Şrift:
Rumıniyanın “Ultima ora” qəzetində Azərbaycanın bu ölkədəki səfirinin növbəti müsahibəsi dərc edilib
01.06.2021 [10:13] - Xəbərlər, Siyasət
Rumıniyanın geniş oxucu kütləsinə malik “Ultima ora” (Son saat) qəzeti Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Nəcəfovdan müsahibə alıb. Müsahibədə səfir 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın iddialarına dair “Azərbaycan tərəfindən döyüşə cəlb olunmuş terrorçu və muzdlu hərbiçilər”lə bağlı sualı şərh edərkən bildirib ki, Ermənistan tərəfi hərbi və insanlıq əleyhinə açıq şəkildə törətdiyi cinayətləri və qanunsuz əməllərini ört-basdır etmək, bununla da beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə ölkəmizi bu tipli ittihamlarla günahlandırır və bu məqsədlə kütləvi şəkildə saxta xəbərlər yaymaqla qarayaxma kampaniyası aparır. Azərbaycan tərəfi bütün bu ittihamları qətiyyətlə rədd edir və dəfələrlə erməni təbliğat maşınından təsirlənmiş tərəfləri öz iddialarını dəstəkləyən dəlillər təqdim etməyə çağırıb, hansı ki, təəccüblü deyil ki, indiyə qədər bu əsassız iddiaları dəstəkləyən heç bir dəlil təqdim edilməyib. H.Nəcəfov, eyni zamanda, Ermənistan tərəfindən muzdlu döyüşçülərin və terrorçuların iştirakına dair Azərbaycan tərəfində kifayət qədər dəlillərin olduğunu, bu dəlillərin aidiyyəti üzrə təqdim edildiyini və Ermənistan tərəfinin bu istiqamətdə qanunsuz əməllərinin ifşa olunduğunu qeyd edib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfindən humanitar sahədə atılmış addımlardan bəhs edən H.Nəcəfov ölkəmizin hər zaman beynəlxalq humanitar hüquqa və insanlıq prinsiplərinə uyğun olaraq öhdəliklərinə əməl etməyə sadiq olduğunu bildirib. Bu xüsusda Üçtərəfli Bəyanatın və BHH-un müvafiq müddəalarına uyğun olaraq, Azərbaycanın münaqişə zamanı əsir götürülmüş erməni hərbçilərinin və digər məhbusların hüquqlarının təmin edilməsi ilə bağlı öhdəliklərinin ardıcıl olaraq yerinə yetirildiyi, erməni əsirləri haqqında məlumatların Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlı kontingentinə mütəmadi olaraq verildiyi, Azərbaycanda saxlandıqları müddətdə erməni hərbçilərə lazımi tibbi yardım göstərildiyi və digər hüquqların təmin edildiyi vurğulanıb, Azərbaycan tərəfindən döyüş əməliyyatları zamanı tutulan bütün şəxslərin geri qaytarıldığı qeyd edilib. Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqdan, o cümlədən hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsini təmin edən 8-ci bənd daxil olmaqla üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilmədiyi diqqətə çatdırılıb.

Həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılan 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupuna dair məsələyə toxunan diplomat, qrupun üzvlərinin 26 noyabr 2020-ci il tarixində, yəni Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatla əldə edilmiş atəşkəsin qüvvəyə minməsindən sonra diversiya-terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazilərinə göndərildiyi üçün, bu şəxslərin beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir hesab edilmədiyini və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunduqlarını bildirib. H.Nəcəfov qeyd edib ki, Ermənistan tərəfinin bu məqsədyönlü təxribatçı fəaliyyəti beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və üçtərəfli bəyanatın kobud şəkildə pozulması ilə yanaşı, açıq-aşkar surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasətin davamını nümayiş etdirir.

Müharibənin regiondakı mədəni irsə təsiri ilə bağlı sualı cavablandıran səfir, Ermənistanın həm 30 ildir işğal etdiyi ərazilərdə, həm də Ermənistanda Azərbaycanın mədəni irsini məhv etmək, qırmaq və mənimsəmək üçün sistemli siyasət yürütdüyünü qeyd edib. O vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə abidələr dağıdılmaqla, memarlıq xüsusiyyətləri dəyişdirilməklə və "arxeoloji" qazıntılar aparılmaqla ölkəmizə məxsus bütün mədəni irs saxtalaşdırılıb. Məscidlər və digər dini yerlər, qəbiristanlıqlar, arxeoloji sahələr, eləcə də muzeylər, kitabxanalar və digər mədəniyyət obyektləri tamamilə məhv edilib, Ermənistanın sistematik vandalizm aktları Azərbaycanın mədəni irsinə ciddi ziyan vurub. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdəki mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələr bərpa edilərək lazımi qaydada qorunub saxlanılacaq və istifadəyə veriləcəkdir.

Erməni mənşəli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və insan haqlarından istifadə etmələrinə dair əsassız şübhələr ilə bağlı suala şərh verən səfir, Ermənistan tərəfinin beynəlxalq ictimaiyyətə Azərbaycanın tarixi Qarabağ bölgəsində yaşayan ermənilərin mövcud təhlükə ilə üzləşdikləri və bu şəkildə Azərbaycanda yaşaya bilməyəcəkləri barədə yalnış fikir formalaşdırmağa çalışdığını diqqətə çatdırıb. Ermənistanın Azərbaycan ərazisində yaşayan etnik ermənilərin təhlükəsizliyi və rifahı ilə bağlı yalan iddialarının, Azərbaycanın etnik və dini qrupların əsrlər boyu harmoniya və qarşılıqlı hörmət mühitində yan-yana yaşadıqları çox millətli və çox konfessiyalı bir ölkə olması qarşısında əsassız olduğu vurğulanıb. Səfir bildirib ki, Azərbaycan, erməni mənşəli vətəndaşlarının bütün hüquq və azadlıqlarını təmin etməyə qərarlı olduğunu ən yüksək səviyyədə qətiyyətli şəkildə bəyan edib.

Son zamanlar Azərbaycan-Ermənistan sərhəddində ikinci tərəfin süni şəkildə yaratdığı gərginlik ilə bağlı fikirlərini bölüşən H.Nəcəfov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarıldıqdan sonra və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa edilməsi və sərhəd qoruma sisteminin qurulması posesinin həyata keçirildiyini bildirib. Bu xüsusda, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozanın Ermənistan olduğu və ölkəmizin yalnız sərhədlərini bərpa etdiyi vurğulanıb. Sərhədlərin müvəffəqiyyətlə demarkasiya və delimitasiyasının sülh və təhlükəsizlik üçün vacib olduğu bildirilib, eyni zamanda, qeyd edilib ki, bu proses ikitərəfli məsələdir və üçüncü ölkələr bu məsələyə müdaxilədən çəkinməlidirlər. Azərbaycanın suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa qətiyyətlə sadiq olduğunu deyən səfir, Ermənistan tərəfinin qeyri-adekvat reaksiya və təxribat xarakterli açıqlamalar verməsinin təəccüb doğurduğunu nəzərə çatdırıb.

Diplomat öz müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə başlanan yenidənqurma və bərpa işlərindən bəhs edib və bildirib ki, bu istiqamətdə qarşımızda duran ən böyük maneələrdən biri Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrinin təqdim etməməsindən ibarətdir ki, bunun özü də hərbi cinayətdir. Həyata keçirilən layihələr haqqında danışan səfir azad edilmiş ərazilərdəki bütün şəhərlərin baş planlarının hazırlandığını, ilk “ağıllı kənd” pilot layihəsinin Zəngilan rayonunda həyata keçiriləcəyini, Füzuli beynəlxalq hava limanının tikintisinın sürətlə davam etdiyini, həmçinin tezliklə Zəngilan və Laçın rayonlarında da yeni hava limanlarının inşasına başlanacağını diqqətə çatdırıb. Eyni zamanda, nəqliyyat və dəmir yolu infrastrukturu üzrə həyata keçirilən layihələrdən bəhs edərək, yaradılacaq infrastrukturun Zəngəzur dəhlizinə birləşdiriləcəyi qeyd edib.

H.Nəcəfov müsahibənin sonunda bildirib ki, dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla birlikdə sülh müqaviləsi üzərində işləməyə hazırdır. Sülh müqaviləsi hər iki ölkənin ərazi bütövlüyünün qarşılı olaraq tanınmasını şərtləndirir və biz buna hazırıq.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed