Şrift:
Azərbaycanda Qərbpərəst müxalifət Baydenin “erməni genosidi” bəyanatına susdu...
27.04.2021 [21:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Başqalarına uşaqlıq edənlər Azərbaycan dövlətinə böyüklük edə bilməz...”

Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı “soyqırımı” törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib.

Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub. Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyəydi. Məlum olduğu kimi, ABŞ prezidenti Co Bayden qondarma "erməni soyqırımı"nın növbəti "ildönümü" ilə bağlı ənənəvi açıqlamasında "soyqırımı" ifadəsindən istifadə edib. Bayden "erməni soyqırımı" ifadəsini işlədən ilk ABŞ prezidentidir. Onun bu ədalətsiz mövqeyinə Azərbaycanın bütün təbəqələrindən kəskin etirazlar bildirilib. Vətəndaşlarımız sosial şəbəkələrdə Türkiyə ilə həmrəylik jesti olaraq öz profil şəkillərini hər iki ölkənin bayrağı ilə bəzəyiblər. Çox maraqlıdır ki, ölkədə özünü radikal və Qərbərəst müxalifət adlandıran Milli Şura və onun orbitindəki bəzi təşkilatlar Baydenə və ABŞ-ın rəsmi mövqeyinə öz etirazlarını ifadə etməyiblər. Bunun əsl səbəbi nə ilə bağlıdır?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bundan çox da narahat olmağa dəyməz: “Elə məqamdır ki, çalxalanma gedir. Yağı-yağ, ayranı-ayran olur. Hər kəsin mövqeyinin bilinməsi yaxşıdır. Baydenin bəyanatı siyasi xarakterlidir, hüquqi mahiyyət daşımadığı üçün nəsə dəyişməyəcək. Ancaq məlumdur ki, Türkiyəyə edilən təzyiq bütün Türk dünyası və xüsusilə də Azərbaycana edilən basqı kimi qarşılanır. Bu baxımdan da ölkəmizdəki reaksiyaları təbii saymalıyıq. Biz bunun simptomlarını hiss edirik. Bəziləri münasibət bildirməməklə müəyyən məqsədlər güdür. Bir müddət sonra mövqelər daha aydın seçiləcək. Azərbaycan dövlətinin, partiyaların, diasporun, mediamızın sərt təpkisi oldu. Əslində bizə lazım olan budur. Türk dünyası bu məsələdən bir dərs aldı ki, biz nicatımızı nə NATO-da, nə də KTMT-də axtarmalıyıq. Türdkdilli ölkələrin təmsil olunduğu bir blokda olmalıyıq. Şükür ki, həmin istiqamətdə müəyyən addımlar da atılıb. Pakistan da bu məsələdə Türkiyəyə dəstəyini ifadə etdi”.

Fərəc Quliyevin sözlərinə görə, susqunluq nümayiş etdirənlərin dəstəyinə heç ehtiyac da yoxdur: “Cəbhədəki savaşda kimin hansı səngərdə olduğunu görmək baxımından həm də faydalıdır. Qoy bilinsin ki, kim Şoyqunun, kim İran mollasının, kim Fransanın uşağıdır. Biz də bilək ki, kim bizimlə dostdu, kim düşmən. Belə bir şuarımız var, başqalarına uşaqıq edənlər Azərbaycan dövlətinə böyüklük edə bilməz. Bu durulma bizdən gedən paylar hesabına olur, ancaq qoy olsun. Nə edək ki, həyat budur. Baydenin mövqeyindən biz dərs götürməliyik”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed