Şrift:
Umayra Tağıyeva: Fəxr edirik ki, ekologiya işçiləri də işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak edirlər
24.05.2021 [10:09] - Xəbərlər, Sosial
2001-ci il mayın 23-də, düz 20 il öncə ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. O illəri yada salaq. Ölkəmizin müstəqilliyinin ilk illəri, çoxsaylı daxili və xarici problemlər, müstəqilliyimizə olan təhlükələr, iqtisadi çətinliklər... Açıq deyək, gənc dövlətin mövcudluğunun belə mürəkkəb dönəmində ekologiyanın önəmli olması kimin fikrinə gələ bilərdi? Yalnız Ümummilli Liderin parlaq zəkası ölkə üçün çətin bir dövrdə vətənimizin gələcəyinə uzaqgörənliklə nəzər yetirmək imkanı verdi. O, ekologiyanın həyatımızdakı böyük əhəmiyyətini görürdü. Bu da ixtisaslaşdırılmış bir nazirliyin yaradılmasına səbəb oldu. Bu gün bütün dünya bəşəriyyətin inkişafı və taleyinin birbaşa asılı olduğu ekoloji problemlərin həllinə böyük əhəmiyyət verdiyi zaman, biz ümummilli liderimizin dahi şəxsiyyətinə bir daha heyran qalırıq. Hazırda ekoloji problemlərin uğurlu həllinin şahidləriyik. Ekologiya məsələlərinə olan diqqətin ən bariz nümunəsi Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə 23 may tarixinin ekoloqların peşə günü kimi təsis edilməsidir.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib.

Xidmət rəhbərinin sözlərinə görə, Azərbaycan planetimizin ekoloji sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş bütün beynəlxalq sazişlərin və tədbirlərin fəal iştirakçılarından biridir: “Bildiyiniz kimi yaşıl örtüyü Yer kürəsinin "ciyərləri" adlandırırlar. Hava çirklənməsinə qarşı mübarizə yollarından biri də yaşıllıq sahələrinin artırılmasıdır. Azərbaycanda hər il yüz minlərlə ağac əkilir. Bu hərəkatda Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz istiqamətverici rolu danılmazdır. Müxtəlif müəssisələrdə müasir hava təmizləyici qurğuların tətbiqi artıq öz müsbət nəticəsini verməkdədir. Bunu həm paytaxtda, həm də bölgələrdə şəhərlərin müxtəlif ərazilərində dövlət investisiyaları hesabına quraşdırılmış avtomatik monitorinq stansiyalarının məlumatları təsdiqləyir. Respublikanın su ehtiyatlarının vəziyyəti, biomüxtəliflik, geoloji kəşfiyyat sahəsindəki fəaliyyətlər, milli parkların inkişafı və bir çox sahələr ekoloji siyasətin prioritetlərindəndir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ölkə gənclərinin ekoloji hərəkatının təşəbbüskarı və təşkilatçısı olması simvolikdir və çox gənclərə bir örnəkdir”.

Xidmət rəhbəri əlavə edib: “Bu gün biz Böyük Qələbənin şahidiyik. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq reallaşdırılması nəzərdə tutulan Milli Prioritetlərdən biri "təmiz ətraf mühit və yaşıl artım ölkəsi"dir. Həmin prioritetdə qeyd olunub ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" Milli Prioritetində isə əvvəlki dövrlərdə olduğu kimi, həmin torpaqlara qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, bu regionun ölkənin ən abad guşələrindən birinə çevrilməsi nəzərdə tutulub. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. Fəxr edirik ki, ekologiya işçiləri də işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından və fəal iştirak edirlər”.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed