Şrift:
Partiyaların mətbuat xidmətləri necə işləyir?
30.04.2021 [13:12] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
YAP-ın mətbuat xidmətinə yeni rəhbər təyin olunmayıb, digər partiyalarda isə...
Uzun illərdir YAP-ın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Hüseyn Paşayev tutduğu vəzifədən azad edilib. Paşayevin yerinə hələlik təyinat olmayıb.

Bununla bağlı verilən açıqlamada bildirilir ki, Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün Hüseyn Paşayev vəzifəsindən azad edilib. Lakin qeyd edək ki, Paşayev hələ bir neçə il öncə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdi. Ötən 5 ildə Hüseyn Paşayev MSK-nın üzvü olsa da, bu vəzifəsində də qalırdı. Amma bu dəfə MSK-dakı vəzifəsini saxlasa da, YAP-dakı vəzifəsindən azad edildi.

Hüseyn Paşayevin işindən uzaqlaşdırılmasının əsl səbəbi nədir? Ümumiyyətlə, partiyaların mətbuat xidmətləri necə işləməlidir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev isə ilk öncə hakim partiyanın mətbuat katibinin işdən çıxarılmasına münasibət bildirdi:

“Düşünürəm ki, YAP-ın mətbuat xidmətində baş verən dəyişiklik MSK-ya görə olub. Çünki Hüseyn Paşayev paralel olaraq, MSK-da da çalışırdı. Hər halda, hesab edirəm ki, gec də olsa düzgün qərar idi. Yəni MSK-da çalışanın tam tərəfsiz olması baxımdan bu qərar yerində oldu. Ümumilikdə partiyaların mətbuat xidmətlərinin işinə gəldikdə isə bu ayrı-ayrılıqda iş sayılır. Hər kəs bu işi özünün bildiyi formada qura bilir. Elə partiyalar var ki, onların kifayət qədər əlaqələri, həmçinin özünün mətbuat orqanları və yaxud mətbuat orqanları ilə müqavilələri var. Təbliğat işinin hansı formada qurulması əslində mətbuat katibinin çərçivəsini müəyyənləşdirir. Bizim partiyanın işlərinin görülməsində o qədər də xüsusi fərq yoxdur. Daha çox sosial şəbəkələrdə, mətbuatda aktivik. Çalışırıq ki, mətbuatla ciddi şəkildə əlaqələrimiz olsun. Biz heç nəyi gizlətmirik. Yəni partiya daxilində baş verən məsələləri daim işıqlandırmağa çalışırıq. Daha çox ölkədaxili məsələlərə, problemlərə münasibət bildirməyə, ictimai rəyin, elektoratımızın düzgün formalaşmasında iştirak etməyə çalışırıq. Bu çox mühüm məsələdir”.

Xalidə GƏRAY/“Yeni Müsavat”


Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed