Şrift:
Serbiyanın nüfuzlu internet xəbər portalı 28 May – Respublika Gününə həsr olunmuş məqalə dərc edib
28.05.2021 [10:56] - Gündəm, Sosial
Serbiyanın ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayan, nüfuzlu “Danas” portalında “Azərbaycan 28 May – Respublika Gününü qeyd edir” başlıqlı məqalə dərc olunub.

Məqalədə bildirilir ki, 28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr idi.

İmperiyanın çöküşündən sonra üzə çıxan ağır daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti səmərəli dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq oldu. Universal seçki hüququ, eləcə də qadınların səsvermə hüququ təmin edildi.

Məqalədə, həmçinin bildirilir hökumət cavabdehlik və səlahiyyətlərin bölgüsü əsasında formalaşdı və Azərbaycan parlamenti ilk növbədə bütün müsəlman şərqində demokratik yolla seçilmiş, çoxpartiyalı və təmsilçiliyin təmin olunduğu qanunverici orqan idi. İki illik fəaliyyəti dövründə cümhuriyyət beş icraedici kabinet tərəfindən idarə olunub, parlament 155 iclas keçirib və 240-da çox qanun layihəsini müzakirə edib. Dövlət quruculuğu prosesinin digər zəruri sütunu parlament və nazirlər kabinetinin səlahiyyətlərini yoxlayacaq müasir məhkəmə sistemi yaradaraq Apelyasiya Palatasının təsis edilməsi oldu.

Yeni formalaşmış cümhuriyyət təhsilə xüsusi diqqət göstərərək Bakı Dövlət Universitetinin əsasını qoydu. Cümhuriyyətin üzləşdiyi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, yüzlərlə gəncə Avropanın qabaqcıl universitetlərində təhsil almaq üçün təqaüdlər verməklə uzunmüddətli insan kapitalına sərmayə qoyuluşuna çalışdı. Azərbaycan dili rəsmi dövlət dili elan edildi, milli üçrəngli bayraq və himn qəbul edildi, müasir teatr və opera təsis edildi. Azərbaycanın poçt markaları çap edildi və milli Azərbaycan valyutası - Manat dövriyyəyə buraxıldı.

İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi, bütün millətlərlə, xüsusilə qonşu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildi.

Diplomatik müstəvidə əsas irəliləyiş Azərbaycan parlamentinin nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq məqsədilə Parisə səfər etməsi ilə əldə edildi. Paris Sülh Konfransındakı nümayəndə heyətinin üzvləri azadlıq, hüquq və ədalət ideyalarına sadiqlikləri ilə xarici nümayəndələri heyrətləndirdilər. Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olundu və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət aldı.

Tanınma məsələsi həll olunduqdan sonra hökumətin diqqəti səriştəli diplomatik korpus quruculuğuna doğru yönəldi.

1919-cu ildə Azərbaycan diplomatiyası ilk addımlar atanda, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna daxil olmaqla16 dövlətin Bakıda diplomatik missiyası fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri və baş konsulluqları Türkiyə, İran, Gürcüstan, Ukrayna, Ermənistan və digər ölkələrdə təsis edilmişdi.

1920-ci ilin aprelində bolşeviklərin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və iqtisadi-sosial problemlər 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yürütdüyü siyasət dərin tarixi və mədəni yaddaşı oyatmaqla, eləcə də müstəqilliyin və dövlətçiliyin qorunub saxlanılması və gücləndirilməsi üçün möhkəm əminlik aşılamaqla milli kimlik hissini inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini yüksək qiymətləndirən Azərbaycan xalqı bu il öz müstəqilliyinin 103-cü ildönümünü Qarabağa böyük dönüşlə fəxr və xüsusi bayram əhval- ruhiyyəsi ilə qeyd edir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik şəkildə inkişaf edir. Dövlətimizin başçısının uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar, eləcə də fəal xarici siyasət sayəsində Azərbaycan Respublikası bu gün bölgənin lider ölkəsinə çevrilib.
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed