Şrift:
“Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırımı” siyasətinə qarşı mübarizə” kitabı işıq üzü görüb
10.05.2021 [13:43] - Xəbərlər, Sosial
Dini Qurumlarla İş üzrə Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə tədqiqatçı, jurnalist-tarixçi Seymur Əliyevin “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırımı” siyasətinə qarşı mübarizə” kitabı çap edilib.

Fonddan bildiriblər ki, kitabda Ulu Öndərin istər sovet dönəmi, istərsə də müstəqillik illərində Ermənistanın ekoloji terror siyasətinə qarşı apardığı mübarizə əksini tapıb.

Bildirilib ki, Ermənistanın, sadəcə, Azərbaycana deyil, ümumilikdə region dövlətlərinə qarşı həyata keçirdiyi ekoloji cinayətlərin ifşası baxımından mühüm əhəmiyyət kəsb edən kitabda Heydər Əliyevin bu cinayətlərin qarşısını almaq, beynəlxalq təşkilatların, aparıcı dövlətlərin, dünya ictimaiyyətinin diqqətini bu təhlükənin miqyas və mahiyyətinə cəlb etmək istiqamətində atdığı addımlara diqqət çəkilir.

Nəşrdə Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi ekoloji terror, mahiyyət etibarilə bütün bəşəriyyətə, onun təhlükəsizliyinə qəsd kimi xarakterizə olunub.

Kitabda 44 günlük Vətən müharibəsi və bu müharibə zamanı Ermənistanın həyata keçirdiyi ekoloji cinayətlərə, Prezident İlham Əliyevin bu cinayətləri beynəlxalq media müstəvisində uğurla ifşa etməsinə də xüsusi diqqət yetirilib.

Qeyd edək ki, “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırımı” siyasətinə qarşı mübarizə” kitabı bu mövzuda ərsəyə gətirilən ilk kitabdır və ermənilərin ekoloji müstəvidəki cinayətlərinin ifşası, Ulu Öndərin bu cinayətlərə qarşı mübarizədə sərgilədiyi tarixi fədakarlığın daha geniş aspektlərdən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed