Şrift:
Avstriyanın əsas müxalifət partiyasına yeni sədr seçilib
08.06.2021 [10:03] - Gündəm, Siyasət
Avstriyanın sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) prezidiumu iyunun 7-də yeni sədr seçib.

Partiyadaxili çəkişmələr fonunda tutduğu vəzifədən istefa verən Norbert Hoferin yerinə partiyanın parlament fraksiyasının sədri, radikal qanadın əsas təmsilçisi Herbert Kikl yekdil qərarla yeni sədr seçilib. H.Kiklin bu vəzifəyə yekun təsdiqlənməsi iyunun 19-da keçiriləcək partiya qurultayında səsvermə əsasında baş tutacaq. H.Kikl mətbuat konfransında partiya qurultayında səsvermə hüquqlu nümayəndələrin onu dəstəkləyəcəyinə ümidvar odluğunu bildirib.

Qeyd edək ki, 2019-cu ilin may ayında Avstriya Azadlıq Partiyasının sədri Haynts-Kristian Ştraxe “İbiza qalmaqalı“na görə bütün vəzifələrdən istefa verdikdən və koalisiyalı hökumət dağıldıqdan sonra ölkə müxalifətində sağçı-radikal düşərgəni təmsil edən partiyanın rəhbərliyi iki fiqurun öhdəsinə düşmüşdü. Nisbətən mülayim siyasi xətti ilə seçilən Norbert Hofer sonradan partiya sədrliyini, daha çox radikallığı ilə tanınan Herbert Kikl isə parlament fraksiyasına sədrliyi öz üzərinə götürmüşdü. Son aylarda N.Hoferin koalisiyalı hökumətin yürütdüyü siyasətə qarşı yumşaq rəftarına dair iddialar onun rəqiblərinin H.Kiklin ətrafında sıx birləşməsi və N.Hoferin istefaya məcbur edilməsi ilə nəticələndi.

Partiya sədrliyindən ayrılan N.Hofer parlamentdə spikerin müavini vəzifəsində qalacağını və partiya daxilində vahid siyasi kursu qorumaq naminə yeni sədrə loyal münasibət göstərəcəyini ifadə edib.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed