Şrift:
Yunanıstan və Albaniya KİV-ləri Azərbaycanın Xalq Cümhuriyyəti barədə geniş materiallar yayıblar
02.06.2021 [10:51] - Xəbərlər, Siyasət
28 May – Respublika Günü ilə əlaqədar Yunanıstanın geniş oxucu kütləsinə malik “cnn.gr”, “volospress.gr”, “thes.gr”, “teligrafimanews.gr”, “15minutes.gr”, “tokarfi.gr” və “enimerosi24.gr” xəbər portallarında, eyni zamanda Albaniyanın aparıcı internet xəbər səhifələrindən “albaniadailynews.al” və “argumentum.al”da “Azərbaycanda Respublika Gününün 103-cü ildönümü qeyd olunur” və “Azərbaycan Xalq Cümhuriyyəti: Müsəlman dünyasında ilk demokratik, parlamentli dünyəvi Respublika” sərlövhəli məqalələr dərc olunub.

Yazılarda Azərbaycanın müstəqillik tarixinə toxunularaq, 19-cu əsrin əvvəllərində Rusiya və İran tərəfindən bölünməsinə və dövlətçiliyindən məhrum olmasına baxmayaraq, 20-ci əsrin əvvəllərində yaranmış milli oyanış ruhu ilə azərbaycanlıların azadlıqları uğrunda mübarizə apardıqları və 1918-ci il mayın 28-də Milli Şuranın iclasında Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi qeyd olunub. Cümhuriyyətin Milli Konqresi tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsinin əsas müddəalarının, digər məsələlərlə yanaşı, millətlər, xüsusən qonşu dövlətlər ilə dostluq əlaqələri qurmağa, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq sərhədləri daxilində yaşayan bütün vətəndaşların siyasi hüquqlarının təmin olunmasını özündə ehtiva etdiyi vurğulanıb. Azərbaycan ərazisindəki bütün etnik qrupların inkişafı üçün geniş imkanlar yaradıldığı və eyni prinsiplərin bu gün də tətbiq edildiyi bildirilib. Məqalələrdə yeni formalaşan demokratiyanın demək olar ki, bütün sahələrdə çətinliklərlə üzləşdiyi və ölkəmizin öz əraziləri üzərində suverenliyini bərpa etmək və onu qorumaq məqsədilə Milli Ordusunun yaradıldığı diqqətə çatdırılıb.

Bununla yanaşı, köhnə məktəblərin təmiri və ya dəyişdirilməsi ilə təhsilə böyük diqqət yetirilirdiyi, eləcə də 1919-cu ildə Azərbaycan ərazisindəki ilk müasir universitet olan Bakı Dövlət Universitetinin yaradılmasının ölkənin təhsil sistemi üçün mühüm bir mərhələ olduğu qeyd olunub. Çətinliklərə və maliyyə çatışmazlıqlarına baxmayaraq, Azərbaycan tərəfindən 100 gəncin Almaniya, Fransa, İtaliya və İngiltərədəki müxtəlif təhsil müəssisələrinə təhsil almaq üçün göndərildiyi nəzərə çatdırılıb.

Məqalədə həmçinin, yeni yaranmış bu dövlətin dünyanın aparıcı ölkələri ilə diplomatik əlaqələrinin qurulduğu vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed