Şrift:
Vətən müharibəsində əldə etdiyimiz qələbə dövlət-xalq-ordu birliyinin parlaq nəticəsidir
30.04.2021 [11:03] - Xəbərlər, Siyasət
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Culfa rayon Xanəgah kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün nümunəvi dərs keçib.

Akademiyanın Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, “Vətən müharibəsində qələbəni təmin edən əsas amillər” mövzusunda keçilən dərsdə alim əvvəlcə ermənilərin əzəli torpaqlarımıza köçürülməsi, xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs edib. Qeyd edib ki, uzun illər fürsət axtaran düşmən ötən əsrin 90-cı illərinin əvvəllərində himayədarlarının fəal dəstəyindən, ölkəmizdə hökm sürən hakimiyyətsizlikdən istifadə edərək soydaşlarımızın ata-baba yurdu Qərbi Azərbaycan ərazisindən deportasiyasına nail olublar. Bununla kifayətlənməyən təcavüzkarlar tarixi Azərbaycan ərazilərini işğal edib, bir milyondan çox soydaşımızı qaçqın və köçkün vəziyyətinə salıblar.

Akademik 44 gün davam edən Vətən müharibəsinin uğurlu nəticələrini, şanlı Azərbaycan Ordusunun mükəmməl döyüş bacarığını məktəblilərin diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanın müzəffər Ordusu qısa zamanda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, 150-dən artıq kənd və qəsəbəni, onlarla strateji yüksəkliyi düşmən tapdağından azad etdi. Heç şübhəsiz, əldə edilən bu möhtəşəm qələbənin əsas rəhbəri Müzəffər Ali Baş Komandan, qələbəni qazanan isə rəşadətli Ordumuz idi. Müharibənin davam etdiyi günlərdə dövlətimizin başçısı hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, mərdlik və qətiyyətlilik nümunəsi göstərdi. İstifadə edilən düzgün və həlledici hərbi taktika düşmənin belini qırdı.

Cəsur Azərbaycan oğulları, döyüşdə misilsiz şücaət göstərən qazilərimiz və hərb meydanında qəhrəmancasına şəhadətə ucalan igidlərdən söz açan alim bildirib ki, tökülən qanlar yerdə qalmayıb, şəhidlərimizin qisası elə hərb meydanında alınıb. 44 günlük müharibə dövründə ordumuzun döyüş meydanında sərgilədiyi igidlik, dövlət başçısının cəsarətli çıxışları düşmən qüvvələrə qarşı tutarlı mübarizə olmaqla yanaşı, parlaq qələbəmizdə də həlledici rol oynadı.

Akademik İsmayıl Hacıyev dövlət, xalq və ordu birliyinin vacibliyi, xalqın milli birliyi, həmrəyliyindən söz açıb. Bildirib ki, qələbəmizi şərtləndirən amillərdən biri də xalqımızın nümayiş etdirdiyi milli birlik və siyasi həmrəylik olub. Əsgərlərimizin bu rəğbəti daim hiss etdiyini, döyüşən əsgər və zabitləri ruhlandırmaq üçün “Əsgərə məktub” aksiyasında məktəblilərin xüsusi fəallıq göstərdiyini qeyd edib.

Dərs zamanı məktəblilərdə milli vətənpərvərlik hissinin aşılanması ön planda olub, düşmənə nifrət, Vətənə məhəbbət təbliğ olunub. Alim vurğulayıb ki, bu günün şagirdi sabahın vətənpərvər gəncidir. Bunun üçün də gənc nəsil tariximizi yaxşı öyrənməli, erməni vandallarının xalqımıza qarşı törətdikləri qanlı cinayətləri unutmamalı və bu reallıqların unudulmaması üçün bütün güclərini səfərbər etməlidirlər. Çünki 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, qələbə yalnız döyüş meydanında deyil, informasiya meydanında da qazanılır.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed