Şrift:
Filippin Prezidenti ölkə vətəndaşlarına koronavirusa qarşı peyvənd seçimini qadağan edib
18.05.2021 [11:22] - Gündəm, Sağlıq
Filippin Prezidenti Rodriqo Duterte ölkə vətəndaşlarına koronavirusa qarşı peyvənd seçimini qadağan edib.

Bu barədə o, mayın 18-də “PTV” telekanalı ilə birbaşa yayımlanan müraciəti zamanı bəyan edib. Dövlət başçısı bildirib ki, yerli tənzimləyici tərəfindən bəyənilən peyvənd növlərinin hamısı səmərəlidir.

“Heç bir diskriminasiyaya yol verilməyəcək. Bütün peyvəndlər eyni olduğuna görə, siz seçim edə bilməzsiniz”, - deyə R.Duterte vurğulayıb.

Filippin Prezidenti qeyd edib ki, imkanlı şəxslərin çoxu ABŞ istehsalı olan “Pfizer” və “Moderna” peyvəndlərini gözləyir.

“Lakin kimin milyonçu və ya istənilən bir şəxs olmasından asılı olmayaraq, siz seçim edə bilməzsiniz. Mən bu və ya digər peyvəndin seçilməsinə yol verməyəcəyəm. Kimin hansı rayonda yaşamasından asılı olmayaraq, hamı eynidir. Seçim olmayacaq”, - deyə Prezident bildirib.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Filippində koronavirusa yoluxanların sayı 1,4 milyon nəfəri ötüb. Onlardan 19200-nün həyatını itirdiyi bildirilir.

Filippinin hakimiyyət orqanları ABŞ-ın “Moderna”, “Pfizer”, “Janssen”, Britaniya-İsveç birgə müəssisinin “AstraZeneca”, Hindistanın “Bharat Biotech” və Rusiyanın “Sputnik V” peyvəndlərini istifadə üçün bəyənib.

Həmçinin martın 1-dən ölkənin tibb işçilərinə Çinin “CoronaVac” peyvəndinin vurulmasına başlanılıb.
Bu xəbər oxucular tərəfindən 1778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed