetində Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlər və beynəlxalq ictimaiyyətin bu məsələlərdəki potensial rolu, regionda münaqişə sonrası vəziyyət haqda səfir Məmməd Talıbovun tanınmış meksikalı jurnalist Federiko Lamontla müsahibəsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, müsahibədə işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıdışının təmin edilməsi üçün ölkəmiz tərəfindən genişmiqyaslı infrastruktur layihələrinə başlandığı, ancaq bu məqsədlərin həyata keçirilməsini ləngidən bəzi maneələrin olduğu vurğulanıb. Bu xüsusda, 30 ilə yaxın işğal müddətində bu ərazilərin infrastrukturunun tamamilə dağıdıldığı, tarixi-mədəni irsimizin məhv edildiyi, habelə burada kütləvi minalanma aparıldığı və hazırda Ermənistanın beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq minalanmış bölgələrin xəritəsini verməkdən imtina etdiyi barədə məlumat verilib.

Almaniya kansleri Angela Merkelin AŞPA-dakı çıxışı zamanı Qarabağı misal göstərməsi barədə suala münasibətdə Azərbaycanın hər zaman bu məqamı vurğuladığı, sülhə gedən yolda başlıca amilin dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət edilməsi olduğu, bu xüsusda Ermənistan təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və öz xalqını barışığa hazırlamalı olduğu qeyd olunub. Bu məsələlərin təmin edilməsi üçün Azərbaycanın ərazi bütövlüyünü hamılıqla tanıyan beynəlxalq ictimaiyyətin də səy göstərməsinin vacibliyi diqqətə çatdırılıb.

İndiki mərhələdə BMT Təhlükəsizlik Şurası (TŞ) və qurumun qeyri-daimi üzvü olan Meksikanın regiondakı proseslərə verə biləcəyi töhfəyə dair sualla bağlı Azərbaycanın münaqişəni həll olunmuş hesab etdiyi bildirilib. Hazırda BMT TŞ və ümumilikdə beynəlxalq ictimaiyyətin 10 noyabr və 11 yanvar tarixli bəyanatlar əsasında regionda barışığa yönəlik səyləri, habelə azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada infrastrukturun yenidən qurulması, məcburi köçkünlərimizin geri qaytarılması və erməni əsilli vətəndaşların ölkənin ictimai-sosial həyatına və hüquqi sisteminə inteqrasiya etdirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləməsinin önəmi vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed