Şrift:
TAİB ABŞ Prezidentinin “erməni soyqırımı” ilə bağlı mövqeyinə dair bəyanat yayıb
28.04.2021 [10:30] - Xəbərlər, Siyasət
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb.

Bəyanatda ABŞ Prezidenti tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” olaraq qiymətləndirilməsinin ən sadə dillə ifadə edildikdə tarixi həqiqətləri təhrif etmək olduğu bildirilir.

Bunun qəbuledilməz olduğunun ifadə edildiyi bəyanatda deyilir: “Bir millət, iki dövlət” şüarı ilə əsrlərdir güclü bir dostluq və qardaşlıq bağları qurduğumuz türk xalqının tarixi həqiqətlərə uyğun olmayan və beynəlxalq hüquqa zidd bir iftiraya məruz qalmasını kəskin şəkildə qınayırıq.

Nəcib türk milləti tarix səhnəsində hər zaman sülhsevərliyi və tolerantlığı ilə tanınıb. Şanlı-şərəfli tarixi boyunca heç bir vaxt insanlığa qarşı belə bir cinayət törətməyib. Bu, köklü tarix əsilsiz iddialarla qaralana bilməz.

Ermənistan və soyqırımı deyildiyində ilk növbədə Azərbaycan xalqının ürəyinə Ermənistanın törətdiyi “Xocalı soyqırımı”nın ağrı-acısı düşür. Sadəcə XX əsrin deyil, insanlıq tarixinin şahid olduğu ən böyük faciələrdən biri olan Xocalı soyqırımı zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı qəsəbəsində yaşayan 106-ı qadın, 70-i yaşlı, 63-ü uşaq olmaqla ümumilikdə 613 vətəndaşımız vəhşicə qətlə yetirilib, 487 nəfər yaralanıb. Bu qanlı hadisə zamanı 1275 nəfər əsir götürülüb və təəssüf ki, onlardan 150-nin taleyi haqqında bu günə qədər hələ də bir məlumat yoxdur.

Bu amansız qətliam, Azərbaycanın tarixi Qarabağ bölgəsinin uzun illər davam edən işğalı və keçən il Azərbaycanın günahsız mülki şəxslərinə qarşı şiddətlənən alçaq hücumlar yaddaşlara yeni həkk olunduğu halda Ermənistanın əsassız iddialarının ABŞ gündəmində olması erməni lobbisinin təsiri nəticəsində atılan siyasi bir addım kimi qiymətləndirilməlidir. Əgər ABŞ rəhbərliyi soyqırımına məruz qalan xalqların yaralarına məlhəm olmaq istəyirsə, əvvəlcə bütün dünyanın gözü qarşısında törədilən Xocalı soyqırımı və Ermənistanın müharibə cinayətləri ilə dolu keçmişindən danışmalıdır.

1915-ci il hadisələrinin arxiv və sənədlərlə əsaslandırılaraq həqiqət işığında obyektiv bir şəkildə dəyərləndirilməli olduğunu vurğulayır və hər zaman olduğu kimi, bu mövzuda da Türkiyənin yanında olduğumuzu bir daha bəyan edirik”.
Bu xəbər oxucular tərəfindən 394 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed