Şrift:
Özbəkistan portalında 28 May - Respublika Günü ilə bağlı material yerləşdirilib
28.05.2021 [10:49] - Xəbərlər, Siyasət
Özbəkistanın “interpress.uz” portalında Azərbaycanın milli bayramı - 28 May-Respublika Günü ilə bağlı özbək dilində material yerləşdirilib.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında danışılır, Cümhuriyyətin xalqımızın taleyində önəmli yer tutduğu vurğulanır. Bildirilir ki, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Xalq Cümhuriyyəti yaradılıb, cəmi 23 ay yaşamasına baxmayaraq, böyük işlər görüb. Təəssüf ki, çox keçmədən Cümhuriyyət xarici təcavüzə məruz qalıb və Azərbaycan dövlət müstəqilliyini itirib.

Qeyd olunur ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa edib.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın inkişafı, müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdandan sonra ölkə müstəqilliyinin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub, bütün sahələrdə islahatlara başlanıb.

Bildirilir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir. Müstəqillik illərinin bəhrəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr uğurla fəaliyyət göstərir.

Yazıda 44 günlük Vətən müharibəsi və Azərbaycanın Qələbəsi haqqında da məlumat verilir.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed