Şrift:
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
15.05.2021 [13:16] - Xəbərlər, Hərb
Mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi and içdikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını çatdırıb.

Çıxışda gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyi vurğulanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq Qələbəsi ilə başa çatdığı, işğaldan azad edilmiş dövlət sərhədlərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə edilərək onlara müvəffəqiyyətlər arzulanıb.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 2032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed