Şrift:
Azərbaycana qərəz, aqressora dəstək: “Həmsədrlər ermənilərə təxribatçı davranışlar üçün stimul verirlər” – Partiya sədri
31.05.2021 [11:27] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyevin ötən gün Ağdam səfəri zamanı səsləndirdiyi fikirlər dünyaya, o cümlədən aqressor dövlətlərə, eləcə də daxili ictimaiyyətə ünvanlanmış vacib mesajlar idi.

Prezident yenidən Qarabağ məsələsinə toxunaraq zamanında münaqişəsinin həlli ilə bağlı vasitəçilik funksiyası yerinə yetirən ATƏT-in Minsk qrupunun Ermənistana qarşı dəstəkçi mövqeyinin prosesləri bu nöqtəyə gətirdiyinə işarə verdi.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdı:

“Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Ölkəmizin vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır”, - deyə Prezident çıxışında belə deyib.

Bu gün də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin mövcud prosesə ikili standartlardan yanaşdığı görünür. Xüsusilə də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı gedən proseslərdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş olunur. İşğalçı Ermənistan isə bu və ya digər formada müdafiə olunur ki, əslində bu amilin özü də zamanında vasitəçi missiyası göstərən dövlətlərin əsl mahiyyətini göstərir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Prezidentin çağırışının içərisində bir neçə vacib məqam var:

“Artıq münaqişə bitib, artıq kiminsə bura arxa baxçadan gəlmək istəklərinin qarşısı alınıb. Biz hərbi yolla məsələni həll etmişik, düzdür, istəyirdik ki, dinc yolla olsun, bunun üçün aqressorlara zaman tanımışdıq. 30 il müddətində bu məsələni vasitəçilər həll edə bilmədi, özümüm torpaqlarımızı beynəlxalq konvensiyalara, Azərbaycan Konstitusiyasına uyğun olaraq həll etdik. ATƏT-in Minsk qrupunda olan dövlətlər əgər yenidən desə ki, bu münaqişə həll olunmayıb, bizə ehtiyac var, artıq bu mümkün deyil. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı burunlarını prosesə soxurlar. Heç kim sərhədlərin delimitasiyası ilə bağlı ATƏT-in Minsk qrupuna mandat verməyib. O vaxt mövcud olan münaqişə ilə bağlı onlara mandat verilmişdi, bu da uğursuz oldu”.

Partiya sədri əlavə edib ki, ATƏT-in Minsk qrupu Azərbaycanla bağlı iradlara səbəb olan müxtəlif çağırışlar edilər:

“Amma heç vaxt Ermənistana işğal etdiyi torpaqları tərk etməklə bağlı çağırış edən olmadı, indi də yoxdur. Bu gün Azərbaycan raziləri, Minsk Qrupunun həmsədr dövlətlərinin də tanıdığı, BMT-nin 4 qətnaməsində göstərilən, Azərbaycan BMT-yə daxil olan müəyyənləşən sərhədlərini tanıyan dövlətlər bilirlər ki, Ermənistan ordusu Qazaxın 7 kəndində və Naxçıvanın Kərki kəndindədirlər.

Erməni əsilli Qarabağda yaşayan azərbaycanlılar Naxçıvanın Kərki və Qazaxın 7 kəndinin müqəddəratını həll edir? Təbii ki, yox, orada olan Ermənistan ordusudur.

Həmsədr dövlətlər isə onların oradan çıxması üçün heç bir çağırış etməyiblər. Amma Azərbaycan öz sərhədlərinin delimitasiyası ilə bağlı işlər görəndə bəyanat verirlər ki, ordu geri çəkilsin. Amma bu çağırış ermənilərə olmalıdır. Söhbət ondan gedir ki, bu gün də yenidən seleksiya siyasəti yürüdülürsə, Azərbaycana baxışlarda ədalətsiz mövqe varsa, rəsmi Bakı heç kimə fikir vermədən beynəlxalq konvensiyalara və daxili qanunlara əsaslanaraq öz işini görməlidir və görəcəkdir.

Heç kim bizim işimizə müdaxilə edə bilməz.

Bu, həm də dünya ictimaiyyətinə, müttəfiqlərinə, Azərbaycana ictimaiyyətinə ölkə prezidenti tərəfindən çağırışdır. Biz ayıq-sayıq olmalıyıq ki, hər an hər şey ola bilər. Əgər biz öz biləyimizin gücünə, “dərin dövlət” ağlına güvənərək torpaqlarımızı azad etmişiksə, bundan sonrakı proseslərdə də istənilən çətinliklərə hazır olmalıyıq”.

Fərəc Quliyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri əgər bölgədə sabitlik və davamlı sülh istəyirlərsə, Azərbaycanın sərhədlərinin delimitasiya və demarkasiyasına töhfə verməlidirlər:

“Çünki sərhədlər müəyyənləşməsi mövcud olan qeyri-müəyyənlik hər dəqiqə alovlanmaya səbəb ola bilər. Biz bunun olmaması üçün sərhədləri müəyyənləşdiririk, onlar isə mane olurlar. Bizdən ordunu geri çəkməyi tələb edirlər, özləri prosesə daxil olmaq istəyirlər. Sülh və sabitliyin təşfiq olunması, aqressor olmuş Ermənistanın cəzalandırılması əvəzinə ermənilərə təxribatçı davranışlar üçün stimul verirlər.

Bütün bunlar Prezident İlham Əliyevin çağırışında görünürdü. Hesab edirəm ki, Prezidentin milli iradəyə söykənərək, milli fikri ifadə edərək bəyan etdiyi fikirlər milli mövqeyimizdir və təbii olaraq dəstəkləməliyik”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed