Şrift:
“Erməni soyqırımı” iddiası tarix elmini saxtalaşdırmaq, onu təhrif etmək cəhdidir
29.04.2021 [10:09] - Xəbərlər, Sosial
ABŞ Prezidenti Co Baydenin 1915-ci il olaylarını “erməni soyqırımı” kimi xarakterizə etməsi haqlı olaraq Türkiyə və Azərbaycanda ciddi etiraz və narazılığa səbəb olub. Heç bir bəyanat yalanı həqiqətə döndərmək gücünə malik deyib.

Bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev deyib.

Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev bildirib ki, Osmanlı dövləti ərazisində məskunlaşan ermənilərə qarşı nəinki 1915-ci ildə, tarixin heç bir mərhələsində hər hansı soyqırımının törədilmədiyi tarixi bir reallıq, əksəriyyətə məlum olan aydın həqiqətdir. Lakin təəssüflər olsun ki, bəzi güclər erməni yalanını müdafiə etməklə Türkiyəyə təzyiq göstərməyə, onun artan nüfuzuna kölgə salmağa çalışır. Lakin onlar bilməlidirlər ki, heç bir bəyanat, heç bir qərar yalanı həqiqətə döndərə bilməz.

Mətbuat katibi vurğulayıb ki, Türkiyəni heç vaxt törətmədiyi soyqırımında ittiham edənlər unutmasınlar ki, istənilən yalanı müdafiə etmək, ona şərik olmaq, onun bir parçasına çevrilmək deməkdir. Belə iddia tarix elmini saxtalaşdırmaq, onu təhrif etmək, bəşəriyyəti öz həqiqi keçmişindən məhrum etmək cəhdidir. Halbuki tarix müqəddəs və dəyişilməzdir. Heç bir yalan, heç bir iddia, siyasi qərar və bəyanat onun müqəddəsliyinə xələl gətirə, yalanın həqiqət donunda zühurunu təmin edə bilməz.

“Bütöv bir xalqı heç vaxt etmədiyi bir cinayətdə ittiham etmək bütün əxlaq normaları ilə ziddiyyət təşkil edən mənəvi terror əməlidir. Öz yalanlarını həqiqət kimi sırımağa çalışan ermənilərlə yanaşı, onların yalanlarını müdafiə edənlərin də gec-tez tarix qarşısında cavab verəcəyi, rüsvay olacağı birmənalıdır”, - deyə Seymur Əliyev əlavə edib.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed