Şrift:
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29.04.2021 [10:08] - Xəbərlər, Siyasət
Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir.

Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd etmiş, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür etmişdir. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulamışdır.

Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırmış, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd etmişdir.

Prezident İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulamış və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparmışlar.

Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi plüralizmin qorunması və təmin edilməsinin önəmini vurğulamışlar.

Entoni Blinken bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd etmişdir.

Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirmişdir.

Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd etmişdir ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır.
Bu xəbər oxucular tərəfindən 352 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed